Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-384/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: X3, Məhkəmə iclas katibi: X4, Protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası X11 Sərvətlər Nazirliyi 4 saylı Regional X11 Sərvətlər idarəsinin etibarnamə üzrə nümayəndəsi: X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi “De Fendo” Vəkil Bürosunun vəkili: Vəkil iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası X11 Sərvətlər Nazirliyi 4 saylı Regional X11 Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası X11 Sərvətlər Nazirliyi 4 saylı Regional X11 Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində 04 fevral 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Smqayıt şəhəri, 76-cı məhəllədə yerləşən Şəxs MMC-yə məxsus istehsalat sahəsində formalaşan tullantı suları təmizlənmədən “Acı Dərə” kanalına axıdılması, müəssisə sutəmizləyici qurğu olmadan istismar olunur. Buna görə də İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır. Məhkəmə iclasında protokol tərtib etmiş şəxsin nümayəndəsi X8 bildirdi ki, protokolun tərtib olunmasına əsas Şəxs MMC-də formalaşan çirkab sularının təmizlənmədən birbaşa Acı Dərə kanalına axıdılması faktı olmuşdur ki, dolasıyı ilə Acı Dərə kanalı vasitəsi ilə Xəzər dənizi çirkləndirilir. Acı Dərə kanalı 1950-ci ildə çəkilmiş torpaq kanaldır, bir hissəsi, yəni Sumqayıt şəhər ərazisindən keçən hissəsi betonlanmışdır. Acı Dərə kanalının təyinatı ərazidə formalaşan çirkab sularının yığılaraq oradan uzaqlaşdırılması, Xəzər dənizinə yönləndirilməsidir. Həmin kanal "xxxx" ASC-nin balansında deyildir, lakin inzibati araşdırma zamanı və digər müəssisələrlə aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, "xxxx" ASC həmin müəssisələrdən hər kubmetrə görə 1 manat məbləğində çirkab suyunun utilizasiyasını həyata keçirmək üçün müqavilələr bağlamışdır. Halbuki "xxxx" ASC həmin müəssisələrin çirkab sularının utilizasiyası ilə bağlı hər hansı xidmət göstərmir. "xxxx" ASC-nin onlarda rəsmi arayışı vardır ki, Acı Dərə kanalı onların balansında deyildir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Vəkil təqdim etdiyi etiraz ərizəsini müdafiə edərək hüquqi şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Şəxs MMC şirkəti olaraq uzun müddətdir fəaliyyət göstərir. Şirkətləri fəaliyyət göstərdiyi dövrdə bütün vergiləri, kommunal xidmətlərə görə ödənişləri və digər icbari ödənişləri nümunəvi sahibkarlıq subyekti kimi vaxtı vaxtında ödəyir. Bu günədək hər hansı bir dövlət orqanları ilə problem yaşanmamışdır. Fəaliyyətləri dövründə xeyli sayda işçiləri olmuşdur və onların da qanunvericiliyin tələblərinə müvafiq olaraq bütün sosial ödənişləri təmin olunmuşdur və hər biri ilə qanunvericiliyin tələblərinə uyğun olaraq əmək müqaviləsi bağlanmış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmışdır. 2022-ci ilin dekabr ayında "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi ilə aramızda Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 46526320 saylı müqavilə bağlanmışdır. Sözü gedən müqavilə üzrə bütün ödənişlər vaxtı vaxtında aidiyyatı üzrə ödənilmişdir. Həmçinin Azərbaycan Respublikası X11 Sərvətlər Nazirliyi X2 MMC ilə 26/208-24 saylı müqavilə imzalanaraq təhlükəli tullantıların İcraçı tərəfindən utilizasiyası va zərərsizlaşdirilməsi və “A.S. Eco Logistics" MMC ilə ASEL-AZCTD/018-24 saylı müqavilə imzalanaraq həmin tullantıların daşınması həyata keçirilir və göstərilmiş xidmətə görə də ödənişlər həyata keçirilir. Daha sonra Azərbaycan Respublikası X11 Sərvətlər Nazirliyi 4 saylı Regional X11 sərvətlər İdarəsi tərəfindən 2025-ci ilin fevral ayında onlara bildirmədən qanunsuz olaraq dırnaq arası araşdırma apararaq barələrində inzibati icraat başlamışlar. Yuxarıda qeyd etdikləri ilə bağlı bildirmək istəyirlər ki, qanunsuz başlanmış inzibati icraatı başlamış şəxslər hər hansı araşdırma aparmamış və onları şirkət olaraq məlumatlandırmamışlar. Halbuki, Azərbaycan Respublikası X11 Sərvətlər Nazirliyi 4 saylı Regional X11 sərvətlər İdarəsinin əməkdaşları hər hansı araşdırma aparsaydılar, onlara məlum olardı ki, "xxxx" MMC olaraq istehsalat sahəsində formalaşan tullantılar “Acı Dərə” kanalına axıdılmır. Əksinə istehsalat sahəsində formalaşan tullantılar ASEL- AZCTD/018-24 müqaviləyə uyğun olaraq müəssisəyə aid beton şambodan daşınır. Bu halları araşdırmadan Azərbaycan Respublikası X11 Sərvətlər Nazirliyi 4 saylı Regional X11 sərvətlər İdarəsinin əməkdaşları qanunsuz olaraq barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.01.5-ci maddəsinə əsasən MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərmişlər. Aşağıdakı səbəblərdən hesab edirlər ki, Azərbaycan Respublikası X11 Sərvətlər Nazirliyi 4 saylı Regional X11 sərvətlər İdarəsinin əməkdaşları tərtib etdiyi protokol qanunsuz və əsassızdır. Ona görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.01.5-ci maddəsinə əsaslanaraq tərtib edilmiş İnzibati Xəta haqqında protokol başlanmış inzibati icraata xitam verilməlidir. Möhtərəm Hakim! Qeyd olunanlardan və iş materiallarına əlavə edilmiş sənədlərdən və izahatlardan açıq-aydın görünür ki, tərəflərindən hər-hansı inzibati hüquq pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası X11 Sərvətlər Nazirliyi 4 saylı Regional X11 sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qeyri-obyektiv araşdırma aparılaraq əsassız olaraq protokol tərtib olunmuşdur. Göründüyü kimi, "xxxx" ASC-nin Sumqayıt Sukanal İdarəsi ilə aralarında Su təhçizatı və tullantı sularının axıdılması xidmətlərinə dair 46526320 saylı müqavilə bağlanmışdır. Sözü gedən müqavilə üzrə bütün ödənişlər vaxtı vaxtında aidiyyatı üzrə ödənilmişdir. Həmçinin ASEL-AZCTD/018-24 saylı müqavilə imzalanaraq tullantıların daşınması həyata keçirilir və göstərilmiş xidmətə görə də ödənişlər həyata keçirilir, həmçinin 26/208-24 saylı müqaviləyə müvafiq olaraq sözü gedən tullantıların utilizasiyasına görə də bütün ödənişlər vaxtında ödənilmişdir. Belə olan halda iş materiallarında da göründüyü kimi, Azərbaycan Respublikası X11 Sərvətlər Nazirliyi 4 saylı Regional X11 sərvətlər İdarəsinin tərəfindən icraata xitam verilməli olduğunu bilə-bilə qanunsuz olaraq inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişlər. Bildiyiniz kimi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinin tələblərinə gürə İnzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar mövcuddur. Həmin məcəllənin 53.1.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda, həmin məcəllənin 53.1.2-ci maddəsinin tələblərinə görə isə inzibati xəta tərkibi olmadıqda hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1- ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 18-ci maddəsinə əsasən Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsində inzibati qanunvericiliyin prinsiplərindən bəhs olunur. Belə ki, Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6-cı maddəsində bəhs olunan qanunçuluq prinsipinə əsasən, inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Bu prinsipə əsasən, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirməlidirlər. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipinin əsasını təşkil edən Konstitusiyanın 12-ci maddəsinin İ hissəsinə, 71-ci maddəsinin İ və X hissələrinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın qeyd olunan normaları insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin şərh edilməsinə dair" 31 yanvar 2017-ci il tarixli qərarında göstərilir ki, “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələrinin həyata keçirilməsində qanunçuluq prinsipi xüsusi əhəmiyyətə malikdir. İnzibati Xətalar Məcəlləsinin qanunçuluq prinsipindən bəhs edən 6-cı maddəsinə görə, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İnzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsini rəhbər tutaraq Məhkəmədən Azərbaycan Respublikası X11 Sərvətlər Nazirliyi 4 saylı Regional X11 sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 264.01.5-ci maddəsinə əsaslanaraq tərtib edilən 04 fevral 2025-ci il tarixli İnzibati Xəta haqqında MN № ******* saylı protokolla başlanmış inzibati icraata xitam verilməsi barədə Qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 4 saylı Regional X11 Sərvətlər İdarəsi tərəfindən Sumqayıt şəhəri, 76-cı məhəllə Şəxs MMC ünvanında aparılmış monitorinq zamanı 88811 nömrəli, xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Monitorinq zamanı çəkilmiş fotoşəkillər iş materiallarına əlavə edilmişdir. - Şəxs MMC ilə X11 Sərvətlər Nazirliyi “X2” MMC arasında təhlükəli tullantıların utilizasiyası və zərərsizləşdirilməsi ilə bağlı 24 oktyabr 2024-cü il tarixli 26/208-24 saylı müqavilə bağlanılmışdır. - Şəxs MMC ilə "xxxx" MMC arasında daşıma xidmətlərinin yerinə yetirilməsi ilə bağlı 24 oktyabr 2024-cü il tarixli, ASEL-AZCTD/018-24 nömrəli müqavilə bağlanmışdır. - yükün/tullantının təhvil verilməsi haqqında qəbzlərdən görünür ki, müxtəlif tarixlərdə və sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Az Logistica tərəfindən Azercathode MMC-dən elektrolid məhlulu-10,00 m3 həcmində təhlükəli maye TİM MMC-yə daşınmışdır. - Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalardan çirkab suların axıdılmasının tənzimlənməsi və bunun müqabilində xidmət haqqıının ödənilməsi müəyyən olunmu.dur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Belə ki, aktdan və iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi quyuda olan çirkab suların hansı mənbədən toplandığı, hansı boruya birləşdiyi, məhz Azercathode MMC tərəfindən Acı Dərə kanalına hər hansı formada çirkab su axıntısının həyata keçirilib-keçirilmədiyini müəyyən etmək mümkün deyildir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir Bundan başqa iş materiallarından da göründüyü kimi Şəxs MMC ilə Azərbaycan Respublikası X11 Sərvətlər Nazirliyi X2 MMC arasında 26/208-24 saylı müqavilə imzalanaraq təhlükəli tullantıların icraçı tərəfindən utilizasiyası va zərərsizləşdirilməsi və “A.S. Eco Logistics" MMC ilə ASEL-AZCTD/018-24 saylı müqavilə imzalanaraq həmin tullantıların daşınması həyata keçirilir və göstərilmiş xidmətə görə də ödənişlər həyata keçirilir. Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə-fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi, İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta tərkibinin əlamətlərinin yaranması üçün fiziki, vəzifəli və ya hüquqi şəxs tərəfindən su obyektlərinin mühafizəsi qaydalarının pozulması, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi göstərilmişdir. Məhkəmə hesab edir ki, tərtib edilmiş həmin akt və həmin ünvanda çəkilmiş fotoşəkillər əsasında Şəxs MMC-ni həmin maddə inzibati məsuliyyətə cəlb etmək olmaz, əksinə hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığ üçün başlanmış inzibti xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən ilk növbədə məhkəmə qeyd edir ki, Şəxs MMC tərəfindən təqdim edilmiş və həmin MMC ilə X11 Sərvətlər Nazirliyi "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü iltarixli müqavilədən görünür ki, Sifarişçi tərəfindən təhvil verilən təhlükəli tullantıların İcraçı tərəfindən utilizasiyası və zərərsizləşdirilməsi həyata keçiriləcəkdir. İcraçı bu müqavilədə olan tapşırığa uyğun olaraq təhlükəli tullantıların utilizasiya edilməsini və zərərsizləşdirilməsini öz öhdəsinə götürür. Sifarişçi təlükəli tullantıların utilizasiya edilməsinə görə müvafiq məbləği ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndində sifarişçinin təhlükəli tullantıların müvafiq qaydada qablaşdırılmasını, nəqliyyat vasitəsinə yüklənməsini və İcraçının sahəsinə çatdırılmasını təmin etmək ödəliyini üzərinə götürməsi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı protokol tərtib edilmiş orqanının nümayəndəsi qeyd olunan müqavilənin tərəfi olan X11 Sərvətlər Nazirliyi "xxxx" MMC-nin X11 Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərməsini təsdiq etmişdir. Həmçinin məhkəmə tərəfindən sözügedən Şəxs MMC-nin yerləşdiyi əraziyə tərəflərin iştirakı ilə yerli baxış keçirilmiş və yerli baxış zamanı müəyyən olunmuşdur ki: - Protokol tərtib etmiş şəxs X1-sual zamanı Şəxs MMC-də formalaşan çirkab sularının təmizlənmədən birbaşa Acı Dərə kanalına axıdılmasını təsdiq edəcək mötəbər sübutu göstərə bilmədi, bundan əlavə çikab sularının axıdılmasının mənbəyini müəyyən edə bilmədi. - Bundan başqa xx.xx.2025-ci il tarixdə tullantı-çirkab sularının təmizlənmədən birbaşa “Acı dərə” Kanalına boru vasitəsilə axıdılması faktı aşkar olunması və bununla bağlı müvafiq akt tərtib olunsa da, protokol tərtib etmiş şəxs Şəxs MMC-dən boru vasitəsilə kanala su axıdılmasını, qeyd olunan borunun ümumiyyətlə mövcudluğunu göstərə bilmədi. Digər bir boru ilə bağlı isə həmin borudan axıdılan çirkab suların mənbəyinin Şəxs MMC-dən başlanmasını, həmin ərazidən keçərək “Acı dərə” Kanalına axıdılmasını təsdiq edəcək hər hansı bir dəlilini təqdim edə bilmədi. - Şəxs MMC-nin həyətində şambo quraşdırılmış, həmin şamboya yığılan əlavə çirkab suların utilizasiyası üçün müqavilə bağlandığı da məhkəməyə təqdim olunmuş xidmət müqaviləsi ilə öz təsdiqini tapmışdır. Göründüyü kimi Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi öz təsdiqini tapmır, məhkəmə belə qənaətə gəlir ki, barəsində protokol tərtib edilmiş hüquqi şəxsin hərəkətlərində həmin maddə ilə inzibati xəta tərkibi olmadığı üçün başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Su Məcəlləsinin: - 77-ci maddəsinə əsasən sənaye, kommunal, məişət, drenaj sularının və digər tullantı suların axıdılması üçün su obyektlərindən istifadə edilməsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığı ilə yol verilə bilər. Tullantı suların axıdılması üçün su obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. - 78-ci maddəsinə əsasən tullantı suların su obyektlərinə axıdılmasına yalnız o hallarda yol verilir ki, həmin su obyektlərində çirkləndirici maddələrin miqdarının müəyyən edilmiş normalardan artıq olmasına gətirib çıxarmasın və su obyektlərindən istifadə edənlər tullantı sularını təmizləyib müəyyən edilmiş normalara çatdırsınlar. İçməli su mənbəyi kimi istifadə edilən və ya içməyə yararlı yeraltı suları qidalandıran sututarlara tullantı suların axıdılması qəti qadağandır. Göründüyü kimi məhkəmə tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilən zaman şambodan çirkab sularının daşınması barədə müqavilə, ödəniş qəbzləri ilə çirkab suların Su Məcəlləsinə uyğun olaraq germetik (beton) şambolarda yığıldıqdan sonra xüsusi texnika vasitəsi ilə təmizləyici qurğulara daşınması təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin: - 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. - 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Sözügedən halları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 2, ev 2/33, mənzil 45 olan Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №3(060)-384/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-384/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver