Məhkəmə qərarları › İş №3(060)-3807/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-3807/2021

16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-3807/2021 16.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1, Onun müdafiəçisi Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Vəkil ştirakları ilə, Sumqayıt şəhər DYPŞ Polis X4 tərəfindən tərtib olunmuş 13.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X5 şikayətlə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər DYPŞ tərəfindən tərtib olunmuş 13.09.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X5 bildirdi ki, idarə etdiyi VAZ 21074 markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobillə 03 avqust 2021-ci il, saat 22:35 radələrində Corat qəsəbəsindən çıxaraq İ.Qayıbov küçəsinə daxil oldu. Məqsədi birinci yol ayrıcını keçib ikinci yol ayrıcından sola dönmək idi. Birinci yol ayrıcını keçib, ikinci yol ayrıcına daxil olan zaman sağ tərəfdən çox iti sürətlə xarici markalı avtomobilin yaxınlaşdığını gördü. O, hadisənin qarşısını almaq üçün avtomobili dayandırsa da, həmin avtomobilin sürücüsü hadisənin qarşısını almaq üçün heç bir tədbir görmədi. Nəticədə avtomobilimin qabaq sağ tərəfi ilə həmin avtomobilin sol tərəfi toqquşdu. Sonradan bildi ki, həmin avtomobil "İnfiniti 050" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobildir. Hadisə nəticəsində xəsarət alan olmasa da hər iki avtomobilə maddi zərər yetirildi. Hadisə yerinə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları gəldilər. Lakin onlar hadisə yerində demək olar ki, heç bir araşdırma aparmadılar. Sənədlərimizi götürüb, növbəti gün Dövlət Yol Polisi Şöbəsinə dəvət etdilər. Sonradan izahatlarımızı alıb, hadisə yerinin sxemini çəkdilər. Hadisə yerinin yaxınlığında "Təhlükəsiz şəhər" kamerası, eyni zamanda orada yerləşən mağazanın kamerası var idi. DYPŞ əməkdaşları həmin kameralardakı video görüntüləri götürərək, müvafiq araşdırma aparacaqlarını bildirsələr də, sonradan həmin görüntüləri gizlətdilər və ona heç bir görüntü göstərmədilər. Buna baxmayaraq, onun barəsində 04 avqust 2021-ci il tarixli, ******* saylı inzibati xəta protokolu tərtib edildi və inzibati tənbeh vermə haqqında 04 avqust 2021-ci il tarixli, TP ******* saylı qərar çıxarıldı. Halbuki inzibati xəta haqqında protokol onun barəsində deyil, digər nəqliyyat vasitəsini idarə edən şəxs barəsində çıxarılmalı idi. Belə ki, "Yol hərəkəti haqqında " Qanunun 50.1-ci maddəsinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. "İnfiniti 050" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü isə yaşayış məntəqəsində nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən yuxarı sürətlə sürdüyü üçün hadisənin qarşısını ala bilməyib. Belə olan halda hadisəni araşdıran orqan tərəfindən "Yol nəqliyyat hadisələri" üzrə ekspertiza təyin olunmalı idi. Lakin ekspertiza da keçirilmədi. Bundan sonra X5, Dövlət Yol Polisi Şöbəsinin əməkdaşının 04 avqust 2021-ci il tarixli həmin qərarından Sumqayıt Şəhər Məhkəməsinə şikayət verdi. Həmin məhkəmənin 20 avqust 2021-ci il tarixli qərarı ilə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşının 04 avqust 2021-ci il tarixli həmin qərarı ləğv edildi və inzibati xəta haqqında işə X1 iştirakı ilə yenidən baxılması üçün həmin qərar Sumqayıt şəhər Polis idarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərildi. Lakin həmin vaxtdan uzun müddət sonra X2 məlum oldu ki, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı həmin inzibati xəta işi üzrə X5 barəsində "İnzibati tənbeh vermə haqqında" 13 sentyabr 2021-ci il tarixli, TP ******* saylı yeni qərar çıxarmış və onu 60 (altmış) manat məbləğdə cərimələmişdir. Həmin qərarla tanış olarkən məlum oldu ki, tərəfindən həm İnzibati Xətalar Məcəlləsinin bütün tələbləri, həm də Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli qərarı tamamilə pozulmuş, həmçinin saxtakarlığa yol verilmişdir. Belə ki, tərəfindən qəbul edilmiş "İnzibati tənbeh vermə haqqında" qərardan görünür ki, həmin qərar 13 sentyabr 2021-ci ildə qəbul edilmişdir. Lakin, həmin qərarın surətinin X2 göndərildiyi zərfin üzərindəki tarixlərdən aydın olur ki, həmin qərar 17 noyabr 2021-ci il tarixdə yola salınmış və onun yaşadığı ərazinin poçt xidmətinə isə 18 noyabr 2021-ci il tarixdə daxil olmuşdur. İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinə əsasən həmin qərar qəbul edildikdən sonra 2 gün müddətində X2 göndərilməli idi. Əgər inzibati tənbeh vermə haqqında X5 barəsində olan həmin qərarı həqiqətən 13 sentyabr 2021-ci il tarixdə qəbul etmişdirsə, bu halda həmin qərarın surəti 2 gün müddətində göndərilməli idi. Lakin həmin qərarın göndərildiyi zərfin üzərindəki tarixdən də göründüyü kimi, İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinin tələbləri kobud qaydada pozulmuşdur. Yəni, 13 sentyabr 2021-ci il tarixli qərarın surəti verilməsi üçün 2 ay 4 gün sonra, yəni 17 noyabr 2021-ci il tarixdə poçta təqdim edilmişdir. Bundan başqa, qeyd olunan qərarın surətinin poçta 17 noyabr 2021-ci ildə təqdim olunması həmin qərarın arxa tarixə saxtalaşdırıldığını da deməyə əsas verir. Yəni, hesab edir ki, qeyd olunan qərar 13 sentyabr 2021-ci il tarixdə deyil, onun surətinin X2 təqdim olunması üçün poçta təqdim olunduğu vaxt, yəni 17 noyabr 2021-ci il tarixdə qəbul edilmiş, lakin həmin qərarın üzərində onun qəbul edilmə tarixi "13.09.2021-ci il" göstərilməklə məqsədli şəkildə saxtalaşdırılmışdır. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, hazırki inzibati xəta işi üzrə Dövlət Yol Polisi Şöbəsinin əməkdaşının bundan əvvəlki, 04 avqust 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, 3 (060)-2664/2021 saylı qərarında göstərilmişdir ki, hazırki qərar çıxarılarkən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuşdur. Belə ki, Sumqayıt şəhər DYPŞ tərəfindən iş üzrə bütün hallar araşdırılmamışdır. Protokolda və qərarda ümumi ifadələrdən istifadə edilmiş, işin konkret halları, inzibati xətanın hansı qaydada törədilməsi, bunun hansı sübutlarla təsdiq edilməsi və sair hallar konkret olaraq göstərilməmişdir. Hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması mümkün deyildir. Buna görə də məhkəmə həmin qərarı ləğv etmiş və işə onun iştirakı ilə və İnzibat Xətalar Məcəlləsinin tələblərinə əməl etməklə, yenidən baxılmasını tələb etmişdir. Lakin DYPŞ - nin əməkdaşı məhkəmə qərarında göstərilənlərin heç birinə əməl etməmişdir. Yəni, işin araşdırılmasında X1 iştirakını təmin etməmiş, bu barədə ona heç bir məlumat verməmiş İnzibati Xətalar Məcəlləsinin tələblərini və Sumqayıt Şəhər Məhkəməsinin öz qərarında qeyd etdiyi tələbləri yerinə yetirməmişdir. X5 bildirdi ki, onda olan məlimata əsasən "İnfiniti 050" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobil həmin vaxt inzibati xəta protokolunda qeyd olunan şəxs, yəni R.V.Qələndərli tərəfindən deyil, həmin gün avtomobildə olan başqa şəxs tərəfindən idarə olunub. Nəqliyyat hadisəsi baş verən kimi, həmin şəxs sükanı yanında oturan X3 verib. Həmin ərazidəki kameraların görüntülərinə baxış zamanı bunu asanlıqla görmək mümkün idi. Buna görə də DYPŞ əməkdaşı kameradakı görüntüləri dərhal götürməli, həmin görüntülərə əsasən yol hərəkəti qaydalarının hansı avtomobilin sürücüsü tərəfindən pozulduğunu müəyyən etməli, "İnfiniti 050" markalı, ** AA *** dövlət nömrə nişanlı avtomobilin kim tərəfindən idarə edildiyini, həmin şəxsin avtomobili idarə etmək hüququnun olub-olmadığını, həmçinin sərxoş vəziyyətdə olub-olmadığını müəyyən etməli idi. Lakin DYP əməkdaşı üzərinə düşən vəzifələrini icra etməmişdir. Video görüntülər isə məqsədli şəkildə gizlədilmişdir. İş üzrə heç bir araşdırma aparmadan, inzibati tənbeh vermə barədə 04 avqust 2021-ci il tarixli əvvəlki qərarı təkrarlamaqla kifayətlənmiş, bununla da həm İnzibati Xətalar Məcəlləsinin müvafiq tələblərini, həm də Sumqayıt Şəhər Məhkəməsinin 20 avqust 2021- ci il tarixli qərarında qeyd olunan göstərişlərini kobud qaydada pozmuş, həmçinin çıxardığı qərarın qəbul edilmə tarixini arxa tarixə göstərməklə saxtakarlığa yol vermişdir. Buna görə də həmin qərar ləğv edilməli və işin icraatma xitam verilməlidir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis mayoru X5 barəsində qəbul etdiyi "İnzibati tənbeh vermə haqqında" 13 sentyabr 2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxsin müdafiəçisi Vəkil barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 ifadəsinə uyğun izahat verərək Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşı, polis mayoru X5 barəsində qəbul etdiyi "İnzibati tənbeh vermə haqqında" 13 sentyabr 2021-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta üzrə işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Sumqayıt şəhər DYPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər DYPŞ tərəfindən iş üzrə bütün halları araşdırmamışdır. Protokolda və qərarda ümumi ifadələrdən istifadə edilmiş, işin konkret halları, inzibati xətanın hansı qaydada törədilməsi, bunun hansı sübutlarla təsdiq edilməsi və s. konkret olaraq göstərilməmişdir. Hal-hazırda həmin halların, həmçinin barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs tərəfindən qeyd edilən digər məsələlərin məhkəmə tərəfindən araşdırılması və aradan qaldırılması, iş üzrə yeni qərar qəbul edilməsi mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğundan qismən təmin edilməli, Sumqayıt Şəhər DYPŞ-nin inzibati xəta haqqında TP ******* saylı, 13 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilərək Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-yə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə olunması barədə Sumqayıt Şəhər DYPŞ-nin TP ******* saylı, 13 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin və qərar inzibati xəta haqqında işə yenidən, barəsində inzibati xəta haqqında qərar çıxarılan şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Sumqayıt Şəhər Polis İdarəsi DYPŞ-yə göndərilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar