Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-381/2025 19.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Protokol tərtib etmiş şəxsin nümayəndəsi – 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Azərsun Kağız və X2» ASC-nin etibarnamə üzrə nümayəndəsi “LCG” Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, «Azərsun Kağız və X2» ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən «Azərsun Kağız və X2» ASC barəsində 06 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Sumqayıt şəhəri, Bakı-Quba yolu kənarında yerləşən “Azərsun Kağız və X2” ASCnin X6 formalaşan tullantı suları təmizlənmədən Sumqayıtçaya axıdılması, müəssisənin sutəmizləyici qurğu olmadan istismar olunması faktı olmuşdur. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 3(060)-381/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən “Azərsun Kağız və X2” ASC Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanən törədilməsində təqsirli bilinərək 7500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, qeyd olunan qərardan hüquqi şəxs tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- 193/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən Sumqayıt şəhər Məhkəməsinin 3(060)-381/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş, material yenidən baxılması üçün birinci instansiya məhkəməsinə, yeni məhkəmə baxışı mərhələsinə qaytarılmış, apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X3 bildirdi ki, apellyasiya məhkəməsinin qərarına əsasən su nümunələrinin götürülməli olması qeyd olunmuş, lakin ASC-nin protokol tərtib edən orqanla razılaşdırdığı statistik hesabatlar vardır ki, orada göstərilir ki, müəssisənin çirkab suları Sumqayıtçaya axıdılır. Həmçinin orada hansı qurğularla təmin olunması ilə bağlı da cədvəldə öz əksini tapmışdır. Orada görünür ki, karton istehsalının mexaniki çökdürücü qurğusu vardır, bioloji təmizləyici qurğusu mövcud deyildir. Əraziyə baxış keçirilmiş, protokol və akt da həmin vaxt tərtib olunmuşdur. Sahibkarklıq sahəsində yoxlamalarla bağlı icazənin alınması çətin prosedurdur, yoxlama aparılan zaman müəssisənin içərisinə daxil olmamışlar, çöl hissədə araşdırma aparmışlar. Məhkəmədən hüquqi şəxs barəsində tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Vəkil bildirdi ki, tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən bütün nüanslar apellyasiya məhkəməsi tərəfindən məqbul hesab edilmişdir. Belə ki, qərarda qeyd olunur ki, su nümunəsi götürülməli, müəssisəyə baxış keçirilməli idi. Ümumiyyətlə ilk öncə sahibkarlıqla bağlı yoxlama qaydaları pozulmuşdur, buna görə də keçirilən yoxlama etibarsız hesab olunur. Bundan başqa bu işdə 4 məsələ aydınlaşdırılmalıdır. Birinci olaraq su obyektinə kənardan maddələr, tullantılar axıdılır, ikinicisi bu maddələr, tullantılar çirkli zərərli, su obyektini çirkləndirəcək tullantılardır, üçüncüsü həmin çirkli, zərərli tullantılar məhz həmin müəssisə tərəfindən axıdılır, dördüncüsü isə müəssisədə təmizləyici qurğunun olması. Bu məsələlər aydınlaşdırıldıqdan sonra inzibati xəta haqqında protokol tərtib olunmalıdır. Lakin hazırki iş üzrə ekologiya idarəsi əraziyə gələrkən yoxlamanı qeydiyyata aldırmamış, sadəcə Sumqayıtçaya tullantı sularının axıdılmasını görmüşlər. Həmin ərazidə başqa müəssisələr də fəaliyyət göstərir və çəkilmiş fotoşəkillərdən də görünür. Həmçinin müəssisə ilə faktın aşkar olunduğu ərazi arasında 4 km məsafə vardır. Orqan tərəfindən yalnız faktın şəkli çəkilmiş, heç bir su nümunələri götürülməmişdir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Sumqayıtçay kənarı ünvanında aparılmış monitorinq zamanı 88822 nömrəli, xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs «Azərsun Kağız və X2» ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, ilk növbədə səlahiyyətli orqan tərəfindən Azərsun Kağız və X2” ASC barəsində yoxlama tədbirləri aparılarkən bu barədə dövlət reyestrində heç bir qeydiyyat aparılmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Eyni zamanda Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında Azərbaycan Respublikası Qanununun müddəalarına görə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına baxmayaraq, səlahiyyətli orqan hüquqi şəxs barəsində yoxlama tədbirləri həyata keçirmiş, barəsində protokol tərtib edilmiş orqana yoxlama tədbirləri həyata keçirilməzdən qabaq reyestrdən müvafiq çıxarış təqdim olunmamışdır. Belə olduğu təqdirdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci madəsinə görə bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamanın hüquqi nəticəsi ola bilməz və “Azərsun Kağız və X2” ASC bununla bağlı inzibati məsuliyyətə cəlb edilə bilməz. Bundan başqa inzibati xəta faktının aşkar olunduğu ərazidə “Azərsun Kağız və X2” ASC-dən başqa müəssisələr də fəaliyyət göstərir. Lakin qeyd olunan tullantı sularının məhz “Azərsun Kağız və X2” ASC tərəfindən axıdılmasının nə ilə əsaslandırılması qeyrimüəyyəndir. İnzibati xətanın məhz “Azərsun Kağız və X2” ASC tərəfindən törədilməsini protokol tərtib etmiş orqan sübut edə bilməmişdir. Çünki su obyektinə atılan çirkli və zərərli suyun ətrafda fəaliyyət göstərən digər müəssisələr tərəfindən atılıb-atılmaması da işin şübhə doğuran məqamlarındandır, çünki Acıdərə kanalının ətrafında “Azərsun Kağız və X2” ASC-dən başqa kifayət qədər istehsalat müəssisələri fəaliyyət göstərir. Həmçinin “Azərsun Kağız və X2” ASC-yə baxış keçirilən zaman qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 94.1-ci maddəsinə əsasən inzibati xətanın baş verdiyi yerdə və ya fiziki şəxsin şəxsi axtarışı zamanı, yaxud onun əşyalarına və ya nəqliyyat vasitəsinə baxış zamanı aşkar edilmiş və iş üçün sübut əhəmiyyəti olan əşyaların və sənədlərin, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olan predmetin götürülməsi inzibati xəta haqqında iş üzrə icraatı aparan vəzifəli şəxs tərəfindən fasiləsiz videoçəkiliş aparılmaqla həyata keçirilir. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokol tərtib olunur. Həmin Məcəllənin 94.4-1-ci maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokolda fasiləsiz videoçəkilişdən istifadə barədə müvafiq qeyd aparılır və videoçəkilişi əks etdirən məlumat daşıyıcısı həmin protokola əlavə edilir. Həmin Məcəllənin 94.6-cı maddəsinə əsasən əşyaların və sənədlərin götürülməsi haqqında protokol onu tərtib etmiş vəzifəli şəxs, əşyaları və ya sənədləri götürülən şəxs tərəfindən imzalanır. Əşyaları və ya sənədləri götürülən şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahat vermək və protokolun məzmunu barədə öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 94.7-ci maddəsinə əsasən protokolun surəti, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, yaxud onun qanuni nümayəndəsinə təqdim edilir. Lakin protokolu tərtib edən orqan tərəfindən qeyd olunan tələblərə riayət edilməmişdir. Bundan başqa aktdan və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi Sumqayıtçaya axıdılan çirkab suların hansı mənbədən toplandığı, məhz “Azərsun Kağız və X2” ASC tərəfindən Sumqayıtçaya hər hansı formada çirkab su axıntısının həyata keçirilib-keçirilmədiyini müəyyən etmək mümkün deyildir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi, İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta tərkibinin əlamətlərinin yaranması üçün fiziki, vəzifəli və ya hüquqi şəxs tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi göstərilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 2 ünvanında olan «Azərsun Kağız və X2» ASC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-381/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-381/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver