Məhkəmə qərarları › İş №3(060)-371/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-371/2024

06.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-371/2024 06.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) xx.xx.2024-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08:40 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində küçə söyüşləri söyərək ictimai qaydanı qoruyan polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X6 izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə raport icraatına daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 08:40 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində küçə söyüşləri söyərək ictimai qaydanı qoruyan polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində yerləşən Kapital Bankın qarşısında olarkən mobil telefonla danışan zaman bir nəfər şəxsin ona olan borcunu verməməsi səbəbindən söyüş söymüş, bunu eşidən polis əməkdaşları ona yaxınlaşmış və polis bölməsinə dəvət etmişlər. O, polis bölməsinə gedərkən hansı səbəbdən bölməyə dəvət edilməsinin səbəbini bilmədiyindən əsəbi olmuş, buna görə tabesizlik göstərmişdir. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil inzibati xətanı törətmiş şəxsin xəstə anası olmasını, əməlini səmimi etiraf etməsini nəzərə alaraq barəsində minimum həddə cərimə tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin sahə rəisi, polis mayoru X5 bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 08:40 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllə ərazisində xidmət apardığı zaman bir nəfər qadının ucadan nalayiq küçə söyüşləri söydüyünü eşidib həmin qadına yaxınlaşaraq nizam-intizama dəvət etmiş, qadın onun tutduğu qanuni iradlara məhəl qoymayaraq öz qanunsuz hərəkətlərinə davam edərək, qərəzli şəkildə dövlət orqanlarının nüfuzuna xələl gətirəcək sözlər deməyə başlamışdır. Bu səbəbdən həmin şəxsi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişdir. Polis bölməsində 20 dəqiqəyə yaxın həmin şəxsi sakitləşdirə bilmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi, şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirildiyi üçün o, həmin maddələr ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki iş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, Şəxs ictimai qaydanı pozaraq nalayiq ifadələr işlətmiş, polis əməkdaşları tərəfindən nizamintizama dəvət edilməsinə baxmayaraq məhəl qoymamış, bundan sonra PB-nə dəvət edilmiş orada yenidən öz hərəkətlərini davam etdirməklə polisin qanuni tələbinə tabe olmayaraq iş rejimini pozmuşdur. İş materiallarından göründüyü kimi Şəxs faktiki olaraq 06 fevral 2024-cü il tarixdə səhər saatlarından tutulmuşdur, məhkəməyə polis əməkdaşları vasitəsi ilə gətirildiyindən, yəni məcburi qaydada iradəsindən kənar məhkəməyə gəldiyi üçün Şəxs tutulduğu vaxtdan işin məhkəmədə baxılana qədər onun azadlığının məhdudlaşdırılması davam etdiyindən ona inzibati tənbeh tətbiq edilərkən həmin müddət nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının (bundan sonra AİHK) 5-ci maddəsinin 1-ci bəndi çərçivəsində azadlıqdan məhrum etmə anlayışı üzrə qeyd olunur ki, həm obyektiv hər hansı şəxsin əhəmiyyətli müddət ərzində müəyyən qapalı sahədə həbs altında saxlanması və əlavə subyektiv element - həmin şəxsin sözügedən azadlıqdan məhrum edilməyə qanuni razılıq verməməsi daxildir (Ştork Almaniyaya qarşı, Stanev Bolqarıstana qarşı). Nəzərə alınmalı olan müvafiq obyektiv amillərə qapalı sahəni tərk etmək imkanı, nəzarətdə saxlanma, təcrid edilmə dərəcəsi, cəmiyyətlə əlaqə qurmaq imkanı daxildir (Quzzardi İtaliyaya qarşıH.M. İsveçrəyə qarşı, H.L. Birləşmiş Krallığa qarşı, Ştork Almaniyaya qarşı) Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X2rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Buna görə də inzibati xəta törətmiş Şəxs barəsində tətbiq edilmiş inzibati cərimə mütənasib qaydada azaldılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsiə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 66.4-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.4-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinib inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq ona İXM-nin 510-cu maddəsi ilə 50 (əlli) manat məbləğində, İXM-nin 535.1-ci maddəsi ilə 150 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ümumilikdə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar