Məhkəmə qərarları › İş №3(060)-3679/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3679/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3679/2021 06.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 26, mənzil 2 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) VÖEN: ********** barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 15 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 2019-cu il üzrə maliyyə hesabatlarının 2020-ci ildə auditinin aparılmasına görə inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC barəsində tərtib olunmuş MN № ******* saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 23.11.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 06 dekabr 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə daxil olmuş materialla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə 02 noyabr 2021-ci il tarixdə yazılı surətdə bildiriş göndərməklə, 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməsi ilə əlaqədar məcburi auditdən yayınmağına görə 15 noyabr 2021-ci il tarixdə, saat 09:30-da Azərbaycan Rerspublikasının Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə gəlmələri xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin Şəxs MMC-yə ünvanlanmış 15 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, MMC tərəfindən 2019-ci il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə 15 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun surəti Şəxs MMC-yə göndərilmişdir. “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq qanuna görə öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında 21 dekabr 2018-ci il tarixli 556 nömrəli qərarına əsasən “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları” təsdiq edilmiş, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılmışdır ki, yeni yaradılan və ləğv olunan sahibkarlıq subyektlərinin, habelə il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin illik gəlirləri barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılmışdır ki, il ərzində fəaliyyəti olan sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatın hesabat ili başa çatdıqdan sonra növbəti il aprelin 20-dən gec olmayaraq, real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ötürülməsini təmin etsin. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Belə ki, Şəxs MMC illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar auditor rəyini Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müvafiq qurumuna təqdim etməmişdir. Şəxs MMC- “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş hallarda 2019-cu il üzrə maliyyə hesabatlarının auditinin 2020-ci ildə həyata keçirilməli olan məcburi auditdən yayındığına görə İXM-nin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs MMC-nin barəsində həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. İXM-nin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC-nin barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114, 115, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 26, mənzil 2 olan Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 1.500 (bir min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar