Məhkəmə qərarları › İş №3(060)-3563/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3563/2021

18.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3563/2021 18.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 iştirakları ilə, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən tərtib olunmuş 24.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayətlə Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən tərtib olunmuş 24.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Sumqayıt Şəhər Polis İdarəsinin nümayəndəsi müvafiq olaraq gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 bildirdi ki, 24.10.2021ci il tarixdə saat 12:40 radələrində Sumqayıt şəhəri ərazisində, polis əməkdaşı polkovnik leytenant Anar Əliyev tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə barəsində MN0674528 saylı inzibati tənbeh vermə haqqında Qərar tərtib edilmişdir. Qərar qərəzli şəkildə tərtib edilmiş, əsassız və qanunsuzdur. Belə ki, 24 oktyabr 2021-ci il tarixdə, yəni həftənin bazar günü Sumqayıt şəhəri “Mərkəz Plaza”-nm 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC-nin yeni filial mağazasının açıq havada açılışı baş tutmuş, Sumqayıt şəhər sakinləri və bir sıra digər şəxslər mağazanın açılışında iştirak etmişdir. Tədbirə qatılan Sumqayıt şəhər sakinləri ilə yanaşı həmçinin "xxxx" MMC-də çalışan əməkdaşlarının hər biri fərdi qoruyucu vasitələrlə təmin edilmiş, müvafiq tədbirin baş tutması üçün yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülmüşdür. Müvafiq tədbirin açılışında iştirak etməmişdir və barəsində tərtib edilən protokol əsassızdır. Mağazada koordinator vəzifəsində çalışır, müvafiq tədbirlə heç bir əlaqəsi yoxdur, əksinə açıq havada olan tədbir zamanı mağaza daxilində mağaza müştəriləri ilə təmasda olmuş, onları maraqlandıran malların texniki özəllikləri və satış şərtləri barəsində aidiyyəti şəxslərə yönəldilməsinə köməklik göstərmişdir. Barəsində protokol tərtib edildiyi zaman ona tədbirdə guya iştirak etməyi ilə əlaqədar nə fotohesabat nə də videogörüntü təqdim edilməmişdir. Heç şübhəsiz ki, müvafiq görüntülərdə əks olunmamışdır, ona görə də onları təqdim etməkdən imtina etmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidmətinin 03 iyul 2020-ci il tarixli **********660100 nömrəli əmri ilə təsdiq edilmiş sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitarıya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsinə dair Metodiki Təlimata əsasən təsərrüfat obyektində təmizlik və dezinfeksiya işlərinə riayət edilməsi, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska və əlcəklə təmin edilməsi, işçi heyəti arasında xəstəlik əlamətləri (yüksək hərarət, öskürək, halsızlıq və s.) olan şəxslərin evdə qalmasının təmin edilməsi, o cümlədən ictimai iaşə obyektlərində işçilərin iş geyimi ilə təmin edilməsi, işçilərin tibbi maska və əlcəkdən istifadə etmələrinə, habelə tibbi maska və əlcəklərin təmiz vəziyyətdə olmasına nəzarət edilməsi, təsərrüfat obyektinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanının təmin edilməsi, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması ilə bağlı polis əməkdaşları tərəfindən heç bir yoxlama aparılmamışdır, burada isə o qənaətə gəlmək olur ki, müvafiq Qərar sadəcə şəxs barəsində inzibati tənbehin verilməsi naminə tərtib edilmiş, pozuntu hallarının olması üçün həqiqətən də sadalanan əsasların olub-olmamasının müəyyən edilməsi deyil. Bütün bunları nəzərə alaraq barəsində tərtib edilmiş 24.10.2021ci il tarixli, MN0674528 saylı inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə inzibati iş üzrə şikayət vermiş şəxs və qərardakı ziddiyyətləri aradan qaldırmaq və iş üzrə obyektiv araşdırma aparmaq məqsədilə Sumqayıt Şəhər Polis İdarəsinə sorğu göndərərək 24.10.2021-ci il tarixli, MN ******* saylı qərar üzrə inzibati xəta hadisəsinin baş verdiyini və törədildiyini sübut edən inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə çəkilmiş foto və video materialları Sumqayıt şəhər Məhkəməsinə təqdim etməyi xahiş etmişdir. Lakin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq şəxsən inzibati xətanı törətməsini sübut edən foto və video görüntülər Məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə materialları araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin həmin tədbirin onun tərəfindən təşkil edilməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin olunmalı, Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən tərtib olunmuş 24.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən tərtib olunmuş 24.10.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.1.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar