Məhkəmə qərarları › İş №3(060)-3772/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3772/2021

17.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3772/2021 17.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi ilə, X5 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 22.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 şikayətlə X5 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 22.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X3 və X5 Xidməti Sumqayıt regional ərazi şöbəsinin nümayəndəsi müvafiq olaraq gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti onunla əsaslandırılmışdır ki, o "xxxx" MMC-nin direktorudur. X5 Xidmətinin Sumqayıt regional ərazi şöbəsi tərəfindən onun haqqında MN N° ******* nömrəli 22.11.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar çıxarılaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə 1.000 (bir min) manat məbləğində cərimə tətbiq edilmişdir. Bu cür qərarın çıxarılmasının əsası kimi "xxxx" MMC-nin sabiq işçisi X4 “son haqq-hesabın ödənilməsi və bununla da Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinin tələblərinin pozulması” göstərilmişdir. İlk öncə qeyd edilməlidir ki, Ş.Astanov ilə 01.08.2006-cı il tarixdə əmək müqaviləsi bağlanaraq sürücü vəzifəsinə qəbul edilmişdir. 02.01.2008-ci il tarixdə Ş.Astanov Nəqliyyat xidmətinin rəisi vəzifəsinə təyin edilmiş və xidmətin rəisi kimi Şirkətin avtoparkına daxil olan bütün nəqliyyat vasitələri, o cümlədən Toyota Hilux markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobil də Ş.Astonova etibar edilərək verilmişdir. Əlavə olaraq Ş.Astanovun yeni vəzifəyə keçirilməsi və ona şirkətin avtoparkının etibar edildiyindən maddi məsul şəxs olaraq onunla 02.01.2008-ci il tarixində Tam maddi məsuliyyət müqaviləsi də bağlanmışdır. Maddi məsul şəxs kimi Ş.Astanovun işdən azad edilməsi ilə bağlı tabeliyində olan və məsuliyyət daşıdığı avtomobillərə baxış keçirilməsi üçün və özünün də iştirak etdiyi komissiya təşkil edilmiş, komissiya tərəfindən avtomobillərə, o cümlədən Toyota Hilux markalı **-AE-*** dövlət nömrə nişanlı avtomobilə baxış keçirilmiş və 13.02.2019-cu il tarixində akt tərtib edilmişdir. Akta əsasən Ş.Astanovun maddi məsul şəxs kimi səhlənkarlığı səbəbindən xidməti məqsədlər üçün sərəncamında olan qeyd edilən avtomobilə 850 (səkkiz yüz əlli) manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Ş.Astanov həmin aktı imzalamaqdan imtina etmiş və onun bu imtinası da aktlaşdırılmışdır. Bundan sonra Ş.Astanovdan bu zərərin ödənilməsini tələb edilmiş, lakin o bundan imtina etmişdir. Beləliklə bu zərərin qarşılanması üçün həmin məbləğ Ş.Astanova ödəniləcək son-haqq hesaba yönəldilmişdir. Xüsusilə məhkəmənin nəzərəinə çatdırmaq istəyir ki, Ş.Astanov 15.02.2019-cu il tarixdə şirkətə gələrək onun otağına daxil olmuş və təhlükəli üsulla, yəni onu öldürmək niyyəti əvvəlcədən hazır olaraq gətirdiyi əl qumbarasından istifadə edərək həyatına qəsd etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 04.10.2019-cu il tarixli hökmü ilə Ş.Astanov Azərbaycan Respublikası CMnin müvafiq maddələri ilə cinayət əməlini törətməkdə təqsirli bilinərək 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bütün bunları nəzərə alaraq X5 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 22.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan X5 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 22.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə təqsirli bilinib brəsində 1.000 (bir min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan zərfin surətindən görünür ki, 22.11.2021-ci il tarixli inzibati qərar 25.11.2021-ci il tarixdə "xxxx" MMC tərəfindən qəbul edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru X3 ilə X6 arasında bağlanmış 02.01.2008-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, X6 onun tərəfindən əmlaka vurulmuş zərərin müəyyən edilmiş məbləğinin 1.000 (bir min) manatadək hissəsinin əmək haqqına yönəldilməsinə etiraz etməmişdir. İş materiallarında olan AD seriyalı 204520 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Toyota Hilux markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" MMC-nin mülkiyyətindədir. İş materiallarında olan 13.02.2019-cu il tarixli aktdan görünür ki, X6 xidməti məqsədlər üçün sərəncamında olan Toyota Hilux markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobilə 850 (səkkiz yüz əlli) manat məbləğində ziyan vurmuşdur. İş materiallarında olan 13.02.2019-cu il tarixli aktdan görünür ki, X6 xidməti məqsədlər üçün sərəncamında olan Toyota Hilux markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobilə 850 (səkkiz yüz əlli) manat məbləğində ziyan vurulmasını təsdiq edən 13.02.2019-cu il tarixdə tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. İş materiallarıda olan 13.02.2019-cu il tarixli ərizədən görünür ki, X6 13.02.2019-cu il tarixdən öz xahişi ilə işdən azad olunmasını xahiş etmişdir. İş materiallarında olan 13.02.2019-cu il tarixli 03-K №-li əmrdən görünür ki, X6 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan 2019-cu ilin fevral ayı üçün zəhmət haqqı üzrə hesablama cədvəlindən görünür ki, X4 veriləcək son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) 698,05 (altı yüz doxsan səkkiz manat beş qəpik) manat təşkil edir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-701/2019 saylı, 04.10.2019-cu il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-nin 29.120.2.3, 29.120.2.4 və 228.1-ci maddələri ilə təqirli bilinib 14 (on dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X5 Xidməti Sumqayıt regional ərazi şöbəsi X2 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edən 22.11.2021-ci il tarixli qərarı qəbul edərkən X3 ilə X6 arasında bağlanmış 02.01.2008-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləni nəzərə almamışdır. Belə ki, həmin müqavilədə X6 onun tərəfindən əmlaka vurulmuş zərərin müəyyən edilmiş məbləğinin 1.000 (bir min) manatadək hissəsinin əmək haqqına yönəldilməsinə etiraz etməmişdir. İş materiallarında olan 13.02.2019-cu il tarixli aktdan görünür ki, X6 xidməti məqsədlər üçün sərəncamında olan Toyota Hilux markalı, **-AE-*** dövlət nömrə nişanlı avtomobilə 850 (səkkiz yüz əlli) manat məbləğində ziyan vurmuş və həmin aktı imzalamaqdan imtina etmişdir. 2019-cu ilin fevral ayı üçün zəhmət haqqı üzrə hesablama cədvəlindən görünür ki, X4 veriləcək son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) 698,05 (altı yüz doxsan səkkiz manat beş qəpik) manat təşkil edir. X6 tərəfindən avtomobilə vurulan ziyan 850 (səkkiz yüz əlli) manat təşkil etdiyi halda ona ödəniləcək məbləğ 698,05 (altı yüz doxsan səkkiz manat beş qəpik) manat təşkil edir. Belə olan halda tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən X4 veriləcək son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) onun Azkompozit” MMC-nin mülkiyyətində olan əmlaka vurduğu ziyana yönəldilməsi heç bir qanun pozuntusu kimi qiymətləndirilməməlidir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin olunmalı, X5 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 22.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsi ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X3 barəsində X5 Xidməti Sumqayıt regional ərazi şöbəsinin 22.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar İXM-nin 134.1.3-cü və 53.1.2-ci maddələrinə əsasən ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar