Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3529/2025 08.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32922758 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32922758 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, barəsində qəbul edilmiş qərarla razı deyil. Belə ki, o parklanma yerindən çıxan avtomobilə yol verib saniyələr içərisində park yerinə daxil olmuşdur. Bu proses isə çox qısa zaman almış və bu müddət ərzində avtomobili tərk etməmişdir. Bu hal dayanma və durma kimi qiymətlədirilə bilməz, onun park yerinə daxil olması ilə bağlı manevrin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında iştirak edən X3 şikayətinin maiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ32922758 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ32922758 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından və ona əlavə edilmiş foto şəkillərdən görünür ki, həmin tarixdə saat 13:22-də “Hyudai İoniq5” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Sumqayıt şəhəri, Nərimanov küçəsi ərazisində yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə sürücü X3 Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərara əlavə edilmiş foto şəkillərdən görünür ki, “Hyudai İoniq5” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ərazidə olan yolun kənrarında avtomobillər üçün nəzərdə tutulmuş park yeri mövcuddur, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobil bilavasitə park yerinin qarşısında geriyə hərəkət fənəri yanmış vəziyyətdə gözləmiş, həmin avtomobilin qarşısında parklanma yerindən çıxmaqda olan digər nəqliyyat vasitəsi mövcuddur, həmçinin hər iki avtomobilin isə arasında olan park yeri nəzarətçisi avtomobillərə hərəkətlə bağlı müvafiq göstəriş verir. Əlavə edilmiş 02 ədəd fotoşəkillərdən həmçinin görünür ki, fotoşəkillər eyni anda çəkilmişdir. Yuxarıda göstərilən hallar münasibətdə məhkəmə qeyd edir ki, avtomobillərin parklanması üçün nəzərdə tutulmuş sahənin bilavasitə qarşısında geriyə hərəkət fənərini yandıraraq sürücünün sükan arxasında olduğu, həmin vaxt qarşıda olan nəqliyyat vasitəsinin park yerindən çıxması və park yeri nəzarətçisinin sürücülərə hərəkət və parklama ilə bağlı göstərişlər verməsi, bu müddət ərzində (bir neçə saniyə) nəqliyyat vasitəsinin fotoşəkilinin çəkilməsi sonuncu nəqliyyat vasitəsinin dayanma və durma qaydalarını pozması qənaətinə gəlinməsi üçün kifayət etmir. Belə ki, həmin nəqliyyat vasitəsi bu qısa müddət ərzində qarşıda park yerini tərk edən nəqliyat vasitəsinin yerində park etməsi üçün onu gözləmək məcburiyyətində qalmışdır. Bu qısa müddət kəsiyindən sonra, yəni digər nəqliyyat vasitəsi park yerindən çıxdıqdan sonra da “Hyudai İoniq5” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin yerdə dananmış vəziyyətdə gözləməsi barədə elektron qəbul edilmiş qərara hər hansı sübutlar, digər fotoşəkillər əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, “Hyudai İoniq5” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin parklama üçün park yerindən çıxan digər nəqliyyat vasitəsini zəruri olan qısa müddət ərzində gözləməsi yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və ya durma kimi qiymətləndirilməsi qanuni və əsaslı olmamışdır. Belə ki, həmin nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirildiyi müddət ərzində qarşıda park yerindən çıxan digər nəqliyyat vasitəsi olmuş, avtomobil hərəkət etdikdə onunla toqquşma halı ola bilərdi, həmçinin park yerində nizamlama hərəkətlərini yerinə yetirən şəxs avtomobilin müvəqqəti hərəkətsiz vəziyyətə gətirilməsi barədə göstərişlər vermişdir. “Hyudai İoniq5” minik markalı **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün, yaxud uzunmüddətli hərəkətsiz vəziyyətə gətirilməsi halı da müəyyən edilməmişdir. Qeyd edilən hallar elektron inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto şəkillərdə də bir daha təsdiq edilmişdir. Göstərilən səbəbdən də məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ32922758 saylı elektron inzibati tənbeh vermə haqqında qərar üzrə sürücü X2 hərəkətlərində inzibati xəta tərkibi mövcud olmamışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 29-cu bəndinə əsasən nəqliyyat vasitəsinin dayanması – adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzindən nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir. Həmin Qanunun 1-ci maddəsinin 31-ci bəndinə əsasən nəqliyyat vasitəsinin durması – əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanının qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir. Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsinə yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ32922758 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ32922758 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X2 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3529/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3529/2025
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver