Məhkəmə qərarları › İş №3(060)-3573/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3573/2021

15.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3573/2021 15.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyilə, şikayət vermiş şəxs X3 iştirakı ilə, Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsinin inzibati xəta haqqında iş üzrə 24 oktyabr 2021-ci il tarixli MN ******* №li qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib olunmuş MN № ******* saylı, 24 oktyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, 24.10.2021-ci il tarixdə saat 12:40 radələrində Sumqayıt şəhəri ərazisində, polis əməkdaşı polkovnik leytenant Anar Əliyev tərəfindən İXM-nin 211.1-ci maddəsi ilə barəsində MN0674529 saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Hesab edir ki, müvafiq qərar qərəzli şəkildə tərtib edilmiş, əsassız və qanunsuzdur. Belə ki, 24 oktyabr 2021-ci il tarixdə, yəni həftənin bazar günü Sumqayıt şəhəri “Mərkəz Plaza”-nın 1-ci mərtəbəsində yerləşən "xxxx" MMC-nin yeni filial mağazasının açıq havada açılışı baş tutmuş, Sumqayıt şəhər sakinləri və bir sıra digər şəxslər mağazanın açılışında iştirak etmişdirlər. Tədbirə qatılan Sumqayıt şəhər sakinləri ilə yanaşı həmçinin "xxxx" MMC-də çalışan əməkdaşların hər biri fərdi qoruyucu vasitələrlə təmin edilmiş, müvafiq tədbirin baş tutması üçün yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülmüşdür. 24 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində yerləşən "xxxx" MMC-nin yeni açılmış filial mağazasında olarkən onunla yanaşı digər şəxslər Sumqayıt şəhər polis idarəsinə aparılmış və barəsində AR İXM-nin 211.1 -ci maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində tərtib edilən protokolu tamamilə əsassız absurd xarakter daşıdığını hesab etmişdir. İXM-nin 211.1-ci maddəsi ilə tərtib edilən protokola əsasən ona vəzifəli şəxs qismində protokol tərtib edilmiş, halbuki o, müvafiq mağazanın məsul işçisi deyil, orada hər-hansı inzibati işləri belə görmür və ümumiyyətlə həmin filial mağazası ilə heç bir əlaqəsi yoxdur. Vəzifəli şəxs qismində barəsdində tərtib edilən protokolu tamamilə qanunsuz, əsassız, qərəzli hesab etmişdir. İXM-də qeyd edildiyi kimi, kommersiya təşkilatlarında vəzifəli şəxs statusu daşıyan şəxsin təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat funksiyasını həyata keçirməsi lazımdır. Göründüyü kimi, o, Sumqayıt şəhərində yeni açılmış "xxxx" MMC-yə dair filial mağazasına xüsusi dəvət ilə deyil adi qaydada şəxsi iradəsi ilə qatılmışdır. Barəsində tərtib edilmiş qanunsuz protokol və Qərara öz etirazını qeyd etmiş və həmin protokolun məzmunu ilə qəti razı deyildir. O, "xxxx" MMC-nin baş ofisində satışa dəstək və nəzarət şöbəsində şöbə müdiri vəzifəsində çalışır. Barəsində protokol tərtib edildiyi zaman polis əməkdaşına onun fiziki şəxs olduğunu bildirsə də, həmçinin protokol tərtib edilməsinə etiraz etsə də o, buna baxmayaraq onun mağazanın məsul şəxsi olduğunu qeyd edərək barəsində protokol tərtib etmiş, ona tədbirdə iştirak etməyilə əlaqədar nə fotohesabat nədə videogörüntü təqdim etməmişdir. Müvafiq protokol tərtib edildiyi zaman protokolda ciddi nöqsanlara yol verilmiş, işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Polisin onun barəsində protokol tərtib etməsi isə heç şübhəsiz onun üçün hesabat xarakteri daşıyır. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 04.11.2021ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 15 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətə uyğun izahat verərək barəsindəki 24 oktyabr 2021-ci il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X4 barəsində 24 oktyabr 2021-ci il tarixdə saat MN № ******* saylı protokol tərtib olunmuş və həmin protokola əsasən 24 oktyabr 2021-ci il tarixdə MN № ******* saylı qərar qəbul edilərək X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 4.000,00 (dörd min) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X3 İXM-nin 211.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X4 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsinə X4 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol və sair) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən bölmə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsi X3 İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. X1 vəzifəli şəxs statusunda olması ilə bağlı Sumqayıt şəhər polis idarəsi 4cü polis bölməsi tərəfindən heç bir sübut əldə edilmədən X4 vəzifəli şəxs kimi inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə iclasında da X3 vəzifəli şəxs statusunda olması müəyyən olunmamışdır. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsinin X4 barəsindəki inzibati xəta haqqında 24 oktyabr 2021-ci il tarixli MN ******* №li qərarı ləğv edilsin. Sumqayıt şəhər polis idarəsi 4-cü polis bölməsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar