Məhkəmə qərarları › İş №3(060)-3680/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3680/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3680/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 06 noyabr 2021-ci il tarixli, 00700-0213/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, Azərbaycan prospekti, ev 2 olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsinə əsasən 06 noyabr 2021-ci il tarixli 00700-0213/21 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC (VÖEN **********) 31.07.2019-cu il tarixdə **********0600 saylı və 18.07.2019-cu il tarixdə **********8330 saylı GB-lərlə “Tərkibində 99,48% mis ola biçmələr” yükünü Sumqayıt BGİ-də xaricdə emal xüsusi gömrük proseduru altında bəyan edərək X1 şəhəri Deri Osb. X2 ll, Blok 2/4 Tuzla ünvanında qeydiyyatda olan “X3 İhracat Sanayi ve Ticaret” Limited şirkətinə ixrac etmişdir. Lakin aparılan yüklərin xaricdə emal xüsusi gömrük proseduru altında qalma müddətinin bitməsinə baxmayaraq göndərilən yüklər geri qaytarılmamışdır və bu səbəbdən xaricdə emal xüsusi gömrük proseduru qaydaları pozulmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etmədiklərindən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 497-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 497-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin rəhbərliyinə ünvanlanmış 04.10.2021-ci il tarixli, 1500-012/004-24/001038 saylı məktubdan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsində Şəxs MMC-yə xaricdə emal xüsusi gömrük proseduru altında "xxxx" yükü ixrac olunmuşdur. Müəssisə tərəfindən emal prosesi üçün təqdim edilmiş öhdəlikdə qeyd olunan müddətin başa çatmasına baxmayaraq mallar emaldan sonra geriyə qaytarılmamış və yaxud ixrac gömrük proseduru altında yerləşdirilmişdir. Yaranmış gömrük borclarının ödənilməsinin təmin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.02.2014-cü il tarixli, 34 saylı qərarının 10.1-ci maddəsinin tətbiqi ilə əlaqədar təminat üsullarından üçüncü şəxsin zaminliyi olaraq tərəfindən təqdim edilmiş 01.06.2019-cu il tarixli, 02 saylı zəmanət məktubuna əsasən qısa müddətdə ödənilməli olan vergilərin dövlət büdcəsinə köçürülməsinin təmin edilməsi barədə Şəxs MMC-nin rəhbərliyinə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 06 noyabr 2021-ci il tarixli icraatın başa çatdırılması haqqında raportdan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsi Təhqiqat bölməsinin rəisi gömrük xidmət polkovnik-leytenantı Rəşad Cabbarov tərəfindən Şəxs MMC-nin barəsində İXM-nin 497-ci maddəsi ilə icraat aparılan 00700-0213/21 saylı inzibati xəta haqqında iş üzrə icraat başa çatdırılaraq iş aidiyyəti üzrə baxılması üçün 20 noyabr 2021-ci il tarixli qərardadla baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsinə əsasən Malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üçün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən 31.07.2019-cu il tarixdə **********0600 saylı və 18.07.2019-cu il tarixdə **********8330 saylı GB-lərlə “Tərkibində 99,48% mis ola biçmələr” yükünü Sumqayıt BGİ-də xaricdə emal xüsusi gömrük proseduru altında bəyan edərək X1 şəhəri Deri Osb. X2 ll, Blok 2/4 Tuzla ünvanında qeydiyyatda olan “X3 İhracat Sanayi ve Ticaret” Limited şirkətinə ixrac etmişdir. Lakin aparılan yüklərin xaricdə emal xüsusi gömrük proseduru altında qalma müddətinin bitməsinə baxmayaraq göndərilən yüklər geri qaytarılmamışdır və bu səbəbdən xaricdə emal xüsusi gömrük proseduru qaydaları pozulmaqla Azərbaycan Respublikası İXM-nin 497-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədmişdir. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-yə İXM-nin İXM-nin 497-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protkoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri 434.775,00 (dörd yüz otuz dörd min yeddi yüz yetmiş beş) manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, Azərbaycan prospekti, ev 2 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində (434.775,00 manat X 30%), yəni 130.432,50 (yüz otuz min dörd yüz otuz iki manat əlli qəpik) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar