Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3644/2021 30.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X1 müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01.09.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X2 şikayətlə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01.09.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi müvafiq olaraq gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti onunla əsaslandırılmışdır ki, barəsində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 01.09.2020-ci il tarixli 0757964/2020 saylı qərar tərtib olunmuşdur. Həmin qərara əsasən əsassız olaraq 3500 manat cərimə olunmuşdur. 2020-ci il tarixdə obyektlərin fəaliyyətə başlaması avqust ayının 25-nə təsadüf edir. Obyekt Sumqayıt- Novxanı yolunun solunda "Antalya" adı altında fəaliyyət göstərir. Həmin obyekti 2020-ci il may ayından icarəyə götürüb, lakin pandemiya üzündən işlədə bilməyib. Gələcəkdə obyekti əldən verməmək üçün məcbur aylıq icarə verirdi ki, başqa adam götürməsin. Bu müddət ərzində o, qardaşları obyektin cari təmir işlərini aparırdı. 18.08.2020-ci il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları obyektə gəldilər və bildiriş təqdim etdilər ki, çirkab suların və bərk tullantıların zərərsizləşdirilməsi üçün aidiyyatı qrumlarla müqavilə bağlayaq və icra müddəti də 01.09.2020-ci il tarix qeyd olundu. Sumqayıt Təmizlik Departamenti ilə neçə ildir bu obyektin bərk tullantıların zərərsizləşdirilməsi barədə müqaviləsi vardır. Lakin məlumat verməyinə baxmayaraq heç araşdırmadılar ki, bu həqiqətdir ya yox. Bu hal bir daha göstərir ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları obyektin cərimələnməsi üçün gəliblər, işin mahiyyətinə isə səhlənkar və qeyri-ciddi yanaşırlar. 25 avqust 2020-ci il tarixdə obyektin açılışı olacaq, ona görə tam qanuni əsaslarla fəaliyyət göstərib. Buna görə də "xxxx" MMC ilə müqavilə bağladı, hətta 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə də getdi və müqaviləni hüquqşünasa göstərdi, o da bildirdi ki, narahat olmasın. Lakin 03.11.2021-ci il tarixdə İcra şöbəsində bildi ki, elə həmin tarixdə 01.09.2020-ci il tarixdə cərimə olunub. İnzibati xəta olmadığına görə inzibati məsuliyyət də yoxdur. Belə olan halda həmin qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib olunmuş 01.09.2020-ci il tarixli 0757964/2020 saylı qərar “İnzibati tənbeh vermə haqqında’’ Qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 müdafiəçisi Vəkil məhkəmə iclasında Seydəmirov Rövşənin ifadəsinə uyğun ifadə verərək 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində tərtib olunmuş 01.09.2020-ci il tarixli 0757964/2020 saylı qərar “İnzibati tənbeh vermə haqqında’’ Qərarın ləğv edilməsi və barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 18.08.020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, “Antaliya” AİM-də formalaşan çirkab suların və bərk məişət tullantılarının daşınıb zərərsizləşdirilməsi üçün aidiyyəti təşkilatlarla müqavilə bağlanmayıb. Tullantıların emalı yeri müəyyən deyil. Bununla da azərbaycan Respublikasının İXM-nin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01.09.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, vəzifəli şəxs X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati qaydada 3500 (üç min beş yüz) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 18.08.2020-ci il tarixli, 63 nömrəli Məcburi Göstərişdən müəyyən olunur ki, İstirahət Mərkəzinin fəaliyyəti zamanı formalaşan çirkab suların və bərk məişət tullantılarının daşınıb zərərsizləşdirilməsi üçün aidiyyəti təşkilatlarla müqavilə bağlanmış və icra müddəti 01 sentyabr 2020-ci ilədək müəyyən edilmişdir. İş materiallarında olan “tullantı sularının zərərsizləşdirilməsinə dair” 21.08.2020-ci il tarixli 41 nömrəli müqavilədən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 169 nömrəli qərarına əsasən Bakı (Sumqayıt) şəhəri, Xəzər sahilboyu zolağında mövcud və potensial çirkləndirmə mənbələrini aşkara çıxararaq, ayrı-ayrı istifadəçilər tərəfindən yaranan çirkab sularının müvafiq su təmizləyicisi stansiyalarına yönəldilərək təmizlənməsinin təmin edilməsi məqsədilə "xxxx" MMC-nin direktoru cənab famil Alkərəmov ilə sifarişçi “Antalya” istirahət mərkəzinin məsul şəxsi Seydəmirov Rövşən arasında müqavilə bağlanılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə vəkilin çıxışını dinləyib, iş materiallarını araşdıraraq müəyyən edir ki, 18.08.2020-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları “Antalya” X3 gəlib çirkab suları və bərk tullantların zərərsizləşdirilməsi üçün aidiyyatı qurumlarla müqavilə bağlanması və icra müddətinin 01.09.2020-ci il tarixə kimi müəyyən edilməsi ilə bağlı məcburi göstəriş vermişlər. R.Seydəmirov tərəfindən tullantıların zərərsizləşdirilməsi üçün 21.08.2020-ci il tarixdə "xxxx" MMC ilə müqavilə bağlanmasına baxmayaraq R.Seydəmirov barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta hadisəsini törətməsi barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilmədiyindən barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin olunmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01.09.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 01.09.2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.1.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3644/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3644/2021
30.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver