Məhkəmə qərarları › İş №3(060)-3598/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3598/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3598/2021 10.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin nümayəndəsi, polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 110, mənzil 34-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin polis sahə rəisi, polis baş leytenantı Osmanov Kənan tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 08.11.2021-ci il tarixli, MN seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs 08.11.2021-ci il tarixdə Sumqayıt şəhərində, saat 17:20 radələrində Göyərçin abidəsinin yanında Sumqayıt şəhər polis əməkdaşına tabesizlik göstərib ünvansız nalayiq küçə söyüşləri söymüşdür. Nəticədə Şəxs oğlu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin nümayəndəsi polis sahə rəisi, polis mayoru X2 tərtib edilmiş protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 08.11.2021-ci il tarixdə saat 17:20 radələrində Sumqayıt şəhəri, Göyərçin abidəsinin yanında olan zaman bir nəfər tanımadığı qadın ona bildirmişdir ki, uşaq istədiyindən asılmış bayrağı çıxardıb ona versin. Bayraq dirəyə bərkidilmiş vəziyyətdə olduğundan onu çıxara bilməmiş, amma həmin bayrağın tutacaq hissəsini sındıraraq bayrağı həmin şəxsə vermişdir. Bayrağı verərkən polis əməkdaşı ona yaxınlaşaraq iradını bildirmişdir. O da içkili olduğundan polis əməkdaşının iradına məhəl qoymayaraq öz hərəkətinə davam etmiş, içkili olduğundan orada söyüş də söymüşdür. Adamların diqqətini cəlb etmişdir. Sonradan köməyə ayrı polis əməkdaşları gəlmiş və onu avtopatrul maşınına əyləşdirərək 4-cü PB-nə gətirmişlər. İndi əməlindən peşmandır. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X4 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahatında göstərdi ki, 08.11.2021-ci il tarixdə saat 17:20 radələrində “Göyərçin” abidəsinin yanında “Zəfər” bayramı ilə əlaqədar olaraq quraşdırılmış dövlət bayraqlarının dirəyini sındıraraq bayraqları vətəndaşlara verən bir nəfər vətəndaşı görüb ona yaxınlaşıb etdiyi əmələ görə irad bildirilmişdir. Həmin şəxs tutduğu irada məhəl qoymayaraq ona tabesizlik göstərərək öz əməllərini davam etdirmişdir. O həmin əraziyə aidiyyatı üzrə nəzarət edən 9137 çağırışlı avtopatrulu çağırmışdır. Post patrul maşını həmin yerə yaxınlaşmış və vətəndaşı avtopatrula dəvət etmişlər. Lakin nəfəsindən kəskin spirtli içki iyi gələn həmin vətəndaş avtopatrula əyləşməyərək təkrarən tabesizlik göstərərək nalayiq küçə söyüşləri söyərək orada olan vətəndaşların diqqətini cəlb etməyə başlamışdır. Həmin vətəndaş tərəflərindən 4-cü polis bölməsinə gətirilmişdir. İş materiallarında olan 2262 nömrəli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs oğlu 08.11.2021-ci il tarixdə, saat 18:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 1084 nömrəli, 08.11.2021-ci il tarixli tibbi müayinə aktından görünür ki, Şəxs 08.11.2021-ci il tarixdə, saat 18:30-da alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunu və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs oğlu 08.11.2021-ci il tarixdə saat 17:20 radələrində Sumqayıt şəhəri, Göyərçin abidəsinin yanında, ictimai yerdə sərxoş vəziyyətdə səs-küy salmış, ünvansız və polisin ünvanına nalayiq ifadələr işlətmiş, ictimai qaydanı pozmuşdur, onun intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, onlarla mübahisə etmiş, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Şəxs məsuliyyətini yüngülləşdirən hal peşman olmasıdır, məsuliyyətini ağırlaşdıran hal isə xətanı sərxoş vəziyyətdə törətməsidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İşdəki tutma protokolundan görünür ki, Şəxs oğlu 08 noyabr 2021-ci il tarixdən, saat 18:20-də tutlumuşdur. Ancaq işin hallarına görə o inzibati xətanı 08 noyabr 2021-ci il tarixdən, saat 17:20 radələrində törətmiş, polis əməkdaşları tərəfində sakitləşdirilərək saxlanılmış, həmin vaxtdan sonra buraxılmamışdır. Məhkəmə hesab edir ki, Şəxs oğlunun azadlığı həmin vaxtdan məhdudlaşdırılmışdır və ona görə də, inzibati həbsin əvvəli 08 noyabr 2021-ci il tarixdən, saat 17:20-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 08 noyabr 2021-ci il tarixdən, saat 17:20-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar