Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3513/2025 26.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs Rafiq qızının, onun nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1977-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, Yataxana 5, Bakı küçəsi 41 ünvanında qeydiyyatda olan və ünvan 1yan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-1103/2010 saylı, xx.xx.2014-cü il tarixli 2(060)-1244/2014 saylı və xx.xx.2025-ci il tarixli 8(060)- 1117/2025 saylı icra sənədləri borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Belə ki, Son iki ayın aliment borclarını ödəsə də, əvvəlki borcları ödəməmiş, nəticədə xx.xx.2010-cu il tarixli, 2(060)-1103/2010 saylı icra sənədi üzrə 7560 manat, xx.xx.2014-cü il tarixli 2(060)-1244/2014 saylı icra sənədi üzrə isə 7920 manat borcu yaranmışdır. Qeyd edilən icra sənədləri əvvəllər onun icraatında olmamış, ona görə də tələbin könüllü icrası barədə bildirişin borcluya təqdim edilməsi barədə dəqiq məlumatı yoxdur və iş materiallarında bu barədə sənəd mövcud deyil. Tələbkar uzun müddət icra sənədi üzrə icra idarəsinə müraciət etməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onun hər hansı aliment borcu yoxdur. Belə ki, onlar iki-üç ay bundan öncəyə qədər bir evdə yaşamışlar və uşaqlarının maddi ehtiyaclarnı özü ödəmişdir. 2010-cu ildə ailələrində qısa müddət söz-söhbət olsa da, sonradan barışmışlar və birinci icra sənədi həmin vaxtdan yaranmışdır. 2014-cü ildə olan icra sənədi isə formal olmuş, onlar məcburi köçkün kimi bəzi imtiyazlardan istifadə etmələri üçün aliment məsələsi ilə bağlı məhkəməyə müraciət etmişlər, lakin faktiki bir evdə ailə kimi yaşamışlar. Hətta 2015-ci ildə tələbkarın adına yeni ev tikmiş, neçə illərdir həmin evdə yaşayırlar və həmin evi tələbkar onun qardaşının kreditinə görə ipoteka yüklü etirmişdir. Göstərilən halları nəzərə alaraq heç bir aliment borcu olmaması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Rafiq qızı bildirmişdir ki, borclu ilə 2010-cu ildə ayrılsalar da sonradan barışmışlar, lakin 2014-cü ildə yenidən ayrılmışlar. Həmin vaxtdan borclunun evi olmadığı üçün onlar bir evdə yaşamışlar, lakin uşaqların xərclərini özü çəkmişdir. Borclu uşaqların saxlanılmasında iştirak etməsə də, onlarla bir evdə olmuşdur. Uzun illər aliment barədə icra idarəsinə müraciət etməməsinin səbəbi borcun bir qədər yığılmasını gözləməsi ilə bağlı olmuşdur. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, tərəflər uzun illərdir bir evdə yaşayırlar, ona görə də tələbkar alimentin ödənilməsi ilə bağlı icra idarəsinə müraciət etməmişdir. Bundan əlavə aliment borcunun ödənilməsi ilə bağlı borclu heç vaxt icra idarəsinə dəvət edilməmiş və ona bu barədə xəbərdarlıq edilməmişdir. Hazırda aliment borcunun silinməsi tələbi ilə bağlı tərflərindən mediasiyaya müraciət edilmiş, müvafiq arayış alındıqdan sonra isə məhkəməyə müraciət edəcəklər. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Nümayəndə təmsil etdiyi şəxsin izahatına uyğun çıxış edərək aliment borcunun ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, uzun illərdir icra idarəsinin icraatında olan icra sənədləri üzrə icraata başlama barədə qərarın və tələbin könüllü icrası barədə bildirişin borcluya təqdim edilməsi barədə hər hansı sənəd məhkəməyə təqdim edilmiş materiallara əlavə edilməmiş və ya məhkəmə iclasında təqdim edilməmişdir. Həmçinin borclunun barəsində hər hansı məcburi icra tədbiri görülməmişdir. Bundan əlavə məhkəmə iclasında tərəflərin hər ikisi bildirmişdir ki, onlar uzun illərdir ki, bir evdə yaşayırlar. Borclu uşaqların saxlanılmasında iştirak etdiyini bildirsə də, tələbkar yalnız bir evdə yaşadıqlarını, borclunun uşaqların saxlanlmasında hər hansı iştirakının olmadığını bildirmişdir. Bundan əlavə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi ilkin mediasiya sessiyası üçün yazılmış ərizəni məhkəməyə təqdim edərək aliment borcunun silinməsi tələbi ilə bağlı məhkəməyə müraciət edəcələrini bildirmişdir. Göstərilən halları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırda məhkəməyə təqdim edilmiş sənədlərlə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3513/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3513/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver