Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-373/2023 09.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 katibliyilə, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə xx.xx.1971-ci ildə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Abşeron rayonu, Saray qəsəbəsi, X12 küçəsi, ev 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (bundan sonra mətndə İXM-nin) xx.xx.2023-cü il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində Sumqayıt şəhəri, RİQ və TB şöbəsinin yaxınlığında idarə etdiyi avtomobil ilə hərəkət edən zaman dövlət əhəmiyyətli tədbirlə bağlı yollar bağlı olduğu halda o, hərəkəti davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 09 fevral 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs, Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:50 radələrində Sumqayıt şəhəri, RİQ və TB şöbəsinin yaxınlığında idarə etdiyi ”Mercedes Benz” yük markalı avtomobillə hərəkət edən zaman dövlət əhəmiyyətli tədbirlə bağlı yollar bağlı olduğu halda o, hərəkəti davam etdirərək polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi ”Mercedes Benz” yük markalı avtomobillə Stansiya Sumqayıtdan Bakı-Quba yoluna tərəf hərəkətdə olan zaman qarşıda çoxsaylı avtomobillərin dayandığını görmüş, bu zaman əks istiqamətə açıq olan bir zolaqla onunla eyni istiqamətdə hərəkət edən avtobus həmin zolağa çıxdığı üçün ardı ilə hərəkət etmiş, bu zaman DYP inspektoru qarşısında olan avtobusu buraxmış, ona isə avtomobili saxlamasını tələb etdikdə o, avtomobilini saxlayaraq Bakı-Quba yolunun Bakı istiqamətinə yolun açıq olduğu üçün Saray qəsəbəsinə dönmək üçün icazə verməsini xahiş etmiş, lakin inspektor təkidlə “olmaz” dedikdə o, idarə etdiyi avtomobili yoldan kənara torpaq əraziyə çəkmək istəyərkən inspektor yenə də onun qarşısını kəsərək avtomobili yoldan kənara torpaq əraziyə çıxarmağa qoymamışdır. Bu zaman o, yenə də avtomobili saxlamış və gözləməyə başlamışdır. Bu zaman inspektor telefonla kimləsə danışmış və bir müddət keçdikdən sonra iki polis əməkdaşı həmin əməkdaşlarından xahiş edərək yoldan kənara torpaq əraziyə maşınını çıxarması üçün şərait yaratmaqlarını istədikdə həmin polis əməkdaşı DYP inspektoruna maşının qarşısından çəkilməsini, yoldan kənara çıxmağa şərait yaratmasını tələb etmiş, inspektor onun avtomobilinin qarşısından çəkilmiş, o, avtomobilinin yoldan kənara torpaq əraziyə çıxarmış və yolun açılmasını gözləmişdir. Daha sonra bir əməkdaş ona yaxınlaşaraq nə baş verdiyini soruşmuş, o da heç bir qanun pozuntusuna yol vermədiyini bildirərək hadisəni ona danışmışdır. Onu saxlayan polis əməkdaşını tanıyır, əvvəllər bir dəfə onu saxlamış, onunla mübahisəsi olmuş, lakin arəsində protokol tərtib edilməmişdir. Hesab edir ki, bu səbəbdən və ya həmin vaxtı polis əməkdaşının əsəbi olduğu üçün barəsində raport tərtib edilmişdir. Sonra polislər onu polis idarəsinə dəvət etmişlər, o da polisin tələbinə tabe olaraq polis idarəsinə getmişdir. Həmin vaxtdan polis idarəsində saxlanılır. Hadisə zamanı yanında oğlu olmuşdur. Natiq adlı şəxs də onu uzaqdan görüb yaxınlaşmışdır. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, tərtib edilmiş protokol qanunsuz və əsassızdır. Həmin vaxt DYP əməkdaşı əsəbi olmuş, həmçinin barəsində protokol tərtib edilmiş şəxslə əvvəllər də aralarında mübahisə olmuşdur. Şəxsin hərəkətlərində qəsd yoxdur. İş materiallarında raportdan başqa şəxsin inzibatı xətanı törətməsini təsdiq edən heç bir sübut yoxdur. Qeyd olunanlara əsasən inzbati xəta haqqında iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ DYPŞ YPX inspektoru, polis baş serjantı Şahid1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 3-4 radələrində dövlət təhlükəsizlik obyektlərinin xüsusi təyinatlı nəqliyyat vasitələrinin Sumqayıt şəhəri, Bakı-Quba magistral yolunda hərəkəti ilə əlaqədar DİN-nin BDYPİ-nin Sumqayıt və Rayonlararası Qeydiyyat və İmtahan şöbəsi istiqamətindən Bakı-Quba yoluna gələn mülki nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırarkən ”Mercedes Benz” yük markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə bir neçə dəfə işarə edərək hərəkət etməməsini bildirmişdir. Avtomobili əvvəlcə oğlu idarə etmiş, sonra özü sükan arxasına keçmişdir. Daha sonra sürücü avtomobili qəsdən onun üzərinə sürərək torpaq yola keçmək istəmişdir. O, əli ilə sürücünün avtomobilinin qabaq hissəsindən vuraraq torpaq əraziyə keçməməsini, keçdiyi halda yolun bağlanacağını bildirmişdir. Lakin sürücü jurnalist olduğunu, yoldan keçməli olduğunu bildirərək ona tabe olmamışdır. Ona görə də əlavə dəstək çağıraraq şəxsi polisin qanuni tələbinə tabe olmadığı üçün ərazi üzrə 5-ci Polis Bölməsinə təhvil vermişlər. Həmçinin qeyd etdi ki, şəxsi tanımır ona qarşı hər hansı qərəzi və ədavəti yoxdur. Məhkəmə iclasında şahid X1 bildirdi ki, Şəxs onun atasıdır və şahid kimi izahat verməyə razıdır. Hadisə baş verən zaman o avtomobildə olmuşdur. Həmin günü onlar başqa bir yerdə yolun bağlı olduğunu görmüşlər və polis əməkdaşı onlara yol göstərərək həmin yolla gedib Ceyranbatan qəsəbəsinə çıxacaqlarını bildirmişdir. Onlar həmin yolu gedib yolun bağlı olduğunu görəndə əsk zolağa çıxıb hərəkətlərini davam etmiş və orada dayanan zaman polis onun atasına bildirmişdir ki, maşını saxlayıb arxaya çəksin. Lakin avtomobil böyük olduğu üçün geriyə hərəkət edə bilməmiş, bundan sonra torpaq yola çıxmaq istədikdə polis əməkdaşı avtomobilin ön hissəsinə əlində olan jezlə vurmuşdur. Polis əməkdaşı onlara yaxınlaşan zaman avtomobilin qarşısında başqa avtomobil olmamış, arxa və yan tərəflərində olmuşdur. Polis əməkdaşı onların avtomobilinin qarşısında dayanmış, lakin avtobusun yolun sol tərəfinə çəkilməsinə icazə vermiş, avtobus yolun sol tərəfinə keçərək torpaq ərazidə dayanmışdır. Həmin vaxt o, avtomobil idarə etməmişdir. Atası polisin qanui tələbinə tabe olmuşdur. Məhkəmə iclasında şahid X8 bildirdi ki, Saray qəsəbəsində yaşadığı üçün Şəxs qəsəbə sakini kimi tanıyır. Həmin gün o, hüzür yerindən qayıdarkən yolun bağlı olduğunu görmüş, avtobusdan düşərək gedən zaman kənardan Qəribəlinin avtomobilini görmüş, yaxınlaşaraq onunla getmək istəmişdir. Bu zaman kənardan görmüşdür ki, o, polis əməkdaşı ilə mübahisə edir. Polis əməkdaşı Qəribəlinin avtomobilinin qabaq hissəsindən vuraraq avtomobili arxaya çəkməsini bildirir. Polis Qəribəlidən əvvəl avtobusun keçməsinə icazə vermişdir. Qəribəli də polis əməkdaşına avtobusu buraxdığı üçün onu da buraxmasını bildirmişdir. Hadisə yeri ilə onun arasında məsafə təxminən 10-12 metr olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 20:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolları tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirildiyi üçün o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyəti ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 11-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin İİİ bəndinə əsasən yol hərəkətinin təhlükəsizliyi üçün real qorxu mövcud olan təcili hallarda nəqliyyat vasitələrinin və piyadaların hərəkətinin təşkilində dəyişikliklər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin icrası yol hərəkətinin bütün iştirakçıları üçün məcburidir. İş materiallarından və məhkəmə iclasında verilmiş ifadələrdən görünür ki, Şəxs polis əməkdaşlarının yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə hərəkəti məhdudlaşdırılmasını gördüyü və səbəbini bildiyi halda idarə etdiyi ”Mercedes Benz” yük markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun əks istiqamətinə keçərək hərəkətini davam etmiş, polis əməkdaşının hərəkəti dayandır işarəsinə məhəl qoymamış, xəbərdarlıq edilməsinə baxmayaraq yolun kənarına hərəkət etmək istəmiş, lakin qarşısı polis əməkdaşı tərəfindən alımışdır. Bununla da, polis qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Bu qənaətə gələrkən məhkəmə xüsusi olaraq vurğulayır ki, avtomobillərin hərəkətinin məhdudlaşdırılması barədə səlahiyyətli orqan tərəfindən qərar qəbul edildiyi halda yol hərəkəti iştirakçıları sözsüz qanuni tələblərə əməl etməli, yol hərəkəti qaydalarını pozmamalı və digər hərəkət iştirakçılarına maneə və ya təhlükə törətməməlidir. Başqa sözlə, polis əməkdaşının göstərişi bütün iştirakçılar üçün mütləqdir və heç bir halda fərdi qaydada yol hərəkəti iştirakçıları polis əməkdaşının diqqətinin yayındırılması və göstərişə zidd hərəkət edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İnzibati həbsin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Polisin saxlama və axtarış səlahiyyətinin icrası zamanı məcburetmə elementi, hətta sözügedən tədbirin müddəti qısa olsa belə, azadlıqdan məhrum edilməyə dəlalət edir (Krupko və başqaları Rusiyaya qarşı, Foka Türkiyəyə qarşı, Gillan və X4rşı, Şimovolos Rusiyaya qarşı, Breqa və başqaları Moldovaya qarşı). Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta ilə bağlı isə həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablansın. Məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-373/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-373/2023
09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver