Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-384/2023 10.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil1, Tələbkar – Zərərçəkmiş şəxs və onun vəkili Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətaya dair protokola açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Zəngilan rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli və xx.xx.2019-cu il tarixli icra sənədləri üzrə toplanmış 10378 manat aliment borcu üzrlü səbəb olmadan ödənilməmişdir. Tərtib olunmuş inzibati xəta haqqında protokol Sumqayıt şəhər Məhkəməsinə daxil olmuş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasında çıxış edən protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirdi ki, Zəngilan rayon Məhkəməsinin 2(034)-1064/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 13 fevral 2017-ci il təvəllüdlü X6, 16 oktyabr 2009-cu il təvəllüdlü X4 və 05 may 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 02 avqust 2017-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 136 manat, 60 qəpik, cəmi 409 manat 80 qəpik sabir pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Bundan sonra Zəngilan rayon Məhkəməsinin 2(034)-156/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment X5 ödənilməlidir. Hazırda icra sənədləri üzrə toplanmış 10378 manat aliment borcu üzrlü səbəb olmadan ödənilməmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Borclu izahatında səhhəti ilə bağlı ödəniş edə bilmədiyini bildirmişdir. Həmçinin borclu dekabryanvar aylarında 1300 manat ödəniş etmişdir. Odur ki, Məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında izahat verən barəsində protokol tərtib edilmiş şəxs Şəxs bildirdi ki, Məlikova (Kərimova) Elnarə Eldar qızı ilə 8-9 ay birlikdə yaşamışlar. O dövrdən başqa qalan vaxtlarda ödəniş edə bilməmiş, borclar yığılmışdır. Birlikdə yaşadıqları dövrdə uşaqların saxlanmasında iştirak etmişdir. Hazırda imkanı olduqca ödənişlər edir. 5 ildir xəstəliyi vardır. İİ dərəcə əlilliyi olan şəxsdir. 2022-ci ilin may ayından əlilliyi olan şəxs kimi təqaüd alır. Nəzərə alınmasını Məhkəmədən xahiş edir. Müdafiəçi Vəkil1 bildirdi ki, borclu barəsində tərtib edilmiş protokolla razı deyildirlər. Şəxs son dörd ayda 1300 manat ödəniş etmişdir. Həmçinin borclu tələbkarla 8 ay birlikdə yaşamış və həmin dövrdə borcun silindiyini düşünmüşdür. Tərəflər yenidən ayrıldıqdan sonra tələbkar şikayət etməyə başlamışdır. Buna görə də yığılmış aliment borcunun silinməsi ilə bağlı iddia qaldırmışlar. Eyni zamanda Şəxs İİ dərəcə əlilliyi olan şəxsdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, xadimə işləyir, aylıq 500 manat gəliri vardır. 3 uşağın saxlanmasında çətinlik çəkir. Borclu ilə birlikdə yaşadıqları zaman borclu onun maaş kartını əlindən almış, onunla yaxşı rəftar etməmiş, 8 aydan sonra onu döyərək evdən qovmuşdur. Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında tələbkarın vəkili Vəkil2 bildirdi ki, icra sənədlərinin icra olunmamasında kifayət qədər qərəz vardır. Borc 10000 manatdan yuxarıdır. Məhkəmədən borclu barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə protokol tərtib etmiş və barəsində protokol tərtib edilmiş şəxsi, müdafiəçini dinləyib, iş materiallarını araşdıraraq belə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi vardır və o inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Zəngilan rayon Məhkəməsinin 2(034)- 1064/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən 13 fevral 2017-ci il təvəllüdlü X6, 16 oktyabr 2009-cu il təvəllüdlü X4 və 05 may 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün 02 avqust 2017-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşaq üçün 136 manat, 60 qəpik, cəmi 409 manat 80 qəpik sabir pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Bundan başqa Zəngilan rayon Məhkəməsinin 2(034)-156/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Zəngilan rayon Məhkəməsinin 2(034)-1064/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək Şəxs xx.xx.2007-ci il X6, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 480 manat sabit pul məbləğində aliment X2 xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-886/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 8(060)-180/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadına əsasən Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Şəxs 11178 manat borcun ödənilməsindən azad edilməsi barədə iddia ərizəsi ilə Zəngilan rayon Məhkəməsinə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi PHŞ 1 nömrəli xəstəxana poliklinika şöbəsi tərəfindən verilmiş çıxarışdan və Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Şəxs İİ dərəcə əlilliyi vardır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görəfiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs hansı növ inzibati tənbeh tətbiq edilməsi məsələsini həll edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, əlillik dərəcəsini və təqsirinin dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №3(060)-384/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-384/2023
10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver