Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3547/2025 15.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, X1 iştirakları ilə, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 24 oktyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 24 oktyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, hadisə xx.xx.2025-ci il tarixdə, saat təxminən 09:30-09:46 aralığında, Sumqayıt şəhəri Babək prospektində, əsas iki tərəfli yola sola dönüş edilən yol ayrıcında baş vermişdir. Sola dönüş manevrini həyata keçirərkən yolun görünüşü digər nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarına zidd şəkildə dayanması səbəbindən məhdudlaşmışdır. Hadisə yerində “Range Rover” markalı avtomobil (fotoşəkillərdə açıq göründüyü kimi) yol ayrıcından qanunvericiliklə müəyyən edilmiş minimum 5 metr məsafədən az məsafədə dayanmış və əsas yola çıxış zamanı görünüşü tamamilə bağlamışdır. Bununla yanaşı, əvvəllər əsas yola çıxan avtomobillərin park edilməsi üçün nəzərdə tutulmuş təxminən 80-100 m2 sahə sonradan yol təmiri zamanı hər hansı hüquqi əsas və ya dayanma-durma qadağası tətbiq edilmədən avtomobil yolunun əsas hissəsindən çıxarılmışdır. Bu hal nəqliyyat vasitələrinin yol ayrıcına qədər yol kənarında park edilməsinə səbəb olmuş və nəticə etibarilə sola dönüş zamanı əsas yoldan gələn avtomobillərin görünüşünü ciddi şəkildə məhdudlaşdırmışdır. O, yalnız avtomobilimi yavaş və ehtiyatlı şəkildə irəli hərəkət etdirərək, təxminən 3,3-3,6 metr məsafədə dayanmaqla əsas yolu vizual olaraq görə bilmiş və təhlükəsiz manevr etmişdir. Bu, yol şəraitinin məcburi diktə etdiyi hərəkət olmuşdur və hər hansı təhlükəli vəziyyət yaradılmamışdır. Polis əməkdaşı hadisə zamanı onun real görmə bucağını və yol şəraitini obyektiv qiymətləndirməmiş, həmçinin yol ayrıcının əsas yolla kəsişmə hissəsində quraşdırılmış “dayanmadan keçmək qadağandır” yol nişanının tələbinin məhz kəsişmə nöqtəsində icra olunmasının faktiki olaraq mümkün olmadığını nəzərə almamışdır. Buna baxmayaraq, həmin nişanın tələbini əsas yolun ortasında icra etmədiyim iddia edilərək barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Hadisə ilə bağlı video görüntülərə obyektiv səbəblərdən müəyyən edilmiş tarixdə baxa bilməmiş, yalnız bir gün gec baxmışdır. Bununla belə, X6 əməkdaşları tərəfindən ona video görüntünün surəti təqdim edilməmiş, yalnız mobil telefon ekranında qısa müddətə göstərilmişdir. Bu isə onun sübutlarla tanış olmaq, onları təhlil etmək və müdafiə hüququndan tam istifadə etmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır. Qeyd edilən hallar onu göstərir ki, inzibati xəta haqqında iş üzrə qərar real yol şəraiti, faktiki maneələr və obyektiv sübutlar tam araşdırılmadan, həmçinin onun müdafiə hüquqları lazımi səviyyədə təmin edilmədən qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən X3 ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş şəxs Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 24 oktyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 09:46-da “Opel Astra” minik markalı, **-OP-*** dövlət nişanlı avtomobili idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, “Opel Astra” minik markalı, **-OP-*** dövlət nişanlı avtomobil baş yola çıxarkən baş yolla yaxınlaşmaqda olan digər nəqliyyat vasitələrinə yol verməmiş və YPX avtomobili tərəfindən saxlanılmışdır. Beləliklə də, işin məhkəmə araşdırması zamanı X2 “Opel Astra” minik markalı, **- OP-*** dövlət nişanlı avtomobili idarə edərkən yol ayrıcını keçmə qaydalarını pozması və beləliklə də Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, şikayətçinin iddia etdiyi kimi yol kənarında digər nəqliyyat vasitəsinin dayanması, bu səbəbdən yolu görə tam bilməməsi, onun yolda olan vəziyyəti dəqiqləşdirmədən yola daxil olmasına və digər şəxslərin qanuni mənafelərini pozmasına, yəni onların sağlamlığına və əmlakına təhlükə yaratmasına əsas vermir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 24 oktyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin İ hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 24 oktyabr 2025ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 24 oktyabr 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-3547/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3547/2025
15.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver