Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3523/2025 29.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin böyük icra məmuru Elşad Cabbarovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, natamam ali təhsilli, usta işləyən, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Elşad Cabbarov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4917 saylı və Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-4495 saylı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2001/2014 saylı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3729/2014 saylı, 2(005)-1141 saylı icra sənədlərinə əsasən Şəxs 6993 manat borcu vardır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş böyük icra məmuru Elşad Cabbarov izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-4917/2025 saylı icra vərəqəsinə əsasən hər uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 200 manat, ümumilikdə 3 uşağa görə 600 manat borclu Şəxs tutularaq iddiaçı Hüseynova Тüşabə Akif qızına verilməlidir. Tələbkar İcra İdarəsinə ərizə ilə müraciət edərək aliment borcunun ödənilmədiyini bildirmişdir. Borclunun ödənilməmiş 3000 manat aliment borcu var. "xxxx" ASC-yə borclunun 4 icra sənədi üzrə, ümumilikdə 3993 manat borcu var. Borclu İcra İdarəsinə gəlmədiyi üçün barəsində axtarış qərarı qəbul edilmiş və icrası Sumqayıt ŞPİ-nə həvalə edilmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, borcluya sms bildirişlər göndərilmiş və telefon danışıqları həyata keçirilmişdir. Borclu sms bildirişlərin ona çatdığını bildirmişdir. Ümumi borcundan 3000 manatı aliment borcudur. Həmçinin, borclu icra məmurunun çağırışlarına gəlməmişdir. Borclunun "xxxx" ASC-yə 399.40 manat, 1952 manat, 634 manat, "xxxx" ASC-yə 500 dollar 93 sent olmaqla cəmi 3874 manat borcu var. Protokolun təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, iş üzrə özünü təqsirli bilmir, aylıq gəliri ***-**** manat arası dəyişir. İcra İdarəsinə gəlməməyinin səbəbi həyat yoldaşının, yəni tələbkarın onunla bir evdə yaşadığı halda aliment tələb etməsidir. Hər ay tələbkara nağd şəkildə kart vasitəsilə ödənişlər edir. Bundan başqa evin saxlanılması üçün zəruri xərcləri qarşılayır. Digər icra məmuru Orxan müəllim onun yanında tələbkara zəng etmiş və tələbkar ona ödənişlərin olduğunu bildirmişdir. O, uşaqlarına baxmaqdan boyun qaçırmır, himayəsində 6 övladı var, ailənin tək gəlir mənbəyidir. Övladlarının 2-si anası itirdiyi üçün hərəsi 390 manat olmaqla müavinət alırlar.Tələbkar hər ay ona rəsmi şəkildə 600 manat ödənilməsini istəyir, lakin qış ayları olduğu üçün işi zəifdir və həmin miqdarda ödəniş edə bilmir. Tələbkar məhkəməyə müraciət etdiyi vaxtdan bəri onun sonuncunun kart hesabına göndərdiyi pulların çıxarışlarını “Kapitalbank”-dan əldə edə bilər. İndiyə qədər tələbkara 400-500 manat ödənişlər edib. Bu ay cəmi 300 manat qazanc əldə edib. Məhkəmə iclasında iştirak etmədiyi üçün qətnamənin çıxmasından 1 ay sonra xəbəri olub. Övladları ilə birlikdə Sabunçu rayonunda yaşayır, tələbkarla rəsmi nikahdadır. Banka olan borcu ilə bağlı bildirmişdir ki, növbəti aydan hər ay 200 manat olmaqla ödəniş edəcəyinə söz verir. İndiyə qədər də aliment borcundan ödənişlər edib. Qeyd olunan halların nəzərə alınmasın məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, barəsində protokol tərtib olunmuş şəxsin himayəsində 6 övladı var. Tələbkarla bir yerdə yaşayırlar. O, borcundan ödənişlər edib və borcun ödənilməsində heç bir qərəzi yoxdur. İcra məmuru sadəcə sms bildirişlə kifayətlənib, borclunu icra sənədi üzrə tələbin icra olunması üçün məlumatlandırmamışdır. Məhkəmədən borclu barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4917saylı və Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-4495/2015 saylı, xx.xx.2015-ci il tarixli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2001/2014 saylı, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3729/2014 saylı, 2(005)-1141 saylı icra sənədlərinə əsasən Şəxs 6993 manat borcu vardır. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)- 4917/2025 saylı icra vərəqəsindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 25 yanvar 2019-cu il təvəllüdlü X1, 25 sentyabr 2020-ci il təvəllüdlü X3 və 22 aprel 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə minimum əmək haqqının 0,5 misli həddində sabit məbləğdə aliment cavabdeh Şəxs tutularaq iddiaçı X6 ödənilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-4917/2025 nömrəli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs ünvan 1 ünvanında yaşamadığı müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan X4 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, borclu Şəxs indiyədək heç bir aliment ödənişi etməyib. Borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş edir. İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-4495/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, 22 aprel 2013-cü il tarixli kredit müqaviləsi üzrə 311,15 manat məbləğində əsas, 38.22 manat məbləğində faiz, 20 manat məbləğində cərimə və ödənilmiş 30 manat dövlət rüsumunun Şəxs "xxxx" ASC-nin xeyrinə tutulsun. İş materiallarında olan xx.xx.2016-cı il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(007)-4495/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 2001/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkmə əmrindən görünür ki, borclu Şəxs 497,91 manat əsas borc, 137 manat faiz borcu, cəmi 634,91 (altı yüz otuz dörd manat doxsan bir qəpik) və ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Bakı şəhəri Atatürk prospekti 42 ünvanınında yerləşən "xxxx" ASC-nin xeyrinə tutulsun. İş materiallarında olan icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2001/2014 saylı, xx.xx.2014-cü il tarixli sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Şəxs mülkiyyətində olan VAZ 21074 MİNİK markalı, **-RV- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 3729/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs "xxxx" ASCnin xeyrinə 100,77 manat, faiz borcu 99,48 manat olmaqla cəmi 200,25 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutulsun. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 1141/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrindən görünür ki, Şəxs “X9” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 422.57 ABŞ dolları məbləğində əsas borc, 39,24 ABŞ dolları faiz borcu, 39,12 ABŞ dolları cərimə olmaqla 500,93 ABŞ dolları, (beş yüz dollar doxsan üç sent) məbləğində borcun ödəniş anında ödəniş yerinin məzənnəsi üzrə manatla miqdarı və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat tutulsun. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs Nizami rayon Məhkəməsinin 2(007)-4495/2015 saylı, xx.xx.2015-ci il tarixli, Nərimanov rayon Məhkəməsinin 2(005)-2001/14 saylı, xx.xx.2014-cü il tarixli, Nərimanov rayon Məhkəməsinin 2(005)-2002/2014 saylı, xx.xx.2014-cü il tarixli, Nərimanov rayon Məhkəməsinin 2(005)-3729/2014 saylı, xx.xx.2014-cü il tarixli, Nərimanov rayon Məhkəməsinin 2(005)-1141/2014 saylı, xx.xx.2014-cü il tarixli və Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4917/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, maddi imkanı olmadığı üçün ödəniş edə bilməyib. Lakin aliment borcundan nağd şəkildə və kart vasitəsilə təxmini 400 manat ödəniş etmişdir. Növbəti ildən yaranmış borcundan hər ay 200 manat ödəyəcəyinə söz verir Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması nəticəsində Şəxs banklara olan borcunu üzrsüz səbəbdən icra etməməsi, bununla da əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərini olması öz təsdiqini tapsa da, aliment borcu ilə bağlı təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı borclu izahatında tələbkar və uşaqları ilə birlikdə eyni evdə yaşadıqlarını, onların saxlanılması üçün zəruri xərcləri qarşıladığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında tələbkarın alimentin ödənilməsi ilə bağlı icra idarəsinə ünvanladığı ərizə olsa da, həmin ərizə şəxsin təqsirliliyini sübuta yetirmir. İcra məmuru məhkəməyədək araşdırma müddətində borclunun izahatını almaqla kifayətlənmiş, tələbkarın izahatını alaraq borcun məbləğini dəqiqləşdirməmiş, dərhal baxılması nəzərdə tutulan inzibati xəta haqqında işdə tələbkarın iştirakını təmin etməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, aliment tələbkara uşaqların saxlanılması üçün ödənilməli olan məbləğlərdən ibarətdir. Uşaqların borclu və tələbkarla bir evdə yaşaması uşaqların saxlanılması üçün zəruri olan xərclərin borclu tərəfindən qarşılanmaması məsələsində şübhələr doğurur. Mövcud araşdırmada mövcud olan şübhələr barəsində icraat aparılan şəxsin xeyrinə həll edilməlidir. Bununla da, Şəxs yalnız bank borclarına münasibətdə İXM-in 528.1-ci maddəsi ilə təqsirli hesab edilərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” AR qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən borclunun məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X5 məhkəmədə iştirak etdiyi 03 (üç) saat hüquqi yardıma görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-3523/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3523/2025
29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver