Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-382/2025 11.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Term Kompaniyasının (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Term Kompaniyasının (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzaibati xəta haqqında protokola əsasən Term Kompaniyası tərəfindən Sumqayıt şəhəri, 44-cü məhəllə ərazisində aparılan tikinti işləri zamanı müxtəlif diametrli köküstə yaş halda 06 ədəd ağac DEEA-dən rəy, torpaq mülkiyyətçisinin qərarı və yaşıllığın götürülməsi vərəqi olmadan qanunsuz olaraq götürülmüşdür. İnzibati xəta haqqında protokolda sübut kimi xx.xx.2025-ci il tarixli 88812 saylı akta, fotoşəkillərə, Term Kompaniyasının xx.xx.2025-ci il tarixli məktubuna istinad edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında bildirmişdir ki, Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən 1.8577 hektar torpaq sahəsi Term Kompaniyasının icrarəsindədir və həmin torpaq sahəsində Term Kompaniyası tərəfindən tikinti işləri həyata keçirilir. Qeyd edilən torpaq sahəsinə xx.xx.2024-cü ildə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, ərazidə olan ağacların növü, sayı və diametrləri müəyyən edilərək aktlaşdırılmışdır. 05 fevral 2025-ci il tarixdə 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilərkən diametrləri müvafiq olaraq 4 santimetr, 12 santimetr və 16 santimetr olan üç ədəd göyrüc, diametrləri 14 santimetr olan iki ədəd armud və diametri 16 santimetr olan bir ədəd albalı ağacının X5 Agentliyinin rəyi, torpaq mülkiyyətçisinin qərarı və yaşıllığın götürülməsi vərəqi olmadan qanunsuz olaraq götürüldüyü müəyyən edilmişdir. Term Kompaniyasının direktoru 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı məktubda qeyd olunan ağacları texnikanın girişinə mane olduğu üçün götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 saylı Qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydaları”na əsasən dəymiş ziyanın hesabatı aparılmış və ümumilikdə 4800 manat ziyan məbləği hesablanmışdır. Həmçinin bildirmişdir ki, 05 fevral 2025-ci il tarixdə protokol tərtib edildikdən sonra da Term Kompaniyası tərəfindən ərazidə yaşıllıqlar məhv edilmişdir. Ona görə də 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən 25 fevral 2025-ci il tarixdə əraziyə təkrar baxış keçirilərək müvafiq akt tərtib edilmiş və bu dəfə yaşıllıqlara dəymiş ziyanın məbləği çox olduğu üçün material araşdırılması üçün Sumqayıt şəhər prokurorluğuna göndərilmişdir. Sumqayıt şəhəri, 44cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən 1.8577 hektar torpaq sahəsi xüsusi mülkiyyətdə olmasına və yaşayış mənətəqlərinin torpaqlarına aid olsa da həyətyanı torpaq sahəsi hesab edilmədiyi üçün həmin torpaq sahəsində olan yaşıllıqlara vurulmuş ziyana görə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilməlidir. Göstərilən halları nəzərə alaraq Term Kompaniyasının Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Term Kompaniyasının nümayəndəsi və vəkili Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, qeyd edilən ərazi Term Kompaniyasının təsisçisi X1 xüsusi mülkiyyətindədir, ərazi yaşayış məntəqlərinin torpağıdır və həmin ərazidə olan bütün ağaclar X4 tərəfindən əkilmişdir. Orada olan heç bir ağac yaşıllıq fonduna aid deyil. X4 mülkiyyətində olan torpaq sahəsini təsisçisi olduğu Term Kompaniyasının icarəsinə vermişdir. Belə olan halda həmin ərazidə olan hər hansı ağacın götürülməsinə görə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu tətbiq edilə bilməz. Belə ki, həmin Qanunun 3-cü maddəsinə əsasən bu qanun xüsusi mülkiyyətdə olan həyətyanı torpaqlara şamil edilmir. Bundan əlavə bildirmişdir ki, tikinti ilə əlaqədar ərazidə götürülmüş bir neçə ağacın yerinə daha artıq sayda ağaclar da əkilmişdir. Göstərilən halları nəzərə alaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Term Kompaniyasının barəsində Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 05 fevral 2025-ci il tarixli 88812 nömrəli aktdan görünür ki, Sumqayıt şəhəri, 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında Term Kompaniyası tərəfindən mağaza binası və banket zalının tikintisi ilə əlaqədar diametrləri müvafiq olaraq 4 santimetr, 12 santimetr və 16 santimetr olan üç ədəd göyrüc, diametrləri 14 santimetr olan iki ədəd armud və diametri 16 santimetr olan bir ədəd albalı ağacının X5 Agentliyinin rəyi, torpaq mülkiyyətçisinin qərarı və yaşıllığın götürülməsi vərəqi olmadan qanunsuz olaraq götürüldüyü müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X5 Agentliyinin xx.xx.2024-cü il tarixli rəyinin 2-ci bəndindən görünür ki, Term Kompaniyasının sifarişi əsasında “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış və Azərbaycan Respublikası Dövlət Şəhər Salma və Arxitektura Komitəsi Tikinti- Planlaşdırma Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə razılaşdırılmış layihə sənədinə əsasən ərazidə baş plan üzrə iki mərtəbəli gündəlik xidmət (mağaza) binası və yüngül konstruksiyalı banket zalı tikiləcək, zibil qutuları qoyulacaq, abadlaşdırma və yaşıllaşdırma işləri aparılacaqdır. İş materiallarında olan Term Kompaniyasının 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanladığı 03 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Term Kompaniyası tərəfindən əkilmiş yaş halda müxtəlif diameterli 02 ədəd göyrüc və 03 ədəd meyvə ağacı texnikanın girişinə mane olduğundan tərəflərindən götürülmüş və onların yerinə həmişə yaşıl ağaclar əkilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 44-cü məhəllə ərazisində 1.8577 hektar torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir və ərazi yaşayış məntəqlərinin torpağıdır. İş materiallarına əlavə edilmiş X3 Dövlət Reyestrindən çıxarışdan görünür ki, Term Kompaniyasının təsisçisi X2r (təsis payı 100%). İş materiallarına əlavə edilmiş icarə müqaviləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ********** nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən 1.8577 hektar torpaq sahəsi X4 tərəfindən Term Kompaniyasına icarəyə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt şəhəri 44-cü məhəllə, Bakı küçəsi 37 ünvanında yerləşən 1.8577 hektar torpaq sahəsi X1 xüsusi mülkiyyətindədir və həmin torpaq sahəsi X1 özünün təsisçisi olduğu Term Kompaniyasına icarəyə verilmişdir. Qeyd edilən ərazidə baş plan üzrə iki mərtəbəli gündəlik xidmət (mağaza) binası və yüngül konstruksiyalı banket zalı tikilməsi üçün Term Kompaniyası tərəfindən tikintiyə icazə alınmış və layihə sənədləri Azərbaycan Respublikası Dövlət Şəhər Salma və Arxitektura Komitəsi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə razılaşdırılmışdır. Bunda sonra əraziə tikinti işlərinin aparılması ilə əlaqədar Term Kompaniyası tərəfindən diametrləri müvafiq olaraq 4 santimetr, 12 santimetr və 16 santimetr olan üç ədəd göyrüc, diametrləri 14 santimetr olan iki ədəd armud və diametri 16 santimetr olan bir ədəd albalı ağacı götürülmüşdür. Həmin ağacların mağaza binası və banket zalının tikintisi ilə əlaqədar götürülməsi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 05 fevral 2025-ci il tarixli 88812 nömrəli aktda da göstərilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə Term Kompaniyasının əməlində Azərbaycan Respublikası İXM-in 253.3.1-ci maddəsinin tərkibi yaranmamışdır. Belə ki, ağacların kəsildiyi ərazi yaşayış mənətəqələrini torpaqlarına aiddir, həmin ərazi Term Kompaniyasının təsisçisinin xüsusi mülkiyyətindədir, təsisçi tərəfindən Term Kompaniyasına icarəyə verilmişdir. Ərazidə tikinti işlərinin aparılması üçün Term Kompaniyası tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq tikintiyə icazə sənədi alınmış və tikinti işlərinin həyata keçirilməsi ilə əlaqədar altı ədəd ağac ərazidən götürülmüşdür. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən bu Qanun meşə fonduna daxil olan və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair29 noyabr 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, yaşayış məntəqələrinin torpaqlarındakı digər yaşıllıqların, habelə xüsusi mülkiyyətdə olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki yaşıllıqların kəsilməsi (götürülməsi) məsələsinə gəlincə isə qeyd olunmalıdır ki, Meşə Məcəlləsinin 12-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən yaşıllıqlar, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən yaşıllıqlar üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. Həmin qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57, 83.0.6 və 85.4-cü maddələri ilə müəyyən olunmuş tələblərə riayət edilməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintiyə icazənin verilməsi həmin ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir. Azərbaycan Respublikası İXM-in 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 253.3.1-ci maddəsinə əsasən eyni inzibati xəta şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kolların məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Term Kompaniyasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-382/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-382/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver