Məhkəmə qərarları › İş №3(060)-3556/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3556/2021

02.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3556/2021 02.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X2, zərərçəkmiş şəxs Məmmədova (Bənnayeva) Ziveydə Əvəz qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsənova (Osmanova) Nuranə Firdovsi qızının iştirakları ilə, xx.xx.1984-cü ildə Tərtər rayonu, Köçərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, Tərtər rayonu, Köçərli kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, 1-ci məhəllə, fərdi evdə yaşayan Həsənova (Osmanova) Nuranə Firdovsi qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Həsənova (Osmanova) Nuranə Firdovsi qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 510-cu maddəsi ilə 02 noyabr 2021-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 01.11.2021-ci il tarixdə Sumqayıt ŞPİ 1-ci PB-nin dəhlizində şikayətçi Məmmədova (Bənnayeva) Ziveydə Əvəz qızını söyüb təhqir etmiş, həmçinin onun işlədiyi yerə gedərək onu hədələmişdir. İXM-nin 111.1-ci maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin sahə rəisi X4 tərtib etdiyi inzibati protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Məmmədova (Bənnayeva) Ziveydə Əvəz qızı izahatında göstərdi ki, keçmiş rəfiqəsi Günayın vasitəsi ilə Həsənova (Osmanova) Nuranə Firdovsi qızını tanımışdır. 01.11.2021-ci il Həsənova (Osmanova) Nuranə Firdovsi qızı onun işlədiyi Sumqayıt şəhərində yerləşən 47 saylı uşaq baxçasına gələrək onu narahat etmiş və həmçinin “Whatsapp” sosial şəbəkəsindən onu və ailə üzvlərini hədələmiş, ünvanına təhqir edici ifadələr işlətmişdir. Həsənova (Osmanova) Nuranə Firdovsi qızı barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həsənova (Osmanova) Nuranə Firdovsi qızı özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 01.11.2021-ci il Məmmədova (Bənnayeva) Ziveydə Əvəz qızının işlədiyi Sumqayıt şəhərində yerləşən 47 saylı uşaq baxçasına getmiş, lakin o, işlədiyi baxçada olmadığından geri qayıtmışdır. Daha sonra ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə səsli SMS göndərmişdir. Lakin SMS göndərərkən Məmmədova (Bənnayeva) Ziveydə Əvəz qızının ünvanına nəlayiq ifadə edən sözlər işlətməmişdir. Qeyd olunanların baş vermə səbəbi isə Məmmədova (Bənnayeva) Ziveydə Əvəz qızı onun ünvanına şər böhtan atma səbəbindən baş vermişdir. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və sahə müvəkkilinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Həsənova (Osmanova) Nuranə Firdovsi qızının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. İş materialında olan inzibati qaydada tutma haqqında 01.11.2021-ci il tarixli protokoldan görünür ki, Həsənova (Osmanova) Nuranə Firdovsi qızı 01.11.2021-ci il tarixdə, 20:00-da inzibati qaydada tutulmuş və 02.11.2021-ci il tarixdə azad olunmuşdur. İXM-nin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Həsənova (Osmanova) Nuranə Firdovsi qızı barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Həsənova (Osmanova) Nuranə Firdovsi qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 50,00 (əlli) manat məbləğində cərimə olunsun. Həsənova (Osmanova) Nuranə Firdovsi qızının inzibati qaydada tutulduğu 1 (bir) gün müddət nəzərə alınsın və ona təyin edilmiş 50,00 (əlli) manat cərimə cəzasından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar