Məhkəmə qərarları › İş №3(060)-3759/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3759/2021

02.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3759/2021 02.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, protkolou tərtib etmiş şəxs Sumqayıt şəhər polis idarəsinin Dövlət yol polisi şöbəsinin inzibati təcrübə üzrə inspektoru polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.2002-ci ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, Y/Y massivi, məhəllə1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər polis idarəsinin dövlət yol polis şöbəsinin İnzibati təcrübə üzrə inspektoru polis kapitanı X5 tərəfindən Şəxs barəsində 01.12.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə inzibati xəta haqqında AP ******* №li protokol tərtib olunmuşdur ona görə ki, 20.10.2021-ci il tarixdə sürücü Şəxs “Vaz 2106 minik” markalı **-HL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili bir və ya daha çox təkərin yolun səthindən qaldırmaqla idarə etmişdir. Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 02 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında Sumqayıt şəhər polis idarəsinin dövlət yol polisi İnzibati təcrübə üzrə inspektoru polis kapitanı X5 izahat verərək bildirdi ki, “Vaz 2106 minik” markalı **-HL- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili AE seriyalı 064141 nömrəli sürücülük vəsiqəsi ilə idarə edən Sumqayıt şəhəri, Y/Y massivi, məhəllə1 ünvanında qeydiyyatda olan və yaşayan sürücü Şəxs 20.10.2021-ci il tarixdə sosial şəbəkələrdə nəqliyyat vasitəsini bir və ya daha çox təkərin yolun səthindən qaldırmaqla idarə etməsi barədə paylaşımlar etmişdir. Bu barədə şöbəyə məlumat daxil olmuş və araşdırma aparılmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, avtoxuliqanlıq hərəkətləri edən şəxs Şəxsdir. O, polis şöbəsinə dəvət olunmuş, onunla proflaktik söhbətlər aparılmış və törətdiyi əməlindən peşman olduğunu bildrimişdir. Qeyd olunanlara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü avtoxuliqanlıq hərəkətləri etməkdə təqsirli bilərək izahatında göstərdi ki, o, idarə etdiyi “Vaz 2106 minik” markalı **-HL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə 20.10.2021-ci il tarixdə dostunun toy karvanında avtoxuliqanlıq hərəkətləri edərək idarə edib nəqliyyat vasitəsini bir və ya daha çox təkərin yolun səthindən qaldırmaqla idarə edib və bunu internet sosial şəbəkədə paylaşıb. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Qeyd olunanların nəzərə alınmaqla barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, iş materialına əlavə olunmuş DVD diskə baxaraq, inzibati materiallara əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-nin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddələr üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş diskdən görünür ki, “Vaz 2106 minik” markalı **-HL- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə avtoxuliqanlıq yəni, mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə ilə müşayiət olunan qərəzli hərəkətlər edilmişdir. İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs səmimi peşmançılığını İXM-nin 32.1.1-cü maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxsna inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 02 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla o, 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 02 dekabr 2021-ci il tarixdən, saat 16:45-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.2-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 göstərdiyi 04 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 24 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar