Məhkəmə qərarları › İş №3(060)-3537/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3537/2025

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3537/2025 27.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32596281 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32596281 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində daxil olmuş SMS-lərə əsasən idarə etdiyi “Skoda Kamiq” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair EQ32596281 saylı qərarın sistemə yerləşdirildiyi məlum olmuşdur. Həmin qərara əsasən xx.xx.2025-ci il tarixində saat 16:15-də İXM-in 328.2-ci maddəsinin tələblərinin pozulması göstərilməklə barəsində 50 manat cərimə tətbiq edilmişdir. SMSdən aydın görünür ki, hadisə xx.xx.2025-ci il tarixində saat 16:15-də qeydə alınsa da, hadisə barədə qərar xx.xx.2025-ci il tarixində yəni qanunda nəzərdə tutulan bir günlük müddət kobud surətdə pozulmaqla verilməklə elektron kabinetə yerləşdirilmişdir ki, bu da qanunsuz və əsassızdır. Belə ki, hadisə elektron vasitə ilə qeydə alındıqdan sonra 1 (bir) gün ərzində qərar verilməli və həmin gün elektron kabinetə yerləşdirilməli olduğu halda qərar 13 gün sonra verilməklə onun qanunla qorunan hüquqları kobud surətdə pozulmuşdur. Qeyd edir ki, qərarın surəti ona rəsmi qaydada verilməmiş, yalnız elektron sistem vasitəsi ilə online məlumat verilmişdir. Əlavə olunmuş elektron sistemdən çıxarışa əsasən qərardan aydın görünür ki, qərar hadisə qeydə alındığı tarixdən qanunda nəzərədə tutulan bir gün müddətdən uzun vaxt sonra verilməklə elektron kabinetə yerləşdirilmişdir ki, bu da qanunsuzdur və onun məsuliyyətdən tam azad olunmağı üçün əsasdır. Qanunvericilikdə bu müddət istisnasız və birbaşa şəkildə müəyyən edilib və inzibati məsuliyyətin tətbiqi üçün əsas şərtdir. Məhkəmədən EQ32596281 saylı xx.xx.2025-ci il tarixli qərarın ləğv edilərək inzibati məsuliyyətdən azad edilməyinə dair qərar qəbul edilməsini xahiş edir. xx.xx.2026-cı il və xx.xx.2026-cı il tarixli məhkəmə iclaslarında iştirak edən X2 şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş orqan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qərar qəbul etmiş orqan Azərbaycan Respublikası DİN-nin BDYPİnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32596281 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32596281 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 xx.xx.2025-ci ildə saat 16:15 radələrində “Scoda Kamiq” minik markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilmişdir. Müəyyən edilmişdir ki, inzibati xəta hadisəsi xx.xx.2025-ci il tarixində qeydə alınmasına baxmayaraq elektron qərar 13 gün sonra, yəni xx.xx.2025-ci il tarixində qəbul olunmuşdur. Məhkəmə araşdırması zamanı nəqliyyat vasitəsinin hüquqi şəxs tərəfindən verilən etibarnamə əsasında sürücünün istifadəsinə verilməsi ehtimalı nəzərə alınaraq “Scoda Kamiq” minik markalı 77PC194 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi, həmin nəqliyyat vasitəsi ilə bağlı hansı şəxsə (şəxslərə) etibarnamə verilməsi, xəta qeydə alınan zaman həmin nəqliyyat vasitəsinin kimin idarəçiliyində olması barədə həmin vaxt DİN Baş Dövlət Yol Polisi İdarəsində məlumatın olub-olmaması, həmçinin EQ32596281 nörməli inzibati tənbeh tətbiq etmə barədə qərarın inzibati xəta hadisəsindən bir neçə gün sonra qəbul edilməsinin səbəbləri barədə məhkəməyə məlumat verilməsi, ona əlavə edilmiş foto və ya video əlavələrin məhkəməyə təqdim edilməsi barədə Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilməsinə və buna görə məhkəmə iclasları bir neçə dəfə təxirə salınmasına baxmayaraq sorğuya cavab verilməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən (İXM 38.6-cı maddə) inzibati tənbeh vermə haqqında elektron qərar, onun əlavəsi (foto və ya video materiallar) 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Lakin, bu normanın istisnaedici halı İXM-in 123-cü maddəsində nəzərdə tutulmuşdur. Belə ki, İXMin 123.1 və 123.2-ci maddələrinin tələblərinə əsasən inzbati xəta hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) sorğu göndərilməli, sorğu əsasında nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilməli və bundan 3 gün müddətində inzibati tənbeh vermə haqqında qərar çıxarılmalıdır. İndiki halda inzibati tənbeh vermə haqqında qərar İXM-in 38.6-cı maddəsində müəyyən edilmiş müddət keçdikdən sonra qəbul edilmiş və bu səbəbdən də İXM-in 123cü maddəsində göstərilən halların mövcud olub-olmamasının müəyyən edilməsi üçün qərar qəbul etmiş orqan DİN Baş Dövlət Yol Polisi İdarəsinə sorğu verilsə də, sorğuya cavab verilməmiş, ona görə də İXM-in 123-cü maddəsində göstərilən halların mövcud olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Göründüyü kimi “nəqliyyat vasitəsinin hüquqi şəxsə məxsus olub-olmaması”, olduğu təqdirdə “icraatın İXM-in 123-cü maddəsinin tələblərinə uyğun aparılıbaparılmaması” iş üzrə mühüm əhəmiyyət kəsb edən, araşdırılması zəruri olan faktiki hallardır. Qərar qəbul etmiş orqan isə iş üzrə mühüm əhəmiyyət kəsb edən, araşdırılması zəruri olan bu faktiki halların olub-olmaması barədə məhkəməyə məlumat verməmişdir. Qeyd edilən səbəbdən də məhkəmə mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və qeyd olunan inzibati xəta haqqında işin yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməli olması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası İXM-in 38.6-cı maddəsinə əsasən İnzibati tənbeh vermə haqqında elektron qərar (bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərara münasibətdə isə həmçinin onun əlavəsi (foto və ya video materiallar), habelə səlahiyyətli orqanlar (vəzifəli şəxslər) tərəfindən inzibati xəta haqqında iş üzrə nömrələnmiş blanklarda tərtib edilmiş qərar 24 saat müddətində şəxs üçün internet informasiya ehtiyatında yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs (əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) inzibati məsuliyyətə cəlb oluna bilməz. İXM-in 123-cü maddəsinə əsasən hüquqi şəxsə məxsus nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən törədilən inzibati xəta haqqında iş üzrə icraat aparılarkən hüquqi şəxsə müvafiq sorğu verilməli, həmin sorğuya 5 gün müddətində hüquqi şəxs tərəfindən cavab verilməli, vəzifəli şəxs belə məlumatı aldığı vaxtdan 3 gün müddətində qərar qəbul etməlidir. Həmin Məcəllənin 123.1-cü maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Həmin Məcəllənin 123.2-ci maddəsinə əsasən hüquqi şəxsin (dövlət qurumunun) müvafiq vəzifəli şəxsi sorğunu rəsmi qaydada aldığı vaxtdan 5 gün müddətində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə səlahiyyətli orqana (vəzifəli şəxsə) məlumat verməlidir. Səlahiyyətli orqan (vəzifəli şəxs) belə məlumatı aldığı vaxtdan 3 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan bu Məcəllənin 124.4-cü maddəsi ilə müəyyən olunmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ32596281 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar