Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-36/2025 17.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, şikayətçi X1 iştirakı ilə, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25217217 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, EQ 25217217 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli, EQ 25217217 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. O, Üzeyir Hacıbəyli küçəsi və Bülbül prospekti kəsişməsində nizamlanan yol ayrıcını keçdiyi zaman və yolların tıxac olması ilə əlaqədar işıqforun yaşıl işığında gözləmişdir ki, yol boşaldıqdan sonra keçsin. Çox gözlədikdən sonra qarşı tərəfin hərəkət etdiyini görmüş, yolun nisbətən boşaldığını hiss etmiş və işıqforun yaşıl işığında hərəkətə başlamış və yol ayırıcını yenə də tam keçmək mümkün olmamışdır. Buna görə də kamera tərəfindən onun avtomobili qeydə alınmışdır. O, zərurət yarandığı üçün məcburiyyət qarşısında bu addımı atmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş orqan məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 25217217 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 12:02:33də Sumqayıt şəhəri ərazisində “TOYOTA AQUA HİBRİD MİNİK” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş diskdə olan videogörüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 xx.xx.2024-cü il tarixdə, saat 12:02:33-də “TOYOTA AQUA HİBRİD MİNİK” markalı, **- CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Üzeyir Hacıbəyli küçəsi və Bülbül prospektinin kəsişməsində tıxac olmasına baxmayaraq nizamlanan yolayrıcına daxil olmuş və yolayrıcını keçmə qayalarını pozmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, sürücü X2 xx.xx.2024-cü il tarixdə, saat 12:02:33-də Sumqayıt şəhəri ərazisində “TOYOTA AQUA HİBRİD MİNİK” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarının pozulması səbəbindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayətin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25217217 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı qanuni və əsaslıdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən “yol hərəkətinin iştirakçıları yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar.” Həmin Qanununun 75-ci maddəsinin İİ hissəsinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 25217217 nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X1 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. DİN Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2024-cü il tarixli, EQ 25217217 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-36/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-36/2025
17.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver