Məhkəmə qərarları › İş №3(060)-376/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-376/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-376/2025 03.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi və direktoru Nümayəndə və direktor müavini X1 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin MN ******* saylı, 04 fevral 2025-ci il tarixli, inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 264.0.1-ci maddəsinə əsasən tərtib edilmiş MN ******* saylı, 04 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolda Sumqayıt şəhəri 76-cı məhəllə ərazisində yerləşən Şəxs MMC-yə məxsus istehsalat sahəsində formalaşan tullantı suları təmizlənmədən “Acıdərə” kanalına axıdıldığı və müəssisənin təmizləyici qurğu olmadan istismar edildiyinin müəyyən edildiyi göstərilmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 çıxışında bildirdi ki, inzibati xəta haqqında protokol tərtib olunmasına əsas xx.xx.2025-ci il tarixdə Xəzər dənizinə dolayı yolla təsiretmə nəticəsində xidmət göstərən müəssisələrin müəyyən olunması və Xəzər dənizinin çirklənməsinin qarşısının alınması ilə aparılmış növbəti monitorinq zamanı Sumqayıt şəhəri ərazisindən keçən “Acıdərə” kanalının üzərində fəaliyyət göstərən müəssisələrdə və ictimai iaşə obyeklərində monitorinq aparılması olmuşdur. Aparılan monitorinq zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-də formalaşan çirkab suları drenaj kanalı olan “Acıdərə” kanalına birbaşa axıdılır və dolayısı ilə Xəzər dənizinin su hövzələrini çirkləndirir. “Acıdərə” kanalı 1950-ci ildə çəkilmiş torpaq kanaldır və kanalın bir hissəsi betonlanmışdır. Sumqayıt şəhəri ərazisində yarımadanın bir hissəsində formalaşan drenaj sularının Xəzər dənizinə istiqamətləndirilməsi üçün çəkilmiş kanaldır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Sumqayıt Sukanal” İdarəsinə xx.xx.2023cü il tarixli rəsmi ünvanlanmış məktubu vardır ki, həmin məktub iş materiallarına əlavə edildiyini bildirmişdir. “Sumqayıt Sukanal” İdarəsi sorğuya cavabında Acıdərə kanalının Sumqayıt Sukanal İdarəsinin balansında olmadığı qeyd edilmişdir. Acıdərə kanalının həmin İdarənin balansında olmamasına baxmayaraq, barəsində araşdırma aparılmış müəssisələrin əksəriyyətinin Sumqayıt Sukanal İdarəsi ilə kanalizasiya sulaının qəbulu barədə aralarında müqavilələrin olduğu müəyyən edilmişdir. Hazırki iş üzrə Şəxs MMC ilə həmin İdarə arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" ASC müəsissədə formalaşan 1 kub metr çirkab suyun təmizlənməsinə görə 1 manat məbləğində ödəniş haqqı alındığı qeyd edilmişdir. Lakin “Acıdərə” kanalı birbaşa Xəzər dənizinə çıxışı olan kanaldır, onun üzərində heç bir təmizləyici qurğu quraşdırılmamışdır. Qeyd edir ki, Su Məcəlləsinin tələbinə əsasən hər hansı ərazidə kanalizasiya şəbəkəsi mövcud deyildirsə, həmin ərazidə fəaliyyət göstərən ictimai iaşə obyektləri, müəssisələr, hətta fərdi yaşayış evləri germetik şambolardan istifadə edərək texnika vasitəsi ilə çirkab suyun daşınmasını təmin etməlidirlər. Aparılmış araşdırma nəticəsində iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəxs MMC-də formalaşan çirkab sular birbaşa “Acıdərə” kanalına axıdılır, bununla da su hövzələrinin çirklənməsini nəzərdə tutan İXM-nin 264.0.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Taleh Əzizov ona ünvanlanmış suallara cavab cavab olaraq bildirdi ki, MMC-də formalaşan çirkab sular təmizlənmədən birbaşa “Acıdərə” kanalına axıdılır. Şəxs MMC ilə Sumqayıt Sukalanal İdarəsi arasında təmiz suyun verilməsi və çirkab suların qəbul barədə hətta müqavilə olmasına baxmayaraq sözügedən MMC nədənsə ərazisində quraşdırdığı şambodan “Acıdərə” kanalına çirkab suların axıdılması üçün boru çəkmişdir. Qrunt sularının idarə olunması "xxxx" ASC-nin deyil, Su Melorasiya Xidmətinin öhdəliyindədir. Qeyd edir ki, Şəxs MMC müəssisədə formalaşan tullantı sularını ərazisində quraşdırdığı şambodan bir başa boru vasitəsilə “Acıdərə” kanalına ötürür, bu səbəbdən protokolu müdafiə edir, qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs MMC-nin qanuni təmsilçisi və direktoru Nümayəndə izahatında bildirdi ki, həmin ərazidə kanalizasiya sistemi mövcud deyildir. Şəxs MMC-də formalaşan çirkab suların toplanması üçün şambo quraşdırmışlar. "xxxx" ASC ilə bağlanan müqaviləyə əsasən həmin qurum çirkab suları Şəxs-dən qəbul edərək utilizasiya etmişdir. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onlara heç bir xəbərdarlıq etmədən, nöqsanın aradan qaldırılması üçün vaxt vermədən birbaşa protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şəxs MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi direktor müavini Natiq Qurbanov izahatında bildirdi ki, "xxxx" ASC tərəfindən verilmiş texniki şərtə əsasən müəssisə inşa edilən zaman ərazidə kanalazisiya şəbəkəsi olmadığı üçün müəssisə ərazisndə tullantı sularının toplanması üçün şambo quraşdırılmışdır. Həmin texniki şərtə əsasən 2014-cü ildən bu günə kimi MMC-də formalaşan çirkab sular həmin şamboda toplanır. “X10” MMC ilə bağlanmış müqaviləyə əsasən şamboda toplanmış çirkab sular oradan çəkilərək utulizasiya edilir. Məhz həmin müqaviləyə əsasən çirkab sular şambodan mütəmadi olaraq daşınır. Bundan başqa "xxxx" ASC ilə bağlanmış müqaviləyə əsasən müəsissə şirin suyun alınması və çirkab suların qəbulu üçün həmin İdarəyə ödənişlər edir. “Acıdərə” kanalının Sumqayıt Şəhəri üzrə İcra Hakimiyyətinin balansında olmasından sonradan məlumatları olmuşdur. Məhkəmə iclasında Natiq Qurbanov ona ünvanlanmış suallara cavab olaraq bildirdi ki, şambodan Acıdərə kanalına çəkilmiş boru müəssisə ərazisində yığılan qrunt sularının axıdılması məqsədi daşımışdır. Belə ki, müəssisə ərazisində formalaşan həm çirkab sular, həm də qrunt suları şamboya toplanılır. Müəssisənin ərazisində maililik vardır və ərazidə qrunt sularının toplanmasının qarşısını almaqdan ötrü qrunt suları şamboya ötürülür. Boru elə quraşdırılmışdır ki, şambodan kanala çirkab su deyil, qrunt suları axıdılır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi onlara heç bir xəbərdarlıq etmədən, nöqsanın aradan qaldırılması üçün vaxt vermədən birbaşa protokol tərtib edərək məhkəməyə təqdim etmişdir. MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında əlavə şahid qismində izahatı alınmış Sumqayıt şəhər Sukanal İdarəsinin texnoloqu X2 izahatında bildirdi ki, “Acıdərə” kanalı Sumqayıt şəhər Sukanal İdarəsinin balansında yox, Sumqayıt şəhəri İcra hakimiyyətinin balansındadır. Belə ki, Şəxs MMC-nin fəaliyyət göstərdiyi 76-cı məhəllə ərazisində kanalizasiya şəbəkəsi olmadığı üçün hər bir müəssisə ərazisində şambo quraşdırmalı, çirkab sular şamboya yönləndirilməli və xüsusi maşınlar vasitəsilə daşınmalıdır. Bildirir ki, “Acıdərə” kanalı şəhər İcra Hakimiyyətinin balansında olmasına baxmayaraq kanala texniki xidməti Sukanal İdarəsi həyata keçirmişdir. Teyyub İsmayılov ona ünvanlanmış sualara cavab olaraq bildirmişdir ki, həqiqətən də təqdim edilən müqavilədə tullantı sularının fasiləsiz qəbulu "xxxx" ASC-nin Sumqayıt şəhər Sukanal İdarəsinin üzərinə vəzifəsi kimi qoyulmuşdur. Bununla bağlı qeyd edir ki, Sumqayıt şəhəri ərazisində formalaşan çirkab sular əvvəlcə Təmizləyici qurğular sexinə təmizləndikdən sonra Xəzər dənizinə axıdılır. Hətta 76-cı məhəllə ərazisində bir sıra obyektlərdə formalaşan çirkab sular təmizləyici qurğular sexinə oradan da təmizləndikdən sonra Xəzər dənizinə axıdıldığını bildirmişdir. Sukanal idarəsinin balansında olan və fəaliyyət göstərən nasosxana mövcuddur. Sukanal İdarəsi həmin nasosxana vasitəsilə ora toplanan çirkab suları Acıdərə kanalına ötürür. Həmin nasosxana Sumqayıt şəhər Məhkəmə Kompleksinin arxasında yerləşən fabrikin ərazisində yerləşir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, yoxlayıcılar müəssisəyə gəlrkən o, şəxsən onları qəbul etmişdir. Müəssisədə vəzifəsi təsərüffat işlərinə nəzarət etməkdən ibarət olmuşdur. Belə ki, yoxlacılara tullantı suları üçün "xxxx" ASC-yə vəsait ödədiklərini bildirmişdir. Qeyd edir ki, müəssisədə formalaşn çirkab suları əsasən xüsusi texnika daşıyaraq aparmışdır. Məhkəmə iclasında Ramiq Əsgərov verilmiş suallara cavab olaraq bildirmişdir ki, müəssisədə formalaşan çirkab suları və qurunt suları ərazilərində quraşdırılmış şamboya axıtmışlar. Etiraf edir ki, şamboda yığılmış həmin suların Acıdərə kanalına axıdlması üçün o, vaxtdam çəkilmiş əlavə bir boru vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 04 fevral 2025-ci il tarixli 88806 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən Şəxs MMC-nə məxsus istehsalat sahəsində formalaşan tullantı-çirkab sularının təmizlənmədən müəssisənin hasarının yaxınlığında inşa olunmuş şamboya(su tutara) oradan isə “Acıdərə” kanalına boru vasitəsilə axıdılması faktı müəyyən edilmişdir. Əlavə edilmiş fotoşəkillərdən aktda təsvir edilən pozuntuların mövcudluğu bir daha öz təsdiqini tapmışdır. “X10” MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli, №80/23 saylı “tullantı sularının zərərsizləşdirilməsi dair” müqavilədən görünür ki, tərəflər arasında müqavilə bağlanmış, 1 kub metr çirkab suyun təmizlənməsi üçün nəzərdə tutulan məbləğ 1.00 AZN müəyyən edilmişdir. "xxxx" ASC ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqvilədən görünür ki, tərəflər arasında müqavilə bağlanmış, "xxxx" ASC-nin istehlakçı Şəxs MMC-nin tələbatına uyğun məişət-içməli və istehsalat məqsədilə su ilə təmin etmək və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC tərəfindən tikiş fabrikinə verilmiş xx.xx.2024-cü il tarixli texniki şərtə əsasən obyektin yerləşdiyi ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığı üçün yaranacaq tullantı sularının kənarlaşdırılması məqsədi ilə septik qurğu (şambo) inşa olunması göstərilmişdir. İXM-nin 264.0.1-ci maddəsinə görə su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su məcəlləsinin: 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. 87-ci maddəsinə əsasən öz fəaliyyəti ilə yerüstü su obyektlərinə mənfi təsir edən müəssisələr müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə yerüstü su obyektlərinin suyunun kəmiyyət və keyfiyyətinin, təmizliliyinin saxlanması üçün tədbirlər görməlidirlər. Məhkəmə qanunun yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq iş materiallarını, protokol tərtib etmiş orqanın nümayəndəsini, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələrini, şahidlərin izahatını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin tərəfindən İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi öz təsdiqini tapdığından və sübuta yetirildiyindən həmin maddə üzrə təqsirli bilinib tənbeh edilməlidir. Məhkəmə Şəxs MMC-nin direktoru Nümayəndə və direktor müavini Natiq Qurbanovun özlərini inzibati xətanın törədilməsində təqsirli bilməmələri barədə verdiklərə izahatlarına tənqidi yanaşır və hesab edir ki, həmin şəxslər MMC-nin məsuliyyətdən yayındırmaq və ya məsuliyyətlərini yüngülləşdirmək məqədilə bu məzmunda izahat vermişlər. Halbuki, məhkəmə iclasında işin bütün halları öyrənilmiş, Nümayəndə və Natiq Qurbanovun izahatlarında qeyd etdikləri özlərinin dolayısı etirafedici izahatları, şahid izahatları və iş materilları ilə tam təkzib edilmiş, Şəxs MMC-nin təqsiriliyi tam sübuta yetirilmişdir. Belə ki, direktor müavini Natiq Qurbanov izahatında müəssisədə formalaşan çirkab suların və qurunt sularının MMC-nin ərazisində quraşdırılmış şamboya axıdıldığını, şambodan Acıdərə kanalına isə borunun əvvəldən quraşdırıldığını etiraf etmişdir. Göründüyü kimi Şəxs MMC-nin "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi ilə təmiz suyun verilməsi və çirkab suların qəbulu barədə müqavilələrinin olmasına, o cümlədən “X10” MMC-yə qeyd etdikləri kimi şamboda toplanan çirkab suların daşınması üçün xidmət haqqı ödəmələrinə baxmayaraq şambodan birbaşa Acıdərə kanalına çirkab suların axıdılması üçün əlavə boru quraşdırmışlar. Halbuki bu borunun təyinatının nədən ibarət olduğu tam aydın olmaqla, şambonun əslində görüntü məqsədilə quraşdırıldığı müəyyən edilmişdir. Müəssisə ərazisində quraşdırılmış şambodan Acıdərə kanalına əlavə olaraq borunun çəkildiyini müəssisədə ümumi təsərüffat işlərinə nəzarət edən əlavə şahid qismində izahat verən Ramiq Əsgərov da təsdiq etmişdir. O, müəssisə ərazisində toplanan həm qurunt sularının, həm də çirkab suların şamboya axıdıldığını, şambodan da Acıdərə kanalına əlavə borunun uzun illlər əvvəldən mövcud olduğunu bildirmişdir. O, əlavə olaraq bildirmişdir ki, şamboda yığılmış tullantı sularını çox vaxt xüsusi avtomobil gələrək çəkib aparmışdır. İclasa sədrlik edənin “qalan vaxtlarda bəs şamboda toplanmış suların necə realizə olunduğuna” şahid hər hansı cavab verə bilməmişdir. Beləliklə müəssisə ərazisində MMC tərəfindən texniki şərtə uyğun olaraq şambo quraşdıraraq digər boru ilə şamboda toplanan tullantı sularını Acıdərə kanalına axıtmaqla Şəxs Qanunun yuxarıda sadalanan normalarının tələbərini kobud surətdə pozmuşdur. İXM-nin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Şəxs MMC-nin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 7500 (yeddi min beş yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar