Məhkəmə qərarları › İş №3(060)-369/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-369/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-369/2023 08.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Cahid İsgəndərlinin, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Məktəbli küçəsində fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə Şəxs Sumqayıt RND-də sidik analizi vermiş, analiz nümunəsində narkotik maddə olan amfetamin aşkar edildiyi üçün İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi, polis leytenantı Cahid İsgəndərli izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şəxs Sumqayıt RND-də sidik analizi vermiş, analiz nümunəsində narkotik maddə olan amfetamin aşkar edildiyi üçün barəsində İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilmişdir. Əlavə olaraq C.İsgəndərli Şəxs anasının onkoloji xəstəlikdən əziyyət çəkdiyini və anasının onun himayəsində olmasını bildirdi. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü tam təqsirli bilərək göstərdi ki, o xx.xx.2023-cü il tarixdə, təxminən saat 22:40 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Məktəbli küçəsi, 19 saylı tam orta məktəbin yaxınlığında olduğu zaman, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim ettmiş və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhələndiklərinə görə saxladıqlarını bildirib onu polis idarəsinə dəvət etmişlər. PB-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələr barədə bildiriş təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt özü əynində olan qara rəgli gödəkçənin qarşısını açaraq sol qoltuqaltı nahiyəsində saxlamış olduğu 1 ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana”ya bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş bitki kütləsinin nəşə olduğunu, həmin bitki kütləsini Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 80 manata aldığını və üzərində saxladığını bildirmişdir. Onun üzərindən aşkar edilmiş qurudulmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman, həmin bitki kütləsinin çəkisinin 0,445 kiloqram olduğu müəyyən edilmiş və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Buna görə də 29 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və müvəqqəti saxlama yerində saxlanılmışdır. Lakin ekspert rəyi əsasında üzərindən aşkar olunan maddənin narkotik vasitə olmadığı üçün 30 yanvar 2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə Sumqayıt RND-də sidik analizi vermiş, analiz nümunəsində narkotik maddə olan amfetamin aşkar edilmişdir. Narkotik vasitələrdən bir aydan bir istifadə edir. Anası onkoloji xəstədir və onun himayəsindədir, mütəmadə həkim müayinəsinə getməklə, lazımi prosedurlar qəbul edir. Əgər barəsində həbs növündə inzibati tənbeh seçilərsə anasına baxan heç kimsə olmayacaqdır. Əməlindən səmimi peşmandır, gələcəkdə bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd edilənlərə əsasən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 29 yanvar 2023-cü il tarixdə, saat 22:40-da Şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Abdullayev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Şəxs üzərinə şəxsi axtarışa bəşlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və özünün seçdiyi hüquqlarını:' müdafiəsini təmin edəcək vəkili X4 təqdim olunmuş, daha sonra vidoçəkiliş vasitəsilə Şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirirərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Şəxs özü əynində olan qara rəngli gödəkçənin qarşısını açaraq sol qoltuq altı, nahiyəsində saxlamış olduğu 1 ədəd ağ rəngli sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torba açılmış, içərisində yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan “marixuana a bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Şəxs üzərindən aşkar olunmuş bitki kütləsinin narkotik vasitə olan “nəşə” olduğunu, həmin bitki kütləsini dünən Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadə n üçün 80 manata aldığını və üzərində saxladığını bildirmişdir. Şəxs üzərindən aşkar edilmiş qurudulmuş bitki kütləsi tərəziyə qoyulub çəkilən zaman, həmin bitki kütləsinin çəkisinin 0.445 kiloqram olduğu müəyyən edilmiş və həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7\127 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ağ kağız üzərində “ŞS....Şəxs” yazılar və imzalar olan üzəri skoçla bağlanmış ağ rəngli sellofan bağlamada təmiz çəkisi - 430.0 qram olan bitki mənşəli kütlə, narkotik vasitə deyildir. Sumqayıt ŞPİ-nin 2-ci PB-nin təhqiqatçısı, polis kapitanı Taleh Abdullayev tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir və Şəxs əməlində inzibati xəta tərkibi olduğundan, onun inzibati məsuliyyətə cəlb edilməsi üçün həmin qərarın surəti Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə göndərilmişdir. İş materiallarında olan 349 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, X2 Kannabioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 494 №li ambulator-məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, A/153 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:20-də müayinə olunmuş və narkotik vasitə amfetamin və opioidlərin qəbul etməsi faktı aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını yüngülləşdirilən hal kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən halı, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 22:40-a tutulmuş, 30 yanvar 2023-cü ildə azad edilmişdir. Bu nəzərə alınmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 12 (on iki) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin, və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən 01 (bir) gün tutulduğu müddət nəzərə alınmaqla qəti olaraq 350 (üç yüz əlli) manat məbləğində cərimə olunsun. Vəkil X3 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar