Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-38/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X4 müdafiəçisi Vəkil, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə dair inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə vəzifəli şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 manat məbləğində cərimə edilmişdir. Tənbeh tətbiq edilməsinə səbəb X4 lisenziya olmadan özəl tibb fəaliyyəti (fizioterapiya) göstərməsi faktı olmuşdur. Həmin qərardan narazı qalan vəzifəli şəxs X8 şikayət verərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. X8 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 04 noyabr 2024-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-nin 210.1-ci maddəsi ilə təqsirli bilinib 5000 manat məbləğində cərimə olunmuşdur. Qərarda onun lisenziyasız özəl tibb fəaliyyəti (Fizioterapiya, massaj) ilə məşğul olması qeyd olunmuşdur. Qərar xx.xx.2024-cü il tarixdə qəbul olunsa da, surəti ona göndərilməmişdir. İcra məmuru xx.xx.2024-cü il tarixdə onu icra şöbəsinə çağırdıqdan sonra o, bundan xəbər tutmuş və elə həmin tarixdə də qərarın surətini rəsmi qaydada almışdır. Qərardan şikayət vermə müddətini ötürməmişdir. O X6 məxsus Sumqayıt şəhər, Gənclər küçəsi, 79 saylı binada yerləşən "Ümid MMC" klinikasında 18+14 kv.m olan iki otağı icarəyə götürərək orada massajist işləyir. Fiziki şəxs kimi vergi ödəyir və VÖEN-i var. Qərardan görünür ki, onu vəzifəli şəxs hesab edərək beş min manat məbləğində cərimə ediblər. Halbuki, o vəzifəli şəxs deyil. O fiziki şəxsdir və fiziki şəxs kimi vergi ödəyib massaj fəaliyyəti ilə məşğuldur. Yəni barəsində qəbul edilmiş qərar düzgün deyil. Bundan əlavə onun tibbi təhsili, diplomu olmasa da, o, müvafiq kurs bitirmiş və sertifikatı var. O fizioterapiya ilə məşğul olmur. O sadəcə əl massajı edir. Bu fizioterapiya hesab olunmur. Lisenziya fizioterapiya üçün tələb olunur. Onun əməlində hər hansı bir inzibati xəta yoxdur. Barəsində qəbul edilmiş qərar tamamilə qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, həmin qərar ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Qərardan şikayət vermiş şəxs X4 müdafiəçisi Vəkil şikayətin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, X8 özəl tibbi fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin Siyahısında qeyd edilən fizioterapiya, fizioterapevtik fəaliyyətlə məşğul olmamışdır. Arzu Piriyevanın fizioterapiya kursunu bitirməsi onun həmin fəaliyyətlə məşğul olması demək deyil, o, sadəcə əl massajı etmişdir. Bundan başqa, Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş inzibati icraata dair materiallarda olan fotoşəkillərdə otaqda bir neçə fizioterapevtik alət görünür. Lakin, fotoşəkillərin Arzu Piriyevanın fəaliyyət göstərdiyi otaqda çəkilməsi, şəkillərdə göstərilən alətlərin onun otağında olması müəyyən edilmir. Həmçinin, şikayət verən şəxs yoxlama zamanı əməkdaşların otağa daxil olmadıqlarını bildirmişdir. Qeyd edilənlərə əsasən müdafiəçi şikayətin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, X3 yoxlama həyata keçirərkən bir otaqda masaj, digər otaqda fizioterapevtik cihazlar, eyni zamanda xəstələrin olduğunu aşkar etmişdir. Fotoşəkildə olan onurğanın rentgen kağızı da həmin xəstələrdən birinə məxsus olmuşdur. Masaj fəaliyyəti əgər şəxsin rahatlaması məqsədi ilə edilirsə bu tibbi fəaliyyət hesab edilmir, lakin, xəstədə hər hansı fizioloji qüsurun aradan qaldırılması, əzələ dartılmasını, onurğa əyriliyini müalicə etmək məqsədilə edilirsə bu tibb fəaliyyət hesab edilir və lisenziya tələb olnur. Fotoşəkillərdə olan cihazlardan və rentgen kağızından da görünür ki, şikayət verən şəxs Arzu Piriyeva tibbi massaj fəaliyyəti ilə məşğul olmuşdur. Həmçinin, qeyd edilən xəta adi müəssisədə deyil, klinikada aşkar edilmişdir. Şəxsin VÖEN-i mövcuddur, o, vəzifəli şəxs kimi cərimə edilmişdir. Fotoşəkillərin həmin klinikaya aid olmaması isə əsassız arqumentlərdir, şəkillər yoxlama zamanı Arzu Piriyevanın fəaliyyət göstərdiyi otaqlarda çəkilmişdir. Qeyd edilənlərə əsasən nümayəndə şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə X4 şikayətinin dəlillərini işdə olan və təqdim edilmiş sübutlar əsasında qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokolu əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 5000 (beş min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş 646 nömrəli, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həmin tarixdə saat 13:10 radələrində ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus özəl tibb müəssisəsində aparılan planlı yoxlama zamanı klinikaya baxış keçirilən zaman 16 saylı otaqda (təyinatı üzrə massaj) “fizioterapevtik” işə aid massaj prosedurunun icrası aşkar edilmiş, pasiyentlərin qəbuluna rast gəlinmişdir. Eyni zamanda, 11 saylı otaqda “pilates idman” prosedurunun keçirilməsi üçün şərait yaradılmasına və otaqda naməlum “rentgenoloji” müayinənin şəkli aşkar edilmişdir. Akt tərtib edilərkən X8 izahat verməkdən, aktı və protokolu imzalamaqdan imtina etmişdir. İnzibati icraat materiallarına əlavə edilmiş AA№001097 nömrəli diplomun surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə “Fizioterapiya” ixtisası üzrə 36 saatlıq kursu bitirmiş, 00896 nömrəli sertifikatda xx.xx.2021-ci il tarixdə “Spa masajı” seminarında iştirak etməsi, V№12975 nömrəli sertifikatda 3 aylıq masaj kursunu bitirməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, X2 Əli Ramiz oğluna məxsus Sumqayıt şəhər, Gənclər küçəsi, 79 saylı binada yerləşən "Ümid MMC" klinikasında 18+14 kv.m olan iki otağı massaj fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürmüşdür. Fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2019-cu il tarixdən vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X4 şikayəti əsassız olduğundan rədd edilməlidir. Belə ki, Səhiyyə Nazirliyi X3 PHŞ tərəfindən aşkar edilmiş X4 lisenziya olmadan özəl tibb fəaliyyəti göstərməsi iş üzrə tərtib edilmiş akt, protokol, şikayət verən şəxsin fizioterapiya kursunu bitirməsinə dair diplom və həmin kabinetlərdə çəkilmiş fotoşəkillərlə də sübuta yetirilir. X1 və müdafiəçisi qeyd edilən halı təkzib etsə də, məhkəməyə həmin sübutları şübhə altına ala biləcək heç bir dəlil təqdim etməmişdir. Məhkəmə tərəfindən şikayətdə göstərilən bütün hallar yoxlanılmış və müəyyən olunmuşdur ki, işə baxılarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş, əsaslı və qanuni qərar qəbul edilmişdir. Bu səbədən də məhkəmə hesab edir ki, vəzifəli şəxs X5 inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində nəzərdə tutulan qanuni əsaslar yoxdur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya– müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. Qanunun 4.1-ci maddəsinə əsasən Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işlərinin Siyahısı"nın, "Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərinin Siyahısı"nın və "Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə işlərin Siyahısı"nın təsdiq edilməsi haqqında 15 may 2017-ci il tarixli 206 nömrəli qərarının 1 nömrəli əlavəsində Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin siyahısının Özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər bölməsinin 2.14. və 2.14.1-ci bəndinə əsasən fizioterapiya və fizioterapevtik fəaliyyət lisenziyalaşdırılan işlər siyahısına daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 210.1-ci maddəsinə görə lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə-fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134.1.1, 136-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq edilməsinə dair qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova
Məhkəmə qərarları › İş №3(060)-38/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-38/2025
10.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver