Məhkəmə qərarları › İş №3(060)-3710/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3710/2021

25.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3710/2021 25.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Məmmədovun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinin sahə rəisi Elman Hüseynovun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakıları ilə, xx.xx.1993-cü ildə Salyan rayonu, Çuxanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi 5-ci polis bölməsinin sahə rəisi Elman Hüseynov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati xəta haqqında 25 noyabr 2021-ci il tarixli MN № ******* №-li protokol tərtib olunmuşdur ona görə ki, Şəxs narkotik vasitə istifadəçisidir. Belə ki, o Sumqayıt şəhəri, Cerkassi küçəsində polisi görüb qaçdığı üçün 24 noyabr 2021-ci il tarixdə ekspretizadan keçirilərkən OPİ tərkibli narkotik maddə istifadəçisi olduğu aşkarlanmışdır. Sumqayıt şəhər polis idarəsi 5-ci polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 25 noyabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsi 5-ci polis bölməsinin sahə rəisi Elman Hüseynov tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, narkotiki həmişə istifadə etmir. Təxminən 1 həftə öncə kakos kimi bilinən narkotik vasitədən istifadə etmişdir. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materialında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Narkoloji Dispanserinin A/1164 №li 24 noyabr 2021-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına görə Şəxs sidiyində müayinə vaxtı (24 noyabr 2021-ci il saat 13:40) Opoidlər (narkotik tərkibli maddə) aşkar olunmuşdur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən İXM-nin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 25 noyabr 2021-ci il tarixdən, saat 18:35-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar