Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-360/2023 12.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X1 katibliyilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, “Veysəloğlu” şirkətlər qrupunda satış təmsilçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin YPX-nin inspekroru polis baş serjantı Şamxal Rzayev tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 329.3 və 333.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında AP № ******* saylı protokol tərtib olunmuşdur ona görə ki, sürücü Şəxs Ü.Hacıbəyov küçəsi ilə Çerkasi küçəsinin kəsişməsində dönmə işığından istifadı etmədiyi üçün saxlanılmış, alkotester vasitəsi ilə yoxlama zamanı məlum olmuşdur ki, sərxoş halda avtomaşını idarə etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-360/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan Şəxs tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)-132/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmuş və qərar ləğv edilərək işə yenidən baxılması üçün xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə yeni məhkəmə baxışına göndərilmişdir. İnzibati xəta haqqında işə baxılması 12 aprel 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında qeyd etdi ki, xx.xx.2023-cü il tarixdə saat 10:32 radələrində Sumqayıt şəhərində Opel markalı, **-VX-*** nömrəli şəxsi nəqliyyat vasitəsi ilə Ü.Hacıbəyov küçəsindən Çerkasi küçəsinə dönərkən sonradan adını bildiyi yolpatrul xidmətinin əməkdaşı Rzayev Şamxal nəqliyyat vasitəsini dayandırmaqla bağlı göstəriş vermiş, o da nəqliyyat vasitədini saxlamışdır. YPX əməkdaşı ona yaxınlaşaraq sənədlərinin qaydasında olub-olmadığını, eləcə də ödənilməmiş cəriməsinin olubolmamasını soruşduqdan sonra ona YPX maşınına əyləşməyini bildirmiş, o da əyləşmiş və ona içkili olub-olmadığını soruşduqda o, içkili olmadığını bildirmiş, sonra alkotesterə yoxlanılmış, yoxlama zamanı alkotestrin onun sərxoş olduğunu göstərdiyin bildirilmişdir. O israrla içkili olmadığını, alkotesterin düz işləmədiyini, alkotestrin sertifikatının ona göstərilməsini və dispanserə gedərək orada yoxlanmağını tələb etsə də onun bu tələblərinə məhəl qoyulmamış və onun maşınını müvəqqəti duracağa aparmışlar. Bütün bunlara o öz etirazını bildirmişdir və oradan bir başa özü dispanserə gedərək sərxoşluq müayinəsindən keçmişdir. Müayinənin nəticəsinə əsasən onda sərxoşluq vəziyyəti aşkar olunmamışdır. Müayinə aktını Yol Polisi şöbəsinə təqdim etmiş, lakin həmin akta məhəl qoyulmayaraq barəsində protokol tərtib edilmişdir. O həmin protokolu qanunsuz hesab edərək barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs əməli İXM-nin 333.1-ci maddəsindən əlavə İXM-nin 329.3-cü maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 329.3-cü maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsi tərəfindən Şəxs barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında AP № ******* saylı protokolla İXM-nin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materialında olan İN 612083 nömrəli alkotestr qəbzinə görə Şəxs müayinə vaxtı (xx.xx.2023-cü il, saat 10:51-də) 3,05 promil sərxoşluq vəziyyəti aşkarlanmışdır. İş materialında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün tibbi müayinəyə göndərmək haqqında protokolda isə xx.xx.2023-cü il tarixdə saat 10:40-da Şəxs müayinə nəticəsində 0.33 promil spirtli içki qəbul etməsinin müəyyən olunması qeyd edilmişdir. Şəxs tərəfindən məhkəməyə təqdim olunmuş Sumqayıt şəhər RND tərəfindən tərtib olunmuş 457 №-li, xx.xx.2023-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Şəxs (xx.xx.2022-ci il, saat 12:05-də) sərxoşluq vəziyyəti aşkar edilməmişdir. Göründüyü kimi “müayinəyə göndərmək haqqında” protokolda Şəxs 0,33 % alkoqol sərxoşluğunun olması, İN 612083 nömrəli alkotestr qəbzində alkoqolun konsentrasiyasının 3.015 promil olduğu, 457 №-li, xx.xx.2023-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında isə Şəxs (xx.xx.2022-ci il, saat 12:05-də) sərxoşluq vəziyyətinin olmaması qeyd edilir. Məhkəmə qeyd edir ki, İN 612083 nömrəli alkotestr qəbzinə istinad etməklə Şəxs sərxoşluq vəziyyətini müəyyən edərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, bununla da İXM-nin tələbi pozulmuşdur. Belə ki, İXM-nin 69.2-ci maddəsində imperativ norma kimi nəzərdə tutulmuşdur ki, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Məhkəmə qeyd edir ki, İN 612083 nömrəli alkotestr qəbzi qanunvericiliyin tələbi pozulmaqla tərtib edildiyindən sübut kimi qəbul edilə bilməz və həmin qəbzə istinad edilməklə tərtib olunan xx.xx.2023-cü il tarixıli inzibati xəta haqqında AP № ******* saylı protokolla Şəxs İXM-nin 333.1-ci maddəsi ilə təqsirli hesab etmə olmaz. Bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 10:51-də Şəxs alkoqol sərxoşluğunun miqdarı alkotestr qəbzində 3,05 promil qeyd olunur, cəmi 1 saat 14 dəqiqədən sonra isə rəsmi sənəd olmaqla sübut kimi qəbul edilməsi mümkün olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin 457 №li xx.xx.2023-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktında isə Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmur. Göründüyü kimi sərxoşluq vəziyyəti olmasına əsas verən normadan, yəni 0.33 promildən 10 dəfə artıq alkotestr qəbzində 3,05 promil qeyd olunur, lakin 1 saat 14 dəqiqədən sonra isə Şəxs alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmur. Bundan başqa İN 612083 nömrəli alkotestr qəbzində Şəxs müayinə vaxtı (xx.xx.2023-cü il, saat 10:51-də) 3,05 promil sərxoşluq vəziyyəti olması qeyd olunur, lakin Sumqayıt şəhər Polis İdarəsi Dövlət yol polis şöbəsinin baş inspektoru Kənan Ərişanovun tərib etdiyi “müayinəyə göndərmək haqqındakı” protokolda isə Şəxs 0,33 % alkoqol sərxoşluğunun olması qeyd olunur. Bu ziddiyyətli məqamlar da alkotestr qəbzinin göstəricisini şübhə altına almağa məhkəməyə əsas verir. Beləliklə, Şəxs İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır, ona görə də məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında AP № ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-360/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-360/2023
12.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver