Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3628/2021 12.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 206-cı maddəsi ilə 12 noyabr 2021-ci il tarixli MN №li ******* seriyalı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 11.11.2021-ci il tarixdə saat 12:15də Sumqayıt şəhərində yerləşən yaşadığı ünvanın qarşısında saxlanılmış və Şəxs narkotik vasitə istehlakçısı olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin sahə rəisi- X4 izahatında göstərdi ki, Şəxs 11.11.2021-ci il tarixdə saat 12:15-də yaşadığı ünvan 1 ünvanın qarşısında saxlanılmışdır. 11.11.2021-ci il tarixdə Şəxs üzərinə şəxsi axtarış aparılarkən onun üzərində narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağa olunmuş digər əşya və predmetlər aşkar olunmamışdır. Lakin, sorğu zamanı Şəxs təxminən 3 aya yaxın müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana qəbul etdiyini bildirmişdir. O ekspertizadan keçirilmiş, narkotik vasitə istehlakçısı olması müəyyən edilmiş və bu barədə protokol tərtib olunmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, bir neçə ay olar narkotik vasitə olan marixuana qəbul edir. 11.11.2021-ci il tarixdə saat 12:15-də yaşadığı ünvan 1 ünvanın qarşısında iki nəfər mülkü geyimdə olan şəxs ona yaxınlaşıb DİN-nin əməkdaşları olduqlarını bildirdilər və onlarla birlikdə Azərbaycan Respublikası Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gəlmələri bildirirldi. Onun üzərinə şəxsi axtarış aparılarkən üzərində narkotik vasitələr, psixotrop maddələr və qanunla qadağa olunmuş digər əşya və predmetlər aşkar olunmamışdır. Lakin 3 aya yaxın müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana qəbul etdiyini polislərə bildirmişdir. Ekspertizadan keçirilmişdir və narkotikdən istifadə etməsi təsdiqlənmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hazırda törətdiyi əməldən peşman olmasını bildirərək ona yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan 11.11.2021-ci il tarixli şübhəli şxəsin tutulma haqqında protokolundan görünür ki, Şəxs 11 noyabr 2021-ci il tarixdə, saat 12:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 12.11.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı Şəxs narkoman olub-olmamasını, hansı narkotik vasitələri qəbul edib-etməməsini və onun məcburi müalicəyə ehtiyacı olubolmamasını müəyyənləşdirmək üçün təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 4430 saylı, 11.11.2021 -ci il tarixli rəyində göstərilmişdir ki, Şəxs kannabiodlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. İXM-nin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 12 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və narkomaniyadan məcburi müalicə təyin edilməklə 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs 11 noyabr 2021-ci il tarixdən tutulduğu 01 (bir) gün nəzərə alınaraq üzərində qəti olaraq narkomaniyadan məcburi müalicə təyin edilməklə 29 (iyirmi doqquz) gün müddətinə inzibati qaydada həbs saxlanılsın. Həbsdə saxlama müddətinin əvvəli 12 noyabr 2021-ci il tarixdən, saat 18:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi hissəsinin icrası İXM-nin 37-ci maddəsinin tələblərinə uyğun icra edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilən X3 Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(060)-3628/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3628/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver