Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3562/2021 15.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs-İsmayılov Samir Nəcib oğlunun iştirakları ilə, İsmayılov Samir Nəcib oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmasına dair Sumqayıt ŞPİ-nin MN ******* saylı, 24.10.2021-ci il tarixli qərarından İsmayılov Samir Nəcib oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt ŞPİ-nin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 24.10.2021-ci il tarixli qərar ilə İsmayılov Samir Nəcib oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan narazı qalan İsmayılov Samir Nəcib oğlu Sumqayıt ŞPİ-nin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 24.10.2021-ci il tarixli qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 24.10.2021-ci il tarixdə saat 12:40 radələrində Sumqayıt şəhəri ərazisində polis əməkdaşı polkovnik leytenant Anar Əliyev tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə barəsində MN ******* saylı inzibati tənbeh vermə haqqında Qərar tərtib edilmişdir. Hesab edir ki, müvafiq qərar qərəzli şəkildə tərtib edilmiş, əsassız və qanunsuzdur. Belə ki, 24.10.2021-ci il tarixdə, yəni həftənin bazar günü Sumqayıt şəhəri, “Mərkəz Plaza”nın 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC-nin yeni filial mağazasının açıq havada açılışı baş tutmuş, Sumqayıt şəhər sakinləri və bir sıra digər şəxslər mağazanın açılışında iştirak etmişlər. Tədbirə qatılan Sumqayıt şəhər sakinləri ilə yanaşı həmçinin "xxxx" MMC-də çalışan əməkdaşların hər biri fərdi qoruyucu vasitələrlə təmin edilmiş, müvafiq tədbirin baş tutması üçün yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülmüşdür. Mağazada satış məsləhətçisi vəzifəsində çalışır, müvafiq tədbirlə heç bir əlaqəsi yoxdur, əksinə açıq havada olan tədbir zamanı o mağaza daxilində mağaza müştəriləri ilə təmasda olmuşdur, onları maraqlandıran malların texniki özəllikləri və satış şərtləri barəsində məlumat vermişdir. Barəsində protokol tərtib edildiyi zaman ona tədbirdə guya iştirak etməsilə əlaqədar nə fotohesabat, nə də videogörüntü təqdim edilməmişdir. Heç şübhəsiz ki, müvafiq görüntülərdə o əks olunmamışdır, ona görə də onları təqdim etməkdən imtina etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs İsmayılov Samir Nəcib oğlu şikayətdə göstərilənləri təsdiq edərək bildirdi ki, protokolda onun guya karantin rejimi qaydalarını pozması qeyd edilərək MN ******* nömrəli Qərarla 200 manat məbləğində cərimə edilmişdir. Mağazada satış məsləhətçisi vəzifəsində çalışır, müvafiq tədbirlə heç bir əlaqəsi yoxdur, əksinə açıq havada olan tədbir zamanı o mağaza daxilində mağaza müştəriləri ilə təmasda olmuşdur, onları maraqlandıran malların texniki özəllikləri və satış şərtləri barəsində məlumat vermişdir. Ona görə də, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt ŞPİ-nin nümayəndəsi gəlmədiyindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 24.10.2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən İsmayılov Samir Nəcib oğlunun şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, qərarda İsmayılov Samir Nəcib oğlunun karantin rejimi qaydalarını pozması qeyd olunsa da, onun hansı şəraitdə, hansı hərəkəti ilə qayda pozması öz təsdiqini tapmamışdır. Qərarın tərtibi zamanı Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməmişdir. Eyni zamanda, Sumqayıt Şəhər Pİ tərəfindən iş üzrə bütün halları araşdırmamışdır. Protokolda və qərarda ümumi ifadələrdən istifadə edilmiş, işin konkret halları, inzibati xətanın hansı qaydada, hansı hərəkətlə törədilməsi, bunun hansı sübutlarla təsdiq edilməsi və s. konkret olaraq göstərilməmişdir. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Yuxarıda qeyd edilən bütün hallar və Azərbaycan Respublikası İXM-nin tələbləri baxımından çıxış edərək məhkəmə hesab edir ki, Sumqayıt ŞPİ-nin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 24.10.2021-ci il tarixli qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən ləğv edilməli və inzibati xəta haqqında iş barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs İsmayılov Samir Nəcib oğlunun iştirakı ilə yenidən baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin inzibati tənbeh vermə haqqında MN ******* saylı, 24.10.2021-ci il tarixli qərarı ləğv edilərək Sumqayıt Şəhər Polis İdarəsinə qaytarılmalıdır. Hazırkı vəziyyətdə şikayətin tam təmin edilməsi və iş üzrə icraata xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. İsmayılov Samir Nəcib oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində cərimə olunması barədə Sumqayıt ŞPİ-nin MN ******* saylı, 24.10.2021-ci il tarixli qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs İsmayılov Samir Nəcib oğlunun iştirakı ilə, Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-3562/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3562/2021
15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver