Məhkəmə qərarları › İş №3(060)-375/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-375/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-375/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə Vəzifəli şəxs Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 602.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs (VÖEN: **********) İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair barəsində 27 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilmiş, baxılması üçün aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 10:20 radələrində "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdiyi ünvan 1 ünvanında yerləşən Sumqayıt Tədris Mərkəzində həyata keçirilən operativ vergi nəzarəti zamanı cəmiyyətin rəhbəri Şəxs tərəfindən yoxlamaya aid sənədlər yoxlayıcıya təqdim edilməməklə və yoxlamanın daha dolğun əhatəli keçirilməsi üçün obyektə (əraziyə) baxış keçirilməsinə yoxlayıcılara əsassız və təhrikedici səbəblər göstərməklə obyekti tərk etmələrini tələb etmiş və mane olmaqla vergi məsuliyyətindən məqsəd yönlü şəkildə yayınmışdır. Nəticədə Şəxs tərəfindən İXMnin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş protokolu tərtib etmiş 2 saylı Ərazi Vergilər Baş İdarəsi nümyəndəsinin iştirakı təmin edilməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs etiraz ərizəsi ilə müraciət edərək etirazında bildirmişdir ki, tərəfindən İXM-nin istinad edilən maddəsinin dispozisiyasında qeyd edilən hər hansı pozuntuya yol verilməmişdir. Vergi İdarəsinin əməkdaşları ona məxsus obyektə daxil olan zaman ilkin olaraq operativ vergi nəzarətinin keçirilməsi barədə qərarı və sahibkarların yoxlanmasına dair reyestrdən çıxanşı təqdim etmədiklərindən tərəfindən müvafiq sənədlər istənilmişdir. Vergi İdarəsinin əməkdaşları tərəfindən obyektə videoçəkilişlə və şəkillər çəkməklə bir neçə dəfə baxış keçirilmiş, obyektdə olan şəxslərdən izahatlar alınmışdır. Tərəfindən dəfələrlə Vergi İdarəsinin özünə müraciət edilmiş və yerində bütün zəruri şifahi məlumatlar Vergi İdarəsinin rəisi Səməd Vəliyevə təqdim edilmişdir. Həmçinin, rəhbərlik etdiyi obyektin fəaliyyətinə dair sorğulanan bütün yazılı məlumatlar (çeklər, qeydiyyat kitabçaları və s.) da tərəfindən Vergi İdarəsinə əlbəəl idarədə təhvil verilmişdir. Hazırda etiraza əlavə edilən operativ vergi yoxlamasının nəticəsinə dair sənədlər də Vergi İdarəsi tərəfindən zəruri məlumatları əldə etməyə tərəfindən şərait yaradıldığının və hər hansı pozuntuya yol verilmədiyinin göstəricisidir. Vergi İdarəsinin əməkdaşları tərəfindən aktlar tərtib olunmuş və guya o, həmin aktları imzalamaqdan imtina etmişdir. Halbuki, o, ümumiyyətlə aktın tərtibində iştiraka cəlb edilməmiş və bu aktlann tərtib olunacağı barədə ona hər hansı rəsmi yazılı və ya şifahi məlumat verilməmişdir. Digər tərəfdən, akt tərtib olunmasından onun məlumatı olsa idi belə onun hüquqi savadı olmadığından aktın imzalanmasından imtina etmək və vəkillə təmsil olunmaq hüququ olduğundan aktı imzalamaqdan imtina etməyi pozuntu olaraq qeyd edilməsinin hər hansı hüquqi əsası olmayacaqdır. Ümumiyyətlə, Vergi İdarəsi tərəfindən protokola onun İXM 602.4-cü maddəsində göstərilən pozuntunu törətməyi barədə hər hansı mötəbər sübut növü əlavə edilməmişdir. Həmçinin, o, ümumiyyətlə inzibati xəta haqqında protokolun tərtibində iştiraka belə cəlb edilməmiş və protokol prosessual pozuntulara yol verilməklə onun iştirakı olmadan tərtib olunmuşdur. Hər hansı mötəbər sübuta əsaslanmayan protokol faktiki olaraq onun təqsirsizlik prezumpsiy asından irəli gələn hüquqlarını məhdudlaşdırmaqla və onun hüquqlaerını pozmuşdur. Məhkəmə iclasında Rəhim Abbasəliyev etirazda qeyd edilənlərə əlavə olaraq bildirmişdir ki, vergi orqanı əməkdaşları həm iş, həmdə qeyri-iş saatlarında müəssisəyə gəlmiş, buna baxmayaraq o, tələb olunan sənədləri yoxlayıcılara təqdim etmişdir. O, vəkili ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə getmiş, İlqar adlı bir nəfər vergi orqanı əməkdaşının qəbulunda olmuşlar. Daha sonra onlar sözügedən idarənin rəisi, baş vergi xidməti müşaviri Səməd Vəliyevin qəbulunda olmuşlar. Yenidən həmin orqana dəvət olunmuş, bütün sənədləri əməkdaşlara təqdim etmişdir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2025-ci il tarixli, KY252273243 saylı çıxarışdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən "xxxx" MMC-də xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək plandankənar yoxlama aparılması üçün müraciət edilmişdir. xx.xx.2025-ci il tarixli “Akt” tərtib edilmiş, həmin aktada 27 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokolda aşkar edilmiş pozuntular təsvir edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Sumqayıt Şəhər Məhkəməsinə ünvanlanmış “Məlumatın təqdim edilməsi barədə” 06 mart 2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-nin rəhbəri Şəxs tərəfindən operativ vergi nəzarəti üçün zəruri olan sənədlər müvafiq qaydada xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparan şəxsin izahatını, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubu, həmçinin iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində İXM-nin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibinin əlamətləri müəyyən edilmədiyindən xitam verilməlidir. İXM-nin 602.4-cü maddəsinə görə sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaq kimi hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi Şəxs tərəfindən protokolda göstərilən hərəkətlərin edilməsi öz təsdiqini tapmır, sonuncu protokol tərtib edən şəxsin göstərişlərindən yayınmamış, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə baxış keçirilməsinə mane olmamış, yoxlama aparılması üçün nümayəndəyə heç bir maneəçilik göstərməmiş, sənədləri təqdim etmişdir. Bu fakt 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli soruğua cavab məktubu ilə bir daha öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.4, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar