Məhkəmə qərarları › İş №3(060)-377/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-377/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-377/2025 11.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakı ilə, Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən Şəxs (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən Şəxsnə məxsus plastik boruların istehsalı sexində formalaşan tullantı sularının təmizlənmədən "xxxx" kanalına axıdılması, müəssisənin su təmizləyici qurğusunun olmadan istismar olunması aşkar olunmuşdur. Məhkəmə iclasında və eyni zamanda yerli baxışda iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X6 bildirmişdir ki, MMC 2006-cı ildən fəaliyyət göstərir. MMC ilə Azərsu ASC arasında çirkab sularının axıdılması və təmiz su ilə təmin edilməyə dair müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında da MMC-dən çirkab sularının axıdılması üçün çəkilən boru Sumqayıt Sukanal İdarəsinin balansında olan nasosxanaya qoşulmuş və bunun müqabilində də Sukanal İdarəsinə ödənişlər həyata keçirilmişdir. Qeyd edilən ödəmələrə dair bankdan çıxarışlar məhkəmə edilmişdir. Həmçinin, izahatında bildirmişdir ki, bundan öncəki yoxlamalar zamanı da Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hava tullantıları ölçülmüş, nəticədə zəhərli maddələr aşkar edilməmişdir. Çirkab sularının təmizlənib buraxılması üçün avadanlıqlar olmalıdır. Həmin avadanlıqların xərci onlar tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. Göstərilənlərə əsasən inzibati orqan tərəfindən tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 bildirmişdir ki, Şəxs 2006-cı ildən fəaliyyət göstərir. Tullantıları və çirkab sularının təmizlənməsi məqsədilə "xxxx" ASC ilə müqavilə bağlamışlar. Məhdud Məsuliyyətli Cəmiyyətdən çirkab sularının axıdıldığı boru Sumqayıt şəhər Sukanal İdarəsinə məxsus nasosxanaya qoşulmuşdur. Çirkab sularının axıdılması və təmizlənməsinə dair "xxxx" ASC tərəfindən texniki şərtlər də tərtib edilərək təqdim olunmuşdur. Azərsu ilə bağlanmış müqavilə əsasında qaimələr təqdim edilmiş və qaimələr üzrə ödəmələr də həyata keçirilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 öz izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən Şəxsnə məxsus plastik boruların istehsalı sexində formalaşan tullantı suları təmizlənmədən "xxxx" kanalına axıdılması, müəssisənin su təmizləyici qurğu olmadan istismar olunması faktı aşkar olunmuşdur. "xxxx" kanalına axıdılan çirkab su dolayısı ilə Xəzər Dənizinin su hövzəsini çirkləndirir. Bu da İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş tələblərin pozulmasına gətirib çıxarır. Əgər ərazidə idarə olunan kanalizasiya şəbəkəsi varsa, çirkab suları kanalizasiya şəbəkəsinə axıdılmalıdır. Su Məcəlləsinin tələblərinə əsasən kanalizasiya şəbəkəsi olmadığı təqdirdə müəssisələr, ictimai iaşə obyektləri, fərdi yaşayış obyektləri tərəfindən şambolardan istifadə olunmalı, müvafiq texnika vasitəsilə şamboların danışıb verilməsi təmin olunmalıdır. MMC-nin fəaliyyət göstərdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı şambo aşkar olunmamış, suların təmizlənmədən "xxxx" kanalına axıdılması faktı aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən nümayəndə protokolun təmin olunmasını, hüquqi şəxsin məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, o, Sumqayıt şəhər SuKanal İdarəsində texnoloq işləyir. Onun satışla bağlı məlumatı yoxdur. Yalnız texniki məsələlərdən xəbərdardır. Şəxs texniki şərti mövcuddur. Həmin texniki şərtdə də qeyd olunmuşdur ki, su və kanalizasiya şəbəkəsinə qoşulma verilir. Sözügedən ərazidə magistral kanalizasiya şəbəkəsi yoxdur. "xxxx" kanalı Sumqayıt şəhəri İcra Hakimiyyətinin balansındadır, Sumqayıt Su Kanalının balansında deyil. Həmin ərazidə Sukanal idarəsinin balansında olan bir ədəd nasosxana var. Həmin nasosxanada çirkab sularının təmizlənərək birbaşa "xxxx" kanalına axıdılması üçün nəzərdə tutulub. Ümumilikdə nasosxanının iş prinsipi ona məlum deyil. O, Şəxs Sumqayıt şəhər Su Kanal İdarəsinə məxsus nasosxanaya qoşulub-qoşulmaması barədə məlumatının olmadığını, ona verilən şifahi məlumata əsasən MMC-nin nasosxanaya qoşulmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirmişdir ki, o, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində müfəttiş işləyir. Nazirliyin göstərişinə əsasən tərəflərindən monitorinq keçirilmiş, monitorinqlər zamanı müəyyən edilmişdir ki, Şəxs və digər müəssisələr tərəfindən birbaşa "xxxx" kanalına çirkab suları axıdılır. "xxxx" kanalı da Xəzər dənizinə tökülür. Həmin çirkab sularının axıdılması qanunsuzdur. Bu səbəbdən Şəxsndən başqa daha üç müəssisə barəsində də protokol tərtib edilmişdir. Bundan başqa, o, yerli baxış zamanı Şəxsndən çəkilmiş borunun Sumqayıt Sukanal İdarəsinə məxsus həmin ərazidə yerləşən nasosxanaya qoşulduğunu və həmin nasosxanadan da çirkab sularının təmizlənmədən "xxxx" kanalına axıdıdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, o, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məsləhətçi-müfəttiş işləyir. Nazirliyin göstərişinə əsasən tərəflərindən monitorinq keçirilmiş, monitorinqlər zamanı müəyyən edilmişdir ki, qeyd edilən ərazidə kanalizasiya şəbəkəsi mövcud deyil. Şəxs Sukanal İdarəsi ilə müqaviləsi olsa da, çirkab suları təmizlənmədən "xxxx" kanalına axıdılır. Acı dərə kanalı Xəzər dənizinə töküldüyü üçün dənizin çirklənməsinə səbəb olur. Sumqayıt Sukanal İdarəsi ilə müqavilə olmasına baxmayaraq çirkab suları təmizlənmədən kanala axıdılır. Həmçinin, yerli baxış zamanı Şəxsndən çəkilmiş borunun Sukanal idarəsinə məxsus nasosxanaya qoşulduğunu və nasosxanadan də birbaşa Acı dərə kanalına axıdıldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 05 fevral 2025-ci il tarixli ******* nömrəli protokoldan görünür ki, Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən Şəxsnə məxsus plastik boruların istehsalı sexində formalaşan tullantı sularının təmizlənmədən "xxxx" kanalına axıdılması, müəssisənin təmizləyici qurğu olmadan istismar olunması nəticəsində MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan xətanın törədilməsi müəyyən edilmişdir. 05 fevral 2025-ci il tarixli 88809 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri 76-cı məhəllədə yerləşən Şəxsnə məxsus plastik boruların istehsalı sexində formalaşan tullantı sularının təmizlənmədən "xxxx" kanalına axıdılması faktı müəyyən edilmişdir. Monitorinq zamanı çəkilmiş fotoşəkillər akta əlavə edilmişdir. "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi ilə Şəxs arasında bağlanmış xx.xx.2023cü il tarixli müqavilədən görünür ki, "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi Şəxs tələbatına uyğun məişət-içməli və istehsalat məqsədilə su ilə təmin etmək və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında təqdim edilmiş "xxxx" ASC-dən verilmiş çıxarışlardan görünür ki, Şəxs tərəfindən iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ-nə 2023-2024-cü illər üzrə xidmət haqqının ödənilməsi həyata keçirilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına yəni - su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normanın dispozisiyasından göründüyü kimi, İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta tərkibinin əlamətlərinin yaranması üçün fiziki, vəzifəli və ya hüquqi şəxs tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğular və ya avadanlıqlar olmadan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi göstərilmişdir. Məhkəmə iclasında 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Şəxs MMC-yə məxsus plastik boruların istehsalı sexində formalaşan tullantı sularının təmizlənmədən "xxxx" kanalına axıdılması faktının müəyyən edildiyi və qeyd edilən halın əks olunduğu 05 fevral 2025-ci il tarixli, 88809 nömrəli akt əsasında hüquqi şəxs barəsində müvafiq protokol tərtib edildiyini bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən təqdim edilmiş və həmin MMC ilə "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilənin 3.1-ci bəndində müəssisənin istehlakçının tələbatına uyğun məişət (təsərüffat) - içməli və istehsalat məqsədli su ilə təmin edilməsi və tullantı sularının fasiləsiz qəbulunun həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, Məhkəmə tərəfindən hüquqi şəxs Şəxs MMC-nin yerləşdiyi Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş və yerli baxış zamanı müəyyən olunmuşdur ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi zavoddan "xxxx" kanalına birbaşa çirkab suyun axıdılmadığını, MMC-də formalaşan çirkab sularının aralarında bağlanmış müqaviləyə əsasən Sumqayıt Sukanal İdarəsinin balansında olan 76-cı məhəllədə yerləşən nasosxanaya ötürüldüyünü bildirmişdir. Həmçinin, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilən xx.xx.2025-ci il tarixli aktda Sumqayıt şəhəri, 76-cı məhəllədə yerləşən Şəxsnə məxsus plastik boruların istehsalı zavodunda formalaşan tullantı sularının təmizlənmədən "xxxx" kanalına axıdılması göstərilsə də, məhkəmə tərəfindən keçirilən yerli baxış zamanı müfəttişlər Rafiq Quliyev və Mircavid Məcidli iclasa sədrlik edənin sullarına cavab olaraq bildirmişdir ki, əslində həmin zavoddan çəkilmiş boru Sumqayıt Sukanal İdarəsinə məxsus nasosxanaya daxil olmaqla nasosxanadan da birbaşa "xxxx" kanalına axıdılması müəyyən edilmişdir. Göründüyü kimi hüquqi şəxs Şəxs özünə məxsus təmizləyici qurğusu mövcud olmasa da, MMC Sumqayıt Sukanal İdarəsi ilə xx.xx.2023-cü il tarixli müqavilə bağlayaraq tullantı sularının həmin idarəyə məxsus nasosxana vasitəsilə təmizlənməsinin həyata keçirilməsini sifariş etmiş və müqavilənin şərtlərinə uyğun olaraq Sumqayıt Sukanal İdarəsi sifarişçi «PLASTCON GROUP PİPE” MMC-dən tullantı sularının qəbulunu həyata keçirmiş və xidmət müqabilində hüquqi şəxs tərəfindən 2023-2024-cü illər üzrə xidmət haqqına dair ödənişlər edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə «PLASTCON GROUP PİPE” MMC tərəfindən İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməməsi qənaətinə gəlir və hesab edir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxs «PLASTCON GROUP PİPE” MMC-nin hərəkətlərində həmin maddədə göstərilən inzibati xəta tərkibi olmadığı üçün başlanmış inzbati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, «PLASTCON GROUP PİPE” MMC MMC-nin əməlində İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar