Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3736/2021 26.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin sahə rəisi polis leytenantı X7 oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi – X5 iştirakları ilə, xx.xx.1992-ci ildə ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs barəsində 26.11.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 2021-ci ilin iyul ayında ünvan 2 ünvanında X3 döyərək ona xəsarət yetirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Məzahir İsmayılov izahatında göstərdi ki, Sumqayıt şəhəri 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X11 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17.10.2021-ci il tarixli qərar qəbul edilmiş və vətəndaş Şəxs barəsində onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə polis bölməsinə göndərilmişdir. Belə ki, 2021-ci ilin iyul ayında şəxsi münasibətlər zəminində X6 ilə Şəxs arasında mübahisə yaranmış, mübahisə zamanı sonuncu X4 qarşı fiziki ağrı yetirmişdir. Buna görə də qeyd olunan faktla əlaqədar vətəndaş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur inzibati xətaya dair iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, X6 ilə 09.04.2021-ci ildə ailə həyatı qurmuşdur. Ailə qurduqdan bir müddət sonra aralarında şiddətli mübahisələr yaranmağa başlamış, buna görə də ayrı yaşamağa qərar vermişlər. İyulun 25-də isə boşanmaq üçün müraciət etmişdir. X2 haqqında söylədikləri hamısı yalan və şər-böhtandır. O, X4 qarşı hər hansı bir zor tətbiq etməmiş, onu təhdid etməmişdir. Əksinə sonuncu onu və ailə üzvlərini təhdid edib ailə üzvlərinə zərər vurmuşdur. Odur ki, barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. İnzibati xətaya dair iş üzrə zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi X9 izahatında bildirdi ki, X6 onun qızıdır. Qızı ilə Şəxs ailə həyatı qurandan bir müddət sonra aralarında tez-tez mübahisələr yaranmağa başlamışdır. Şəxs qızını və ailə üzvlərini dəfələrlə hədələmişdir. Həmçinin qızı Möhübbət qaynanası, qaynatası və baldızı tərəfindən təhqir olunmuş, 2021-ci ilin iyul ayında isə Şəxs Möhübbəti döyərək ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Şikayətçidir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs barəsində inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş etdi. İnzibati işin materiallarında olan 17.10.2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd olunmasına dair qərar çıxarılmış və əməlində İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan qərar Sumqayıt ŞPİ-nin 1-ci PB-yə göndərilmişdir. Həmçinin inzibati işin materiallarında olan 17.09.2021-ci il tarixli, 1231 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X2 bədəni üzərində burun belinin yarası (çapıq toxuması), sol baldırın yuxarı 1/3-ni ön səthinin, sağ baldırın yuxarə 1/3-nin ön səthinin, onurğanın döş qəfəsinin, onurğanın bel şöbəsinin qançırları (piqmentasiya sahəsi) xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 2-3 gün əvvəl olmaqla 10.09.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə burun belinin yarası (çapıq toxuması) sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər - sol baldırın yuxarı 1/3-ni ön səthinin, sağ baldırın yuxarə 1/3-nin ön səthinin, onurğanın döş qəfəsinin, onurğanın bel şöbəsinin qançırları (piqmentasiya sahəsi) isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, araşdırma zamanı X2 bədəni üzərində olan və ekspert tərəfindən göstərilmiş burun belinin yarası (çapıq toxuması) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarətin hansı şəraitdə və hansı zaman ərzində alması, həmçinin həmin xəsarətlərin 2021-ci ilin iyul ayında həyat yoldaşı Şəxs və ailə üzvləri tərəfindən yetirilməsi ilə bağlı kifayət qədər sübut olmadığından öz təsdiqini tapmamışdır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 (altı) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil qızı tərəfindən göstərilmiş 05 (beş) saat hüquqi yardıma görə cəmi 30 (otuz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. "xxxx" ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3736/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3736/2021
26.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver