Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3517/2025 26.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru X5, Tələbkar "xxxx"nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1976-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və kirayə evdə yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)- 11032/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq icra sənədini üzrsüz səbəbdən icra etməmiş və 15060 ABŞ dolları borcu var. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş böyük icra məmuru X8 izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-11032/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi 19 fevral 2016-cı ildə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir, borcluya hüquq və vəzifələri izah edilmişdir. 09 sentyabr 2016-cı ildə borclu İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Daha sonra xx.xx.2016-cı il tarixdə borclu barəsində axtarış elan olunmuşdur. O, xx.xx.2020-ci ildə İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. 2022-ci ildə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 2025-ci ilin yanvarında sözügedən icra sənədi onun icraatına daxil olmuş, borclu ilə əlaqə saxlanılmış və İcra İdarəsinə gəlməsi ilə bağlı ona məlumat verilmişdir. Lakin borclu İcra İdarəsinə gəlmədiyi üçün 2025-ci il iyul ayında barəsində axtarış qərarı qəbul edilərək icrası Sumqayıt ŞPİ-yə həvalə olunmuşdur. Borclu xx.xx.2025-ci ildə İcra İdarəsinə təhvil verilmiş, onun izahatı alınmışdır. Bu günkü tarixdə isə İcra İdarəsinə könüllü olaraq gəlmişdir. Borclu ümumi 15763 dollar borcundan indiyə qədər 670 dollar ödəmiş, hazırda ödənilməmiş 15060 dollar borcu var. Həmçinin, borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək İcra İdarəsinə gəlməkdən boyun qaçırdığına görə barəsində axtarış elan olunmuşdur. Borclu barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. Protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, iş üzrə özünü təqsirli bilir. Fəhlə işləyir və aylıq gəliri ***-**** manat arası dəyişir. Ailənin tək gəlir mənbəyidir və kirayə evdə yaşayır. İndiyədək borcundan 50- 60 manat olmaqla ödənişlər edib, lakin son 3 aydır ki, heç bir ödəniş edə bilmir. Hazırda da borcundan ödəniş edə bilmir. Lakin, ödənişləri həyata keçirəcəkdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra sənədinin qəbul olunduğu vaxdan 10 ildən çox keçməsinə baxmayaraq çox az miqdarda ödəniş etməsinin səbəbi maddi imkanının yaxşı olmamasıdır. Həmçinin, əvvəllər Karvan Ticarət Mərkəzində işləmiş, krediti həmin məqsədlə almış, ticarət mərkəzi yandığı üçün zərərə düşmüşdür. Həmçinin, həmin vaxt dolların məzənnəsinin artması onun işlərinə mənfi təsir göstərmişdir. Bundan başqa, o, icra məmurunun zənglərinə cavab vermişdir. Məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx"nın etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahatında göstərdi ki, borclu sonuncu dəfə 3 ay bundan əvvəl yox, may ayında ödəniş edib. 27 noyabr 2015-ci il tarixli icra sənədinin qəbul olunmasından 10 ildən çox vaxt keçməsinə baxmayaraq hələ də borclu tərəfindən icra olunmamışdır. Həmçinin, borclu barəsində 500 manat cərimə və 10 gün həbs olmaqla 2 dəfə inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Hazırda borclunun 15092 dollar və dövlət rüsumu hesablanmış 30 manat məbləğində borcu var. Protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-11032/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq icra sənədini üzrsüz səbəbdən icra etməmiş və 15060 dollar borcu var. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli (060)- 11032/2015 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 14001-1869/457568 saylı kredit müqaviləsi ləğv edilsin. Şəxs, X4 və X1, müştərək qaydada, 14.815 (on dörd min səkkiz yüz on beş) ABŞ dolları əsas kredit borcu, 909 (doqquz yüz doqquz) ABŞ dolları 97 sent faiz borcu, 38 (otuz səkkiz) ABŞ dolları 29 sent pensiya, cəmi 7763 (on beş min yeddi yüz altmış üç) ABŞ dolları 26 sent, ödəniləcək günə manat ilə məzənnəsi hesablanmaqla və 44 (qırx dörd) manat notarius xərci, dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti alınıb "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş materiallarında olan xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli (060)-11032/2015 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli məktubdan görünür ki, cavabdeh Şəxs və X4 icra sənədində göstərilən tələbi icra etməyi tələb olunmuşdur. İş materiallarında olan xx.xx.2016-cı il tarixli borclunun axtarılması haqqında qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2016-cı il tarixli izahatından görünür ki, bu gün borcundan ödəniş edə bilmir. Yaxın vaxtda borcundan ödənişlər edə bilər, bu ay isə 100 manat ödəyə bilər. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Şəxs xx.xx.2020-ci il tarixli izahatından görünür ki, bu günə qədər qətnamə üzrə heç bir ödəniş etməmişdir. Belə ki, o pulu götürəndə 78 faiz idi və ödəniş edirdi. Daha sonra dolların qiyməti qalxdığı üçün ödəyə bilmədi. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədi üzrə tələbi icra etməməyinin səbəbi pulunun olmamasıdır, bu günədək icra sənədi üzrə nə qədər ödəniş etdiyini bilmir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, məhkəmə qətnaməsinin qəbul edildiyi vaxtdan 10 ildən çox müddət keçməsinə baxmayaraq borclu tərəfindən çox az miqdarda ödəniş edilmiş, nəticədə kifayət qədər yüksək məbləğdə (15060 ABŞ dolları) məbləğində borc yığılmış, icra sənədinin vaxtında və tam icra edilməsi üçün hər hansı üzrlü səbəb müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən borclunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X6 məhkəmədə iştirak etdiyi 03 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3517/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3517/2025
26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver