Məhkəmə qərarları › İş №3(060)-3663/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3663/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3663/2021 29.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, şikayət vermiş şəxs X4 iştirakı ilə, Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin inzibati xəta haqqında iş üzrə 12 noyabr 2021-ci il tarixli MN ******* №li qərarından X6 tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: X6 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin sahə rəisi, polis mayoru X2 tərəfindən tərtib olunmuş MN № ******* saylı, 12 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı və həmin qərar əsasında 200,00 manat məbləöində cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X6 şikayətində göstərmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin polis mayoru X2 tərəfindən 12 noyabr 2021-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilmişdir. Həmin 211.1-ci maddəsi ilə 200 (iki yüz) manat cərimə edilmişdir. O, barəsində tərtib olunmuş MN № ******* saylı qərarla razılaşmamışdır. Barəsində qərarın tərtib edilməsinə səbəb guya onun 00:30-da Sumqayıt şəhəri, H.Əliyev prospektində yerləşən “PVB KLVB” cay evində karantin qaydalarını pozması olmuşdur. Bildirir ki, 00:30da o, çay evinin daxilində olmamıdır. Həmin vaxt o, çay evinin həyətində (xaricində) olmuşdur. Polis nəfərləri özlərini təqdim etmədən onları məcburən çay evinin daxilinə yığmaq istəyən zaman o, bunun səbəbini soruşduqda onu Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinə aparmışlar. O, qərar qəbul edilən gün saat 00:00-dan sonra çay evinin daxilində olmamışdır. Protokola ona boş vərəqə qol çəkdirib səhəri gün gəlib həll edərik deyilmişdir. Səhər gəldikdə isə protokol tərtib edilmişdir. Buna görə də hesab edir ki, barəsində tərtib olunmuş qərar ləğv edilməlidir. Qeyd edir ki, polis bölməsində barəsində raport yazılmışdır. Raportda düzgün qeyd edilməmişdir ki, o, post patrul maşını ilə polis bölməsinə aparılmışdır. Dostları polis bölməsinə aparıldıqdan 15-20 dəyqə sonra o, şəxsən özü dostlarının vəziyyəti ilə maraqlanmaq üçün polis bölməsinə getmişdir. Orada onun adını qeyd etmişlər ki, bu da orada olmuşdur və bu səbəbdən də barəmdə protokol qəbul edilmişdir. İnzibati xəta haqqında qərardan şikayət Sumqayıt Şəhər Məhkəməsinə 19.11.2021ci il tarixdə daxil olmuşdur. İXM-nin 131.1-ci maddəsinə görə İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə daxil olduğu gündən on gün müddətində baxılır. İnzibati xəta haqqında işə baxılması 29 noyabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqan Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və bu barədə məhkəməyə heç bir məlumat vermədiklərindən məhkəmə hazırki işə Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 şikayətə uyğun izahat verərək barəsindəki 12 noyabr 2021-ci il tarixli MN ******* №li inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq və şikayət vermiş şəxsin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə olunmuş mübahisələndirilən qərarın surətindən görünür ki, X6 barəsində 12 noyabr 2021-ci il tarixdə MN № ******* saylı qərar qəbul edilərək X6 barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 200,00 (iki yüz) manat məbləğində cərimə olunmuşdur. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X4 İXM-nin 211.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və X6 öz təqsirsizliyini sübuta yetirməli deyil. Belə ki, məhkəmə tərəfindən Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinə X6 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə göndərilmiş məhkəmə bildirişində, həmçinin mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol və sair) məhkəməyə təqdim olunması təklif olunsa da, adı çəkilən bölmə tərəfindən qeyd olunan sübutlar məhkəməyə təqdim olunmamışdır. Göstərilən asaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şikayət təmin olunsun. Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsinin X6 barəsindəki inzibati xəta haqqında 12 noyabr 2021-ci il tarixli MN ******* №li qərarı ləğv edilsin. Sumqayıt şəhər Polis İdarəsi 4-cü polis bölməsi tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar