Məhkəmə qərarları › İş №3(060)-353/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-353/2024

05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-353/2024 05.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi “Şimal” Vəkil Bürosunun vəkili X8, zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X5 iştirakları ilə, xx.xx.1991-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6363 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X7 olan 13135 manat aliment borcunu üzrsüz səbəbdən ödəmir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2024-cü ildə məhkəməyə daxil olmuşdur. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X6 məhkəmə iclasında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs aliment borcundan cəmi 65 manat ödəniş edib. Aliment borcunu üzrsüz səbəbdən ödəmir. Qeyd edilənlərə əsasən icra məmuru Şəxs barəsində qanunvericiliyin tələbinə uyğun inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, hal-hazırda restoranda işləyir. Maddi imkanı aşağı olduğu üçün aliment öhdəliyini yerinə yetirə bilməmişdir. Özünü təqsirli bilir. Əməlindən peşmandır. Şəxs qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs (icra sənədi üzrə tələbkar) X9 məhkəmə iclasında bildirdi ki, uşaqlarını təqaüdlə saxlayır. Borclunun gücü çatan qədər aliment ödəməsinə razılaşmışdır. Lakin o, heç bir ödəniş etmir. Qeyd edilənlərə əsasən zərərçəkmiş şəxs Şəxs barəsində qanunvericiliyin tələbinə uyğun inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. X1 inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsidə yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6363 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Şəxs 03 iyul 2019-cu il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X7 verilməlidir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən icra sənədində göstərilən borcun 10 gün müddətində könüllü icra edilməsi üçün borcluya bildiriş göndərilsə də, ötən müddət ərzində icra sənədi üzrə borclu tərəfindən icra sənədində göstərilən borcun ödənilməsi təmin olunmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 8(060)-89/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən Şəxs Vladimirovi Sumqayıt şəhəri üzrə İcra İdarəəsinə məcburi gətirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, borcun ödənilməsindən boyun qaçırmaq məqsədi ilə müxtəlif üsullardan istifadə etməklə yayınmağa çalışmış, icra sənədi üzrə aliment borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Belə ki, borclu bu günə qədər yaranmış borcundan heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qida, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq heç bir ödəniş etmədiyini, icra sənədinə əsasən borcunun yaranması, icra sənədini icra etməkdən boyun qaçırmasını, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun yüksək məbləğdə aliment borcunun olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İXM-də göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir (66.2). Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz (66.3). “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Vəkil X11 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar