Məhkəmə qərarları › İş №3(060)-3611/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3611/2021

22.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3611/2021 22.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X2 iştirakı ilə, Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsinin inzibati xəta haqqında iş üzrə 03 noyabr 2021-ci il tarixli EPQ № ******* saylı qərarından X4 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X4 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib olunmuş EPQ № ******* saylı, 03 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətində göstərmişdir ki, Polis əməkdaşı tərəfindən protokol və qərar qanunsuz olaraq tərtib edilmişdir. Qərarın nüsxəsini tələb etdiyi zaman ona qərar verilməmişdir. Sumqayıtda yaşadığı üçün geri qayıtmalı olmuş və daha sonra yenidən Bakı şəhərinə gedərək nüsxəni çətinliklə ala bilmişdir. İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Bakı şəhəri Nəsimi rayonunun 22-ci polis bölməsi tərəfindən qeyd edilən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur. Bununla bərabər qeyd etmək istəmişdir ki, protokolda bu fakt heç bir əsas və ya müəyyən edilmiş sübutlarla təsdiq edilməyib, həmçinin xətanın mahiyyəti qeyd edilməmişdir. Protokol 28.10.2021-ci ildə tərtib edildiyinə baxmayaraq Asanpay vasitəsi ilə 01.11.2021-ci il üçün çıxarış əldə etdiyindən, orada heç bir protokol və ya qərar mövcud olmadığı açıq aşkar görülür və bununla belə onun şikayət etmək hüququ əlindən alınmış olmuşdur. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 11.11.2021ci il tarixdə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 22 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayətə uyğun izahat verərək barəsindəki 03 noyabr 2021-ci il tarixli, EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X4 barəsində 28 oktyabr 2021-ci il tarixdə EXP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokola əsasən 03 noyabr 2021-ci il tarixdə EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 200,00 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X2 İXM-nin 211.3-cü maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X4 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Nəsimi rayon polis idarəsi 22-ci polis bölməsinə X4 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol və sair) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən bölmə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Bununla da Nəsimi rayon polis idarəsi 22-ci polis bölməsi X2 İXM-nin 211.3-cü maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsinin X4 barəsindəki inzibati xəta haqqında 03 noyabr 2021-ci il tarixli EPQ № ******* saylı qərarı ləğv edilsin. Nəsimi rayon polis idarəsi 22-ci polis bölməsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar