Məhkəmə qərarları › İş №3(060)-3760/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3760/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3760/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, xx.xx.1955-ci ildə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, təqaüdçü, məhkum olunmayan, Laçın rayonu, Minkənd kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzri yaşayış massivi, fərdi evdə yaşayan Şəxs barəsində Sumqayıt Şəhər Prokurorunun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 29 noyabr 2021-ci il tarixli qərarı əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Sumqayıt Şəhər Prokuroru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir ona görə ki, Şəxs tərəfindən Sumqayıt Su kanal İdarəsi ilə aralarında "Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə" dair müqavilə bağlanmadan və müvafiq su ölçən cihaz-su sayğacı quraşdırılmadan d-15 mm-lik boru vasitəsilə qanunsuz olaraq sudan istifadə edilmiş və "xxxx" ASC tərəfindən verilmiş, 17.07.2021-ci il tarixli qeyri-qanuni istifadə nəticəsində itirilmiş su hesabatına əsasən dəymiş ziyanın məbləği 542 manat təşkil etmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Prokurorunun nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etmədiklərindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 13.07.2021-ci il tarixli 601006 saylı aktdan görünür ki, obyektə baxış keçirilən zaman aydın olmuşdur ki, d-15 mm-lik boru vasitəsi ilə müqaviləsiz olaraq sudan qeyri-qanuni istifadə olunmuşdur. 542 manat dəyərində içməli su xidmətindən qeyri-qanuni istifadə edilməklə "xxxx" ASC-yə ziyan vurulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 8.7 maddəsi və "Sudan istifadə Qaydaları"na 4 nömrəli əlavə ilə müəyyən edilmiş "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair" cədvəldə nəzərdə tutulmuşdur ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddənin qeyd hissəsində az miqdarda dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 200 (iki yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar