Məhkəmə qərarları › İş №3(060)-3734/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3734/2021

26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3734/2021 26.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.2003-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, yataqxana 10, məhəllə 9 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 26.11.2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 30.06.2021-ci il tarixdə Sumqayıt şəhəri, 5-ci mikrorayon ərazisindən X1 nəvəsinə məxsus velosiped Şəxs tərəfindən oğurlanaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünün təqsirli olduğunu, velosipedi satdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmədiyini bildirdi. Hazırda əməlindən səmimi peşmandır. Ona görə də, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, Şəxs 30.06.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət edərək həmin gün saat 07:30 radələrində naməlum şəxsin yaşadıqları mənzilin dəhlizindən onun azyaşlı nəvəsi Məhəmmədə məxsus 270 manat dəyərində “Star” markalı velosipedi oğurlaması barədə məlumat vermişdir. Dəymiş zərərin ödənilmədiyini qeyd etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və vəkilin çıxışını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Bu, iş materialları ilə tam təsdiq edilir. Zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi, təqsirləndirilən şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngünləşdirilən hal kimi müəyyənləşdirildi. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin maddənin qeydinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Məhkəməyə daxil olmuş 26.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından müəyyən olunur ki, hadisə 30.06.2021-ci il tarixdə törədilmiş, hadisənin törədildiyi vaxtdan 3 aydan çox müddət keçmişdir. Ona görə də inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 227, 114, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək iş üzrə icraata həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən xitam verilsin. Zərərçəkmiş şəxs X2 vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar