Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3687/2021 23.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Məmmədov Anar Məhəmməd oğlunun iştirakları ilə, 20.03.1995-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Məmmədov Anar Məhəmməd oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta törədilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məmmədov Anar Məhəmməd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi inzibati xəta haqqında AP seriyalı ******* N-li, 31.10.2021-ci il tarixli protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü Məmmədov Anar Məhəmməd oğlu təhlükəsizlik kəmərindən isitfadə etmədən nəqliyyat vasitəsini idarə etdiyi üçün saxlanılmış, yoxlama zamanı məlum olmuşdur ki, sürücü narkotik vasitənin sərxoşluğu vəziyyətində avtomaşını idarə edib. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Məmmədov Anar Məhəmməd oğlunun barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məmmədov Anar Məhəmməd oğlu bildirmişdir ki, onun barəsində AR İXM-nin 333.1-ci maddəsinə əsasən AP ******* nömrəli protokol tərtib olunmuşdur. Polis əməkdaşları tərəfindən saxlandıqdan sonra onun narkotik vasitənin sərxoşluğu vəziyyətində olduğunu müəyyən etmək üçün həkim rəyi verilmişdir. İş materiallarına AR Səhiyyə Nazirliyi Narkoloji Dispanser tərəfindən verilmiş rəy əlavə edilmişdir, saat 09:10da müayinədən keçmiş və rəydə narkotik vasitənin sərxoşluğu vəziyyətində olması göstərilmişdir. Məmmədov Anar Məhəmməd oğlu bildirdi ki, 44 günlük “Vətən Müharibəsinin” iştirakçısıdır. Döyüş zamanı kəllə-beyin travması alaraq yaralanmışdır. Bununla əlaqədar dərman perepatları qəbul edir. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materillarından olan 31.10.2021-ci il tarixli, 9288 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Məmmədov Anar Məhəmməd oğlu saat 09:10-da müayinə vaxtı narkotik vasitənin sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyi Abşeron rayon Poliklinikası tərəfindən ambulator xəstənin tibbi kartasından müəyyən olunur ki, Məmmədov Anar Məhəmməd oğlunda generalizə edilmiş həyəcan pozuntuları mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair” elektron arayışdan müəyyən olunur ki, Məmmədov Anar həqiqətən 14.01.2015-04.07.2016, 29.09.2020-31.12.2020 tarixlərində həqiqi hərbi xidmət keçmişdir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 73-cü maddəsinin İİİ bəndinin 1-ci yarımbəndində göstərilmişdir ki, sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır: təchizatından asılı olaraq nəqliyyat vasitələrindəfaraların yaxın və ya uzaq işıqları və arxa qabarit işıqları, velosipedlərdə-faralar və ya fənərlər, at arabalarında-fənərlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvan inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən xüsusi şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Eyni zamanda iş materiallarından müəyyən olunur ki, sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmişdir. Məhkəmə hesab edir ki, İXM-nin 69.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Beləliklə, iş materillarından olan 31.10.2021-ci il tarixli, 9288 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından müəyyən olunur ki, Məmmədov Anar Məhəmməd oğlu saat 09:10-da müayinə vaxtı narkotik vasitənin sərxoşluğu vəziyyətində olmuşdur. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmişdir. Məhkəmə hesab edir ki, Məmmədov Anar Məhəmməd oğlunun 44 günlük “Vətən Müharibəsi” iştirakçısı olması və müharibə zamanı yaralanaraq kəllə-beyin travması ilə əlaqədar müalicə alaraq dərman preparatlarının qəbul edildiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında işüzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü madəsində nəzərdə tutlmuş hallardan biri mövcud olduqda iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2 və 114.2.1-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Məmmədov Anar Məhəmməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, həmin məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-3687/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3687/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver