Məhkəmə qərarları › İş №3(060)-384/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-384/2022

16.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-384/2022 16.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Məmmədovun sədrliyi, məhkəmə iclas katibi Aslan Haqverdi oğlu İsgəndərovun katibliyi ilə, xx.xx.1994-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 333.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhər polis idarəsi dövlət yol polisi şöbəsinin inspektoru, polis kapitanı Fariz Ramazanzadə tərəfindən 20.01.2022-ci il tarixdə inzibati xəta haqqında AP № ******* protokol tərtib olunmuşdur ona görə ki, BC008308 saylı sürücülük vəsiqəsi ilə **-EC-*** dövlət qeydiyyat nişanlı “Chevrolet” markalı avtomobili idarə edən xx.xx.1994-cü ildə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan sürücü Şəxs Sumqayıt şəhəri, Sahil küçəsində hərəkətdə olan zaman işıq cihazından düzgün istifadə etmədən avtomobili idarə etdiyi üçün saxlanıldı. Yoxlama zamanı sərxoş halda (spirtli içkinin təsiri altında) olduğu aşkarlanmışdır. Sumqayıt şəhər polis idarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 329.3 və 333.1-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi ilə bağlı toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 04.02.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. İnzibati xəta haqqında işə baxılması 16 fevral 2022-ci ilə təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt şəhər polis idarəsi Dövlət yol polis bölməsinin nümayəndəsi və inzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclasına gəlmədiyindən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə İXM-nin 43-cü maddəsinə əsasən qeyd edir ki, Şəxs oğlunun əməli 333.1ci maddədən əlavə İXM-nin 329.3-cü maddəsi ilə də tövsif edilmiş və həmin növ inzibati xətaya baxılması məhkəmənin səlahiyyətinə deyil, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olduğundan hazırkı iş üzrə onun İXM-nin 329.3-cü maddəsi ilə məsuliyyət məsələsinə baxıla bilməz. Şəxs İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında AP0193821 №li 20.01.2022-ci il tarixli protokolla sübuta yetirilir. Belə ki, həmin protokoldan müəyyən olunur ki, Şəxs müayinə vaxtı (20.01.2022-ci il) spirtli içkinin təsiri altında olmuşdur. Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə edilməsi haqqında protokol hal şahidləri Ağadadaş Zeynalovun və Fazil Məmmədovun iştirakı ilə tərtib edilmişdir. İXM-nin 69.2-ci maddəsinə əsasən şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 333.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmalıdır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32 və 33-cü maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmasını məqsədə müvafiq hesab edir. İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 114.1.1, 115, 129 və 124-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinsin və onun nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar