Məhkəmə qərarları › İş №3(060)-3805/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3805/2021

07.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3805/2021 07.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, İcra sənədi üzrə tələbkar X5 qızının nümayəndəsi X2 qızının, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, evli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Salayev Orxan Dosməmməd oğlunun (şəxsiyyət vəsiqəsinin seriyası: AA 0250121) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 07 dekabr 2021-ci il tarixdə Salayev Orxan Dosməmməd oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* № li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-446/2021 saylı, 21.05.2021-ci il tarixli icra vərəqəsini üzürsüz səbəbdən icra etməmiş, nəticədə 1116,89 manat borc yaranmışdır. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-446/2021 saylı, 21.05.2021ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 1116,89 manat pul tutularaq iddiaçı X5 qızına ödənilməlidir. Borclu tərəfindən bu günə qədər heç bir ödəniş olunmamışdır. Borclu barəsində müvafiq qurumlara sorğular verilmiş və borcu yönəldilə biləcək heç bir əmlak və gəlir aşkar edilməmişdir. Bu səbəbdən borclu barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar X5 qızının nümayəndəsi X2 qızı izahatında göstərdi ki, Şəxs 03.12.2019-cu ildə saat 19.45-də idarə etdiyi QAZ-31105 markalı ** NC *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə Sumqayıt şəhəri, Sülh küçəsi ilə üzü S.Vurğun küçəsi istiqamətində hərəkətdə olarkən Corat qəsəbəsində yerləşən 7 saylı orta məktəbi keçib “Dörd yol” adlanan ərazidə yolu keçən piyada X7 qızını vuraraq sonuncuya müxtəlif bədən xəsarətləri yetirməklə, yol hərəkəti qaydalarını pozmuşdur. Orxan hadisə zamanı ondan şikayət etməməsini qızının səhhəti üçün lazım olan bütün xərcləri çəkəcəyinə ona inandırmış və o, şikayətini geri götürmüşdür. Sonradan Orxan verdiyi sözə əməl etmədiyi üçün qızı Gülzar Sumqayıt Şəhər Məhkəməsinə borcluya qarşı “maddi zərərin ödənilməsi” barədə iddia qaldırmış və iddia qismən təmin edilərən 1116,89 manatın qızının xeyrinə tutulması qət edilmişdir. Hazırda borclu müxtəlif bəhanələr gətirərək qızına vurduğu maddi zərəri ödəməkdən boyun qaçırır. Bu səbəbdən borclu barəsində həbslə bağlı olan cəzanın verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək, izahatında göstərdi ki, o, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-446\2021 saylı, 21.05.2021-ci il tarixli qətnaməsindən icra məmuru onu çağırdıqda məlumatı olmuşdur. Ona bu vaxta kimi icra sənədinin mövcudluğu barədə məlumat verilməmiş və tələb olunan ziyanın ödənilməsindən yayınmamışdır. Lakin buna baxmayaraq, o, qətnamənin icrasından boyun qaçırmır, tələb olunan məbləği ayda 50 manat olmaqla hissə-hissə ödəyə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qeyd olunanların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmurunu, icra sənədi üzrə tələbkarın nümayəndəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Qeyd olunan icra vərəqəsinin icrası ilə əlaqədar icra məmuru tərəfindən borclu şəxsin əmlak vəziyyəti, habelə bank hesablarının olub-olmaması barədə araşdırma aparılmış, eləcə də pulun yönəldilməsi mümkün olan əmlak vəziyyəti yoxlanılmış, heç bir müsbət nəticə əldə edilməmişdir. Yəni borclunun heç bir pulu, əmlakı, gəliri yoxdur. Belə bir vəziyyətdə borcu icra sənədinin icrası ilə bağlı hər hansı bir pul ödənişi həyata keçirə bilməz. İcra məmuru tərəfindən bütün icra tədbirləri görülmüş və yönəldilməsi mümkün olmayan əmlaklar olmadığı təqdirdə icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23-cü maddəsinə əsasən icra sənədini onu verən orqana geri qaytarmalı idi. Yəni, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə. Həmin Qanunun 23.2-ci maddəsinə görə tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Eyni zamanda, icra məmurunun istinad etdiyi - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin yaranması üçün aşağıdakı hallar müəyyən olunmalıdır: 1) məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; 2) borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; 3) borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; 4) borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; 5) borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. "Göründüyü kimi "borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması" məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Yəni sadalanan digər 4 əlamət mövcuddursa belə, amma borclunun borcu ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz. Hətta, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib- edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Qeyd olunan hallara istinad edərək, bir daha bu nəticəyə gəlinir ki, Şəxs əməlində hər hansı inzibati xətanın tərkibi mövcud deyildir. Göründüyü kimi, inzibati xəta haqqında protolokda ümumi sözlərdən, yəni qanunda qeyd olunmuş maddəni göstərməklə borclunun qərəzli icra vərəqəsini icra etməməsini qeyd etmiş, lakin protokolda qərəzli icra etməmənin nədən ibarət olması açıqlanmamışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, icra sənədi hər hansı bir hərəkət və ya hərəkətsizliklə bağlı deyildir, hüquqi şəxsin hər hansı bir işi icra etməsi ilə əlaqədar deyildir, məhz hüquqi şəxsdən pulun tutulub, tələbkara verilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə icra məmurunun tələbi də yalnız icra sənədindəki pulun ödənilməsi ilə əlaqədardır. İcra məmurunun digər hər hansı bir tələbi mövcud deyildir. Çünki inzibati xəta haqqında protokolda da digər hər hansı bir tələbin yerinə yetirilməməsi qeyd edilməmişdir. Beləliklə aşağıdakı əsasa görə Şəxs barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Həmin əsas inzibati məsuliyyəti istisna edir. İş üzrə görünür ki, icra məmuru həm özü qeyd edir, həm də məhkəməyə təqdim edilmiş icra işindəki məlumatlardan da görünür ki, icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, lakin həmin sorğulara cavablarda əmlak və gəlirin olmadığı, daşınar və ya daşınmaz əmlakı olmadığı, bank hesabında pulunun olmadığı, adına qiymətli kağızın olmadığı qeyd edilmişdir. Belə olduğu təqdirdə borclunun icra sənədini icra etməməkdəki təqsiri, yəni onun borcu ödəmək iqtidarında olması, lakin ödəməməsi, yayınması müəyyən edilə bilinmir. İcra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra işi materiallarına əsasən icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, həmin sorğulara cavab olaraq bildirilmişdir ki, borclunun adına pul, gəlir, bankda pulu, daşınar və ya daşınmaz əmlak yoxdur. İcra məmuru borclunun adına tutmanın yönəldilə biləcək əmlakını müəyyən edə bilməmişdir. 05.08.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir, Şəxs tərəfindən həmin bildiriş və qərarın alınması barədə heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclunun maddi imkanının olması, gəlirinin olması, tələbi ödəmək iqtidarında olması, tələbin yönəldilə biləcək borcluya məxsus dəyərli əmlakın olması lakin tələbin yönəldilməsinə hər hansı bir maneə törətməsi, nəhayət tələbin ödənilməməsinin Şəxs hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzürsüz səbəblərdən olması məhkəmədə müəyyən edilmədi. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. İcra sənədinin icra olunmamasında Şəxs qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə icra məmuru öz subyektiv mülahizəsinə əsasən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə bir vəziyyətdə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu təqdirdə şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olmur. Yəni barəsində protokol tərtib edilmiş hazırkı şəxs İXM-nin 528.1-ci maddəsindəki inzibati xətanı törədən subyekt deyildir. İXM-nin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Şərh edilənləri nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(060)-3805/2021 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmə qanuni hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 105, 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış 3(060)-3805/2021 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar