Məhkəmə qərarları › İş №3(060)-3632/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3632/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3632/2021 25.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X3 iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin inzibati xəta haqqında iş üzrə 09 sentyabr 2021-ci il tarixli MN ******* №li qərarından X5 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, barəsində tərtib olunmuş MN № ******* saylı, 09 sentyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X5 şikayətində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin sahə rəisi X2 tərəfindən tərtib edilmiş 09.09.2021-ci il tarixli, MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar əsasında İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. 09.09.2021-ci il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Bölməsinin əməkdaşları "Sülh Plaza" iş mərkəzində karantin rejimi ilə əlaqədar olaraq reyd keçirmişlər. Bu zaman polis əməkdaşları işlədiyi ofisə daxil olaraq onu cərimələmiş və haqqında inzibati xəta haqqında protokol tərtib etmişlər və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Əvvəlcə otağa 3 nəfər polis əmədaşı daxil olmuşdur. Onlardan biri özünü təqdim etmədən ondan şəxsiyyətini təsdiq edən sənədi, daha sonra isə covid pasportunu təqdim etməyini istəmişlər. Nnun dediyini başa düşmədiyi üçün tibbi maskasını aşağı endirmiş və dediklərini təkrarlamışdır. Bu zaman həmin polis əməkdaşı ona "Niyə tibbi maskadan düzgün istifadə etmirsiniz?" deyə sual vermiş, o da, sakit tonla danışdığına görə maskanı aşağı endirdiyini izah etmişidr. Bu zaman İnzibati xəta haqqında protokolu tərtib edən Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi Şahmar Qəhrəmanov içəri daxil olmuşdur. Həmin polis əməkdaşı Şahmar Qəhrəmanova protokol tərtib etməsi barədə göstəriş vermiş və barəsində 09.09.2021-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib olunmuşdur. Qeyd etmək istəmişdir ki, İXM-nin 61.1.1-ci və 100.3-cü maddələrinin tələblərinə əsasən barəsində tərib olunmuş inzibati xəta haqqında protokolla tanış olmaq hüququ vardır. Lakin o, protokolun surətini tələb etdikdən sonra polis əməkdaşı protokolun surətini ona təqdim etməmişdir. Yəni polis əməkdaşının bu hərəkətsizliyi nəticəsində İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüququ pozulmuşdur. Ondan qanuna uyğun hərəkət etməyini tələb edən polis əməkdaşı öz hərəkətsizlik edərək onun hüququnu pozmuşdur. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 04.11.2021ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 25 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 şikayətə uyğun izahat verərək barəsindəki 09 sentyabr 2021-ci il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X5 barəsində 09 sentyabr 2021-ci il tarixdə MN № ******* saylı protokol tərtib olunmuş və həmin protokola əsasən 09 sentyabr 2021-ci il tarixdə MN № ******* saylı qərar qəbul edilərək X5 barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100,00 (bir yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X3 İXM-nin 211.2-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X5 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinə X5 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol və sair) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən bölmə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin X5 barəsindəki inzibati xəta haqqında 09 sentyabr 2021-ci il tarixli MN ******* №li qərarı ləğv edilsin. Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsi tərəfindən X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar