Məhkəmə qərarları › İş №3(060)-38/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-38/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-38/2024 23.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, İnzibati xəta haqqında iş üzrə icraat başlamış Sumqayıt şəhər prokurorunun köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəxs MMC-nin (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər prokurorunun köməkçisi X2 bildirmişdir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən "ORMETSAN METAL SANAYİ VE İNŞAAT TİCARET LTD.ŞTİ" şirkətinə **********6660 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2023-cü il tarixdə ixrac edilmiş yüklər üçün 226.650 ABŞ dolları müvəkkil bank hesabına köçürüknəti olduğu halda 226.508 ABŞ dolları mədaxil edilməklə, həmin gömrük bəyannaməsi üzrə 142 ABŞ dollarının 180 gün ərzində müvəkkil bank hesabına köçürülməsi təmin edilməmişdir.Bundan başqa Şəxs MMC tərəfindən "ORMETSAN METAL SANAYİ VE İNŞAAT TİCARET LTD.ŞTİ" şirkətinə **********7159 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2023-cü il tarixdə ixrac edilmiş 214.872 ABŞ dolları dəyərində yüklər üçün "ORMETSAN METAL SANAYİ VE İNŞAAT TİCARET LTD.ŞTİ" şirkəti tərəfindən Şəxs MMC-nin "xxxx" ASC-də olan AZ26MUGA**********04773USD00 saylı bank hesabına xx.xx.2023-cü il tarixdə 214.822 ABŞ dolları mədaxil edilməklə, həmin gömrük bəyannaməsi üzrə 50 ABŞ dollarının 180 gün ərzində müvəkkil bank hesabına köçürülməsi təmin edilməmişdir. Belə ki, **********7159 sorğu nömrəli gömrük bəyannaməsi üzrə invoys nömrəsi 2 (xx.xx.2023-cü il tarixli) olmuş, həmin invoys nömrəsinə istinadən "ORMETSAN METAL SANAYİ VE İNŞAAT TİCARET LTD.ŞTİ" şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə 214.822 ABŞ dolları köçürülmüşdür, lakin **********7159 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac kodu 002 (konsiqnasiya) olduğundan, yəni satıcı tərəfindən ixrac əməliyyatı edildikdən sonra ödənişin köçürüləcəyi elan edildiyindən, alıcı "ORMETSAN METAL SANAYİ VE İNŞAAT TİCARET LTD.ŞTİ" şirkəti tərəfindən isə ödəniş yüklər Azərbaycan Respublikası ərazisini tərk etmədən Şəxs MMC-nin balansına daxil edildiyindən "xxxx" ASC tərəfindən həmin ödəniş həmin gömrük bəyannaməsi üzrə nəzərə alınmamışdır. Bundan başqa Şəxs MMC tərəfindən "ORMETSAN METAL SANAYİ VE İNŞAAT TİCARET LTD.ŞTİ" şirkətinə **********9906 sorğu nömrəli gömrük bəyannaməsi üzrə xx.xx.2023-cü il tarixdə ixrac edilmiş yüklər üçün 217.200 ABŞ dolları müvəkkil bank hesabına köçürülməli olduğu halda 217.150 ABŞ dolları mədaxil edilməklə, həmin gömrük bəyannaməsi üzrə 50 ABŞ dollarının 180 gün ərzində müvəkkil bank hesabına köçürülməsi təmin edilməmişdir. Beləliklə **********6660, **********7159 və **********9906 sorğu nömrəli gömrük bəyannamələri üzrə qalıq qalmış az miqdarda hesab edilən cəmi 242 ABŞ dolları hissəsi bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankı "xxxx" ASC-dəki hesabına xaricdən köçürülməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində müvafiq tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, Şəxs MMC 2021-ci ildə təsis olunmuşdur. Əlvan metallurgiya ixracatı ilə məşğuldur. 2023-cü ilin fevral-mart aylarında Türkiyənin “ORMETSAN METAL SANAYİ VE İNŞAAT TİCARET LTD ŞTİ" şirkəti ilə müqavilə bağlanmışdır. Müəyyən mallar ixrac olunmuşdur. Həmin yüklərin məbləği Azərbaycana qaytarılmışdır. Araşdırma zamanı həmin məbləğin Azərbaycan Respublikasına qaytarılması müəyyən olunmuşdur. Məbləğlərdə çox cuzi fərqlərin olma səbəbi isə tərəzidə fərqlərin yaranması ilə bağlıdır. Göstərilənlərə əsasən Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan və məhkəmə zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli alqı-satqı haqqında müqavilədən görünür ki, satıcı Şəxs MMC ilə alıcı “Ormetsan Metal Sanayi və İnşaat Tic” şirkəti ilə arasında müqavilə bağlanmışdır; - xx.xx.2023-cü il tarixli, **********6660 sorğu nömrəli gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən “Ormetsan Metal Sanayi və İnşaat Tic” şirkətinə ümumi dəyəri 226650,00 manat olan 24000 kiloqram mis və sink tərkibli saflaşdırılmış misdən katodlar ixrac edilmişdir; - xx.xx.2023-cü il tarixli, **********7159 sorğu nömrəli gömrük bəyannaməsinin surətindən görünür ki, Şəxs MMC tərəfindən “Ormetsan Metal Sanayi və İnşaat Tic” şirkətinə ümumi dəyəri 214872,00 manat olan 24000 kiloqram mis və sink tərkibli saflaşdırılmış misdən katodlar ixrac edilmişdir; - xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin 3 ədəd gömrük bəyannaməsi üzrə qalıq qalmış 242 ABŞ dollarının bəyan olunduğu gündən 180 gün ərzində Şəxs MMC-nin müvəkkil bankına köçürülməməsi ilə bağlı inzibati icraat başlaması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim edilmişdir; - Sumqayıt şəhər prokuroru Mürvət Həsənovun xx.xx.2023-cü il tarixli qərarı inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərarından görünür ki, **********6660, **********7159 və **********9906 sorğu nömrəli gömrük bəyannamələri üzrə qalıq qalmış az miqdarda hesab edilən cəmi 242 ABŞ dolları hissəsi bəyan olunduğu gündən 180 gün ərzində Şəxs MMC-nin Azərbaycan Respublikasındakı müvəkkil bankı "xxxx" ASC-dəki hesabına xaricdən köçürülməməsinə görə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkili xaricdən valyuta vəsaitlərinin tam köçürülməməsinin səbəbi kimi Azərbaycan Respublikasında və Türkiyə Cumhuriyyətində malların çəkilməsi zamanı bəzi obyektiv səbəblərdən çəkilərdə fərqlərin yaranmasını və buna görə də mallara münasibətdə çox cuzi miqdarda valyuta vəsaitlərinin ölkəyə köçürülməməsini qeyd etsə də, həmin halları təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda (iyirmi min manatadək olan məbləğ) xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 30%-i məbləğində cərimə tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 483-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş 242 (iki yüz qırx iki) ABŞ dolları valyuta vəsaiti məbləğinin 30 faizi məbləğində, yəni 72 (yetmiş iki) ABŞ dolları 60 (altmış) sent məbləğində (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar