Məhkəmə qərarları › İş №3(060)-370/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-370/2025

10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-370/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X8, Zərərçəkmiş şəxs X3 , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yaşayan (FİN: xxxxxxx ) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X10 tərəfindən xx.xx.2025-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-434/2018 nömrəli icra sənədi üzrə 74135 manat borcunu üzrsüz səbəbdən ödəməkdən qərəzli olaraq yayınır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X10 bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-434/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X4 vurulmuş maddi ziyan kimi 75112,02 manat tələbkar X5 verilməlidir. Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-434/2018 nömrəli icra sənədi üzrə 74135 manat borcunu ödəməkdən üzrsüz səbəbdən yayınır. Tələbkar borcunu tam mələğdə tələb edir. Digər borclu vəfat etmiş və onun adına əmlak aşkar edilməmişdir. Göstərilən halları nəzərə alaraq qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, özünü təqsirli bilmir. Belə ki, o dəfələrlə borcundan müəyyən məbləğdə ödəniş etmək istəsə də, hesab nömrəsinin dəyişməsi ilə əlaqədar ödənişi edə bilməmişdir. Daha sonra ona İcra İdarəsi tərəfindən yeni hesab nömrəsi təqdim edilmiş, o isə işləmədiyi üçün ödənişi edə bilməmişdir. Hazırda işlə təmin olunmuşdur. Borcundan hər ay stabil olaraq ödəniş etmək istəyir. Həmçinin, bu gün borcundan 1500 manat ödəniş etmişdir. Göstərilən halları, eyni zamanda himayəsində bir qız övladının olmasını nəzərə alaraq iş üzrə borcun ödənilməsi üçün ona möhlət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 bildirmişdir ki, borclu 10 ildən çoxdur ki, evə girib qızılları oğurlayıb. Cəzasının çəkilməsi uşağı olduğu üçün təxirə salınmışdır. Hazırda borcundan 35000 manat ödənilməsini və qalan məbləğin bir il ərzində hissə-hissə olaraq ödənilməsini tələb edir. Göstərilən halları nəzərə alaraq protokolun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs borcunu səmimi etiraf edir. Borcundan bu gün də ödəniş edib. Göstərilən halları nəzərə alaraq borclu barəsində yüngül tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-434/2018 nömrəli icra sənədinə əsasən borclular Şəxs və X4 vurulmuş maddi ziyan kimi 75112,02 manat tələbkar X5 verilməlidir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildirişindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-434/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Şəxs tələb edilmişdir. Bildiriş Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X1 hesabına 1500 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-434/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclular Şəxs və X4 vurulmuş maddi ziyan kimi 75112,02 manat tələbkar X5 verilməlidir. İş üzə xx.xx.2019-cu il tarixli tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmiş, borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və yalnız axtarış qərarı əsasında İcra İdarəsinə gətirilmişdir. Borclu maddi vəziyyətinin pis olmasını qeyd edərək heç bir ödəniş edə bilmədiyini bildirmişdir. Tələbkar isə şikayət edərək ödənişin təmin edilməsini tələb edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək icra sənədini icra etməməsi, həmçinin icra idarəsində gəlməkdən yayınması icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs himayəsində bir uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, vəkilin iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi vaxta müvafiq pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar