Məhkəmə qərarları › İş №3(060)-3526/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3526/2025

29.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3526/2025 29.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, himayəsində bir azyaşlı uşağı olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2620/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə 400636 manat borcu, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6129/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 35480 manat borcu, ümumilikdə 436.116 manat pulu qəzəli olaraq ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2620/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Şəxs 400000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 782 manat məbləğində pulun 636 manat hissəsi tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2025-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş və və tələbin könüllü icrası barədə bildiriş borclunun ünvanına göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6129/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs 40210 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş və və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2024-cü il tarixdə borcluya təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli qərarla hər iki icra sənədi bir icraatda birləşidirilmişdir. Borclu çağırışlara gəlmədiyi üçün xx.xx.2025-ci il tarixdə barəsində axtarış elan edilmişdir. Borclu Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6129/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 4730 manat ödəniş etmiş, digər icra sənədi üzrə isə hər hansı ödəniş olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6129/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə əvvəllər borclu ilə tələbkar arasında ayda 500 manat ödəmək barədə razılıq əldə olunmuşdur. Lakin, borclu həmin razılaşma üzrə vədə əməl etmədiyi üçün tələbkar şikayətlə onlara müraciət etmişdir. Həmin icrca sənədi üzrə hal-hazırda 35480 manat borc mövcuddur. Borclu Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)- 2620/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə ödəniş etməmiş və hər ay 200-250 manat civarında ödəniş edə biləcəyini bildirmişdir. Lakin, tələbkar həmin təkliflə razılaşmamışdır. Borclunun əmlakı və gəliri müəyyən edilməmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6129/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə qismən ödəniş etmiş və borcun hissə-hissə ödənilməsi barədə tələbkarla araalarında razılıq əldə edilmişdir. Digər icra sənədi üzrə isə tələbkar hissə-hissə ödənişə razı olmamış, o isə borc məbləğini bir dəfəyə ödəmək imkanı olmadığından hər hansı ödəniş edə bilməmişdir. Maddi imkanı zəif olduğu üçün hər ay 200-250 manat ödəniş edə bilər. O, borcun ödənilməsindən imtina etmir, hər ay ödəniş etməyə söz verir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 bildirmişdir ki, borclu qərəzli olaraq icra sənədinin icrasından yayınır. Borclu digər icra sənədi üzrə ödənişlər etmiş, lakin ona həe hanal ödəniş etməmişdir. Borclu hər dəfə yalan vədlər verir, ona görə də borcun tam ödənilməsini tələb edir. Borcun hissə-hissə ödənilməsinə razı deyil. O, borclu tərəfindən hər ay 200-250 manat ödəniş edilməsinə razı deyil. Göstərilən halları nəzərə alaraq borcun ödənilməsi üçün ciddi tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs icra sənədinin icrasından qərəzli yayınmır, maddi vəziyyətinə görə ödənişləri tam edə bilmir, hissə-hissə ödənişlər etmək istəyir. Borclu hamilədir və himayəsində azyaşlı uşağı var. Göstərilən halları nəzərə alaraq borclu barəsində inzibati cərimə tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2620/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 400000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 782 manat məbləğində pulun 636 manat hissəsi tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2620/2024 saylı, xx.xx.2025ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6129/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs 40210 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6129/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6129/2023 saylı, xx.xx.2023cü il tarixli icra sənədini 10 gün müddətində könüllü icra etməsi borclu Şəxs təklif edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2620/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədini 10 gün müddətində könüllü icra etməsi borclu Şəxs təklif edilmiş və bildiriş borcluya həmin tarixdə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışa əsasən Şəxs xx.xx.2016-cı il təvəllüdlü uşağı var. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Şəxs 10-11 həftəlik hamilədir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə Şəxs 400000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 782 manat məbləğində pulun 636 manat hissəsi tutularaq iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2025-ci ildə icraata başlama barədə qərar qəbul edilmiş və və tələbin könüllü icrası barədə bildiriş borclunun ünvanına göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6129/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Şəxs 40210 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2024-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş və və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2024-cü il tarixdə borcluya təqdim edilmişdir. xx.xx.2025-ci il tarixli qərarla hər iki icra sənədi bir icraatda birləşidirilmişdir. Borclu çağırışlara gəlmədiyi üçün xx.xx.2025-ci il tarixdə barəsində axtarış elan edilmişdir. Borclu Sumqayıt şəhər Məhkəməsinin 2(060)-6129/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə 4730 manat ödəniş etmiş, 35580 manat borc isə ödənilməmişdir. Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2024 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə isə hər hansı ödəniş ödəniş etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri tam etməməsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələbinin yerinə yetirilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını və hamilə olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə törədilmiş xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən hal kimi onun hamilə olmasını, həmçinin himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını, məsuliyyətini ağırlaşdıran halların isə olmamasını, qeyd edilən halların inzibati həbs tətbiq edilməsini istisna etməsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar