Məhkəmə qərarları › İş №3(060)-3696/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3696/2021

24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3696/2021 24.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil, İcra sənədi üzrə tələbkar X2, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində doğulmuş, ali təhsilli, fərdi qaydada usta işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 17-ci mkr, ev 63, mənzil 63 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 30.07.2020-ci il tarixli icra sənədi üzrə 4420 manat aliment borcunun ödənilməsi tələb edilmiş, lakin ödənilməmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)- 3558/2020 saylı, 30 iyul 2020-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs X2 xeyrinə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3558/2020 saylı, 30 iyul 2020-ci il tarixli qətnaməsi ilə 25.07.2013cü il təvəllüdlü X7 və 14.03.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər birinə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı X3 ödənilməli, alimentin tutulması 04.06.2020-ci il tarixdən hesablanmalıdır. Tərəflər arasında barışıq olması üçün onlarla dəfələrlə əlaqə saxlamış, lakin heç bir nəticəsi olmamışdır. Şəxs indiyədək aliment ödəməmiş, 4420 manat məbləğində aliment borcu var və həmin borcu ödəməkdən yayınır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar X6 izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3558/2020 saylı, 30 iyul 2020-ci il tarixli qətnaməsinə əsasən 25.07.2013cü il təvəllüdlü X7 və 14.03.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər birinə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq ona ödənilməli, alimentin tutulması 04.06.2020-ci il tarixdən hesablanmalıdır. Şəxs ilə eyni evdə kirayə yaşayırlar. O, kirayə pulunu ödəsə də indiyədək aliment ödəməmiş, 4420 manat məbləğində aliment borcu var və həmin borcu ödəməkdən yayınır. Ona görə də Şəxs barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 30.07.2020-ci il tarixli qətnaməsi ilə ondan tələbkarın xeyrinə aliment tutulmuşdur. Hər ay aliment ödəməsə də, tələbkara maddi köməklik göstərmiş, indiyədək tələbkarla bir evdə yaşamış və evin kirayə pulunu özü ödəmişdir. Həmçinin övladının hazırlıq pulunu da ödəyir. Özü fərdi əməklə məşğuldur, tikintidə usta işləyir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil Şəxs pulu ödəməməsinin qərəzli deyil, üzrlü səbəbdən olduğunu, onun daimi iş yerinin olmaması, qazanc əldə edə bilməməsinin nəzərə alınaraq inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunun, icra sənədi üzrə tələbkarın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və onun müdafiəçisinin izahatlarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İnzibati həbsin əvvəli 24 noyabr 2021-ci il tarixdən, saat 17:30-dan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 24 noyabr 2021-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar