Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-383/2021 29.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Qubadlı rayonunun Xocahan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, subay, Qubadlı rayonu, Xocahan ərazi dairəsi, Xocahan kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Şəfa sanatoriyası, ev 102-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala və xx.xx.2021-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs müxtəlif vaxtlarda mütəmadi olaraq vətəndaş Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək onun şərəf və ləyaqətini alçaldan hərəkətlər etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətaya yol vermişdir. Məhkəmə iclasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 bildirdi ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli ərizəsi daxil olmuş və öz ərizəsində Dinar adlı şəxsin telefonda nalayiq ifadələr işlədərək onu narahat etdiyini və hədələdiyini göstərmişdir. Buna görə də, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, özünü təqsirli bilmir. 20 ildir ki, “Qlas haus” şirkətində usta işləyir, sənəti şüşəçilikdir. O, Zərərçəkmiş şəxs təxminən 1 ildir ki, tanıyır. 5-6 ay əvvəl həmin qadın ona zəng edərək evinin pəncərələrinə şüşə salmaq lazım olduğunu demişdir. O, gedib şüşələri salsa da, bunun müqabilində ona pul ödənilməmişdir. O, həmin qadınla tanış olmuş, dəniz kənarına hava almağa da getmişlər. Ona evini təmir etmək üçün pul vermiş, həmin qadın pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs onun barəsində dedikləri yalandır. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, evlərinin pəncərəsinin şüşəsini düzəltdiyi üçün Dinarı tanıyır. Dinar evin pəncərələrini düzəltmək üçün ondan 30 manat alacağını bildirmiş, o razılaşmış və pəncərələri düzəltmək qərarına gəlmişdir. O, Çinarla birlikdə Saray qəsəbəsində yerləşən evlərinə getmişdir. Dinar pəncərələri düzəltmiş, lakin ondan pul götürməmişdir. Bir gün sonra Dinarla telefonla danışmış və onlar görüşmək qərarına gəlmişlər. O, Dinarla Sumqayıt şəhərində görüşmüş və onlar avtomobilə əyləşərək dəniz kənarına getmişlər. Dinar maşında ona əl-qol hərəkətləri atmağa başlamış, o, narazılığını bildirmişdir. O, maşından düşüb getmək istəyərkən Dinar zorla onu maşına mindirmişdir. O, Dinarı aldadaraq sabah görüşəcəkləri barədə söz vermişdir. Bir gün sonra Dinar ona zəng edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Dinar müxtəlif nömrələrdən onu narahat etməyə başlamışdır. Bu kimi hədəqorxu və şantajlar bugünə qədər davam edir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs barəsində tərtib edilmiş protokolda onun zərərçəkmiş şəxsə məxsus mobil telefona zəng edərək onu və onun anasını nalayiq ifadələrlə söydüyü, təhqir etdiyi qeyd olunsa da, telefon vasitəsi ilə nalayiq ifadələrin işlədilməsi ictimai xarakerli hesab edilmədiyindən hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Tərtib edilmiş protokoldan və materialdan görünür ki, Şəxs tərəfindən telefon vasitəsilə nalayiq ifadələr işlədilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində həmin maddə ilə protokol tərtib edilməsi üçün onun tərəfindən ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə yol verilməliydi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu onun məsuliyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Amma yuxarıda qeyd edildiyi kimi, Şəxs tərəfindən nalayiq ifadələr (söyüşlər) ictimai yerdə işlədilməmiş, ictimai qayda pozulmamış, onun qəsdi ictimai qaydanın pozulmasına yönəlməmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «…şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edəndə hazırkı iş üzrə hər hansı ictimai qayda pozulmadığı, xırda xuliqanlıq edilmədiyi qənaətinə gəlinir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Zərərçəkmiş şəxsə şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərər və ya digər iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Zərərçəkmiş şəxsə şərəf və ləyaqətin müdafiəsi, mənəvi zərər və ya digər iddia tələbi ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №3(060)-383/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-383/2021
29.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver