Məhkəmə qərarları › İş №3(060)-3800/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3800/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3800/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Sumqayıt Şəhər Polis idraəsinin 3-cü polis Bölməsi tərəfindən tərtib edilmiş 07.12.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs 18.10.2021-ci il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Zəfər” kafesində saat 22:40 radələrində Zərərçəkmiş şəxsı şillə ilə vurmaqla döymüşdür. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs əməli, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla, zərərçəkmiş şəxs və şahid tərəfindən verilmiş izahatlar ilə, eləcə də, iş materiallarına əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, özünü təqsirli bilmir. Maddi vəziyyəti ilə əlaqədar əlavə olaraq “Zəfər” adlı kafeni işlədir və kafe yaşayış yerinə yaxın olduğu üçün burada səs-küy olmur. 18.10.2021ci il tarixdə Zərərçəkmiş şəxs içkili vəziyyətdə kafeyə daxil olmuş və səs-küy salaraq ona qarşı nalayiq ifadələr işlətmiş, hətta onu hədələmişdir. O, Zərərçəkmiş şəxs sakitləşməsini bildirmişdir və onu döyməmişdir. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, 18.10.2021-ci il tarixdə rəfiqəsi ilə birlikdə “Zəfər” kafesinə getmiş, orada yemək üçün rəfiqəsi, kafenin müdiri, Şəxs və digər bir adamla kabinetdə oturmuşdur. Həmin zaman onunla arasında mübahisə yaranmış və Şəxs ona şillə vurmuşdur. Daha sonra o, telefonunu götürüb 102-yə zəng etmək istədikdə Şəxs telefonu əlindən alıb yerə atmış və ona yenidən şillə vurmuşdur. Şəxs qanunauyğun qaydada cəzalandırılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan 16.11.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya ETT X1 Şəxsi Sumqayıt Şəhər Şöbəsinin 1400 saylı rəyində Zərərçəkmiş şəxs bədəni üzərində üst dodağın sol yarısının sıyrığı olmaqla küt əşyanın təsirindən törənməsi, zərərçəkmişin müayinəsindən 1 gün əvvəl olmaqla 18.10.2021-ci il tarixdə əmələ gələ bilməsi, dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi müəyyən edilməməsi qeyd edilmişdir. İş materiallarında olan 16.11.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılması rədd edilmiş, qəbul edilmiş qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilməsindən ötrü Sumqayıt ŞPİ-nin 3-cü PB-nə göndərilməsi qərara alınmışdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələri ndə nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 07 dekabr 2021-ci il, saat 15:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar