Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-38/2022 10.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Şəxs MMC-nin müdafiəçisi Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində inzibati xəta haqqında 30 noyabr 2021-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC 129.000,00 ABŞ dolları məbləğində olan vəsaiti ödəniş tapşırığına əsasən bank hesabından 15.10.2019-cu il tarixdə ölkədən kənara köçürmüşdür. Lakin ödənişin aparıldığı tarixdən 2 (iki) il artıq müddət keçməsinə baxmayaraq, 38.310,48 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. Buna görə də, Şəxs MMC barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilməsi üçün İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin müdafiəçisi Nümayəndə izahatında bildirmişdir ki, protokol əsassızdır. "xxxx" MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda göstərilən 38310.48 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal edilməməsi "xxxx" MMC-nin təqsiri üzündən baş verməmişdir. Belə ki, "X3 Texnology CO LTD"-nin direktoru Meng Rong tərəfindən göndərilmiş məktubdan da göründüyü kimi "xxxx" MMC ilə "X3 Texnology CO LTD" arasında bağlanmış 10.10.2019cu il tarixli, 20190119 saylı alqı-satqı müqaviləsinə əsasən 14.10.2019 tarixdə "xxxx" MMC tərəfindən "X3 Texnology CO LTD"-nin bank hesabına 129000 (yüz iyirmi doqquz min) ABŞ dolları məbləğində pul köçürülmüş, bunun müqabilində "X3 Texnology CO LTD" tərəfindən 90689,51 (doxsan min altı yüz səksən doqquz dollar, əlli bir sent) ABŞ dolları dəyərində mal göndərilmiş, lakin 38310.49 (otuz səkkiz min üç yüz on dollar, qırx doqquz sent) ABŞ dolları dəyərindəki mallar isə pandemiyaya görə vaxtında göndərilməmişdir. Bundan başqa məktubda göstərilmişdir ki, 38310.49 (otuz səkkiz min üç yüz on dollar, qırx doqquz sent) ABŞ dollar dəyərindəki qalan malların istehsalı tam bitmişdir və bu mallar ayın axırına kimi nəqliyyat şirkətinə təhvil olunacaqdır. Malın yolda olma müddəti nəzərə alınsa mallar sifarişçiyə fevral ayında çatdırılacaqdır. Beləliklə də, "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri sübuta yetirilməmişdir. Bunları nəzərə alıb iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 30 noyabr 2021-ci il tarixli, MN № ******* saylı protokol ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 10.10.2019-cu il tarixli, 20190119 nömrəli alqı-satqı müqaviləsindən müəyyən olunur ki, həmin “X2 Texnology CO., LTD” direktoru Meng Rong ilə Şəxs MMC-nin direktoru X1 arasında bağlanmışdır. İş materiallarına əlavə edilmiş Meng Rong tərəfindən Şəxs MMC-yə ünvanlanmış 11.12.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, 38.310,49 USD dəyərindəki mallar pandemiya ilə bağlı vaxtında göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 №li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə 20.02.2020-ci ildə dəyişiklik edilmiş və həmin dəyişiklik 28.02.2020-ci ildən qüvvəyə minmişdir. Həmin Qaydaların 4.3.1.3-cü bəndinə görə qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, "İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxmından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və sə. Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər." Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında inzibati xəta haqqında işə baxılarkən qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Meng Rong tərəfindən Şəxs MMC-yə ünvanlanmış 11.12.2021-ci il tarixli məktubdan müəyyən olunur ki, 38.310,49 USD dəyərindəki mallar pandemiya ilə bağlı vaxtında göndərilməmişdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.7 və 114.2.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 30 noyabr 2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xətaya dair iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-38/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-38/2022
10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver