Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3761/2021 14.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Prokuror - Sumqayıt Şəhər Prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X2, Barəsində inzibati xətaya dair iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, Sumqayıt Şəhər Prokurorunun Şəxs barəsində inzibati xəta haqqında 26 noyabr 2021-ci il tarixli qərarı əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Sumqayıt şəhər Prokuroru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında qərar qəbul edilmişdir ona görə ki, ünvan 1 ünvanında yerləşən Şəxs icarə əsasında işlətdiyi obyektə d-20 mm-lik boru vasitəsilə müqaviləsiz olaraq sudan qeyri-qanunı istifadə edilmiş və nəticədə 4104 manat maddi ziyan dəymişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat başlanılmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında çıxış edən Şəxs izahatında bildirdi ki, 2014-cü ildən etibarən ünvan 2 ünvanında yerləşən “Panarama" restoranını hər ilin 3 ayı, ancaq yay aylarında çayxana kimi işlədir. Həmin obyekti Leyla Salehovadan icarəyə götürmüş, əvvəllər aralarında icarə müqaviləsi olsa da, 2 ildir ki, müqavilənin vaxtı bitdiyinə görə şifahi razılıq əsasında işlədir. Həmin obyektin 3 aylıq icarə haqqı 1500 manatdır. Obyektə kommunal ödənişləri, işıq pulunu, qaz pulunu özü ödəmişdir. 2021-ci ilin iyul ayında axşam saatlarında su idarəsinin əməkdaşları gəlib” obyektə baxış keçirmiş, həmin zaman özü də orada olmuşdur. Baxış zamanı obyektə su sayğacından keçməyən şlanq xətlə restoranın daxili mətbəxində sudan qeyri-qanuni istifadə halı aşkar olunmuş, bununla bağlı videoçəkiliş də aparılmışdır. Həmin xətt orada olan parkdan gəlmiş, ondan az istifadə eləmişdir. 10 gündən sonra obyekt bağlamış, buna baxmayaraq bir neçə gündən sonra barəsində akt tərtib olunduğunu öyrənmişdir. Orada sudan qanunsuz isifadəyə dair hesablanmış ziyan ilə bağlı razı olmadığını bildirmişdir. Bu hesablama tamamilə əsassızdır. Su sayğacından kənar şlanq vasitəsi ilə xətdən istifadə etməsini qəbul etsə də göstərilmiş ziyanla razı deyil. Məhkəmə iclasında Sumqayıt Şəhər Prokurorunun köməkçisi X1 Zamin Kamal oğlu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyini nəzərə alaraq barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə olan sübutlarla təsdiq edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan 08.07.2021-ci il tarixli 601005 saylı aktdan görünür ki, obyektə baxış keçirilən zaman aydın olmuşdur ki, abonent sayğacdan keçməyən d=20 şlanq xətlə restoran daxili mətbəxdə sudan qeyri-qanuni istifadə etməklə "xxxx" ASC-yə ziyan vurulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaların"ın 8.7 maddəsi və "Sudan istifadə Qaydaları"na 4 nömrəli əlavə ilə müəyyən edilmiş "Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsinə dair" cədvəldə nəzərdə tutulmuşdur ki, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları müəyyən edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda itirilmiş suyun həcmi 1 (bir) il müddətinədək hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsinə görə su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə- fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Bu maddənin qeyd hissəsində az miqdarda dedikdə beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1-ci maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə olunsun. Qərarın icrası Abşeron rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-3761/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3761/2021
14.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver